Azərbaycanda nağdsız ödənişlər 61% artıb, ATM ödənişlərində rekord qeydə alınıb İqtisadiyyat

Azərbaycanda nağdsız ödənişlər 61% artıb, ATM ödənişlərində rekord qeydə alınıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 5,194 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1% artıb.

Sözügedən nağdsız ödənişlərin 316 mln. manatı ATM-lər, 2,105 mlrd. manatı POS-terminallar, 2,773 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

İyul ayında isə 881 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib, bu isə iyun ilə müqayisədə 6,9% çoxdur. İyul ayında nağdsız ödənişlərin 59 mln. manatı ATM-lər, 341 mln. manatı POS-terminallar, 481 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, iyulda ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni rekord qeydə alınıb.