“Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı fəlakətlərdən xilas edib”-Musa Qasımlı Siyasət

“Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı fəlakətlərdən xilas edib”-Musa Qasımlı

"2020-ci ildə “Xankəndiyə niyə girmədik” deyərək hökuməti ittiham edirdilər. Halbuki bu gün bütün dünyanın dəstəklədiyi Ukraynadan fərqli olaraq, Azərbaycanın yanında sadəcə Türkiyə var idi. Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin addımları ölkəmizi mümkün geosiyasi kataklizmlərdən sığortaladı.
Azərbaycanın vətən müharibəsindən öncə və sonra apardığı siyasəti Ukraynada baş verən hadisələr kontekstində necə şərh etmək olar?
Millət vəkili Musa Qasımlı xalqcəbhəsi.az-a açıqlamasında bildirdi ki, belə fikirlərin heç bir əsası yoxdur: “Çünki Azərbaycan dövləti heç bir zaman və indinin özündə də vətəndaşı olan, Azərbaycan qanunlarına tabe olan ermənilərin ölkə ərazisindən sıxışdırılıb çıxarılmasında maraqlı olmayıb, belə bir siyasət də yürütməyib. Əgər Azərbaycan belə bir siyasət yürütsəydi, o zaman Azərbaycanı uydurma soyqırımında və etnik təmizləmədə ittiham edə bilərdilər”.
Millət vəkili əlavə edib ki, Xankəndinin götürülməsi an məsələsi olsa da Azərbaycan bunu tamamilə düzgün olaraq sadaladığım faktorlara görə etmədi: “İkincisi, Azərbaycan hərbi baxımdan Xankəndini çox asanlıqla götürə bilərdi. Amma bu zaman bütün dünya bizim üzərimizə gələcəkdi. Bizim qoşunlar Xankəndidən çıxardısa o zaman artıq ora bizim olmazdı. Yəni əgər bir yerə silahlı qüvvələr daxil olub çıxarılırsa artıq həmin ərazinin ona aid olmadığı mənzərəsi yaranır. Ukrayna hadisələri fonunda bu məsələlərə diqqət yetirilməsini çox istərdim. Bu gün Azərbaycanın imzaladığı bütün sənədlərdə, o cümlədən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamədə də Azərbaycanın suverenliyi tanınır. Yəni Azərbaycan hərb meydanında qazandığı qələbəni diplomatik sahədə də təsdiq etdi. Ona görə də, bu gün Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət birmənalı olaraq tamamilə düzgündür. Həmin siyasət Azərbaycanı fəlakətlərdən xilas edib, kataklizmlərdən qoruyub. Azərbaycanı hərb meydanına çevrilməkdən xilas edib. Bu siyasət indiyədək çox uğurlu olub. Belə məsələlərdə müxtəlif fikir söyləyənlər gözlərinin önünə Ukraynada baş verən hadisələri gətirsinlər. Biz, bütün məsələlərə özümüzün milli-dövlət maraqları baxımından yanaşmalıyıq. Yürüdülən siyasət Azərbaycan xalqının və dövlətinin maraqlarına tamamilə cavab verir”.

Əli Zülfüqaroğlu