Azərbaycan Ordusu tarixi missiyasını layiqincə yerinə yetirib - Deputat Siyasət

Azərbaycan Ordusu tarixi missiyasını layiqincə yerinə yetirib - Deputat

26 iyun tarixində Milli Ordumuzun yaradılmasının 104 ili tamam olur. Artıq iki ildir ki, 26 iyun - Silahlı Qüvvələr Gününü digər bayramlar kimi tam fərqli əhval ruhiyyədə, qalib xalq, qalib dövlət kimi, işğala son qoyularaq ərazi bütövlüyümüzün təmin olunmasınından fərəh hissi keçirərək qeyd edirik.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır. Azərbaycan Ordusu bu vəzifəsinin öhdəsindən ən yüksək səviyyədə gəlir, dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində daim qürurla və rəşadətlə dayanır.

O qeyd edib ki, müstəqillik illərində Azərbaycan Ordusu böyük inkişaf yolu keçib və dünyanın ən güclü orduları sırasına daxil olmağı bacarıb.

“Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra xüsusi diqqət yetirdiyi sahələrdən biri də məhz ordu quruculuğu oldu. Müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi ordumuzda da xaos höküm sürürdü, ordumuz ayrı-ayrı başıpozuq silahlı dəstələr qismində müəyyən qrupların və siyasi dairələrin şəxsi maraqlarına xidmət edirdi. Torpaqlarımızın keşində dayanmalı, erməni təcavüzünün qarşısını almalı olan ordumuz pərən-pərən salınmış, ayrı-ayrı şəxslərin qanunsuz idarəçliyi altında idi, torpalqrımızın müdafiəsi isə ayrı-ayrı özünümüdafiə batalyonlarının ümidinə qalmışdı.

Yalnız Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu sahəsində xaosa, pərakəndəliyə, qanunsuz idarəçiliyə son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. Ümummilli lider yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı.

Ulu öndər ordu quruculuğu sahəsində tarixi qərarlar qəbul etdi və genişmiqyaslı islahatlara start verdi. Qısa müddət ərzində qarşıya qoyulan məqsədlərə nail olundu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi onlara böyük ruh yüksəkliyi verdi”, - deyə A.Həsənova vurğulayıb.

Deputat qeyd edib ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. “Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilərin peşəkarlığının artırılmasına, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə, ordumuzun ən müasir silah və texnika ilə təchizatı və şəxsi heyətin müasir silahlardan peşəkarlıqla istifadə vərdişlərinin formalaşdırılmasına böyük diqqət ayırdı. Görülən bu məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi”, - deyə A.Həsənova qeyd edib.

Deputat vurğulayıb ki, rəşadətli Azərbaycan ordusu xalq, dövlət qarşısında tarixi missiyasını ləyaqətlə yerinə yetirərək 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və rəşadət göstərdi, xalqımıza, dövlətimizə qarşı erməni vandallarının həyata keçirdiyi 200 illik işğalçılıq, soyqırım siyasətinə son qoydu.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə dünya hərb taixində yeni bir səhifə yazdı, müzəffər ordumuz erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlamaqla xalqımıza böyük qələbə sevinci yaşatdı. Bu müharibədə Azərbaycan ordusu əsl qəhrəmanlıq göstərdi. Şanlı ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq xalqımızın 30 illik Vətən, torpaq həsrətinə son qoydu, torpaqlarımız düşmən tapdağından azad etdi. Bu qələbə təkcə torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda xalqımızın mənəvi qələbəsi, özünəinam və qələbə əzmininin özünə qaytarılması ilə nəticələndi.

Azərbaycan xalqı hər zaman öz qəhrəman övladlarının şücaətini, əzmini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim uca və əziz tutur.
Bütün hərbçilərimizi 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıram”, - deyə deputat əlavə edib.