Tezliklə cəbrayıllılar doğma torpaqlarında yeni həyata başlayacaqlar - Vüqar Rəhimzadə Siyasət

Tezliklə cəbrayıllılar doğma torpaqlarında yeni həyata başlayacaqlar - Vüqar Rəhimzadə

4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhəri və bu rayonun doqquz kəndi düşmən işğalından azad edilib. Vətən müharibəsinin davam etdiyi növbəti günlərdə rəşadətli ordumuz işğal altına olan digər ərazilərimiz kimi Cəbrayıl rayonunun digər kəndlərini də düşmən işğalından azad etdi. Ümumiyyətlə, tarixi Zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü tariximizə Qələbə səhifəsi kimi yazılıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin hər günündə xalqa qələbə müjdəli müraciəti tezliklə ərazi bütövlüyümüzün təmin olunacağına inamı artırdı. Bu müraciətlərdə hər gün bir rayonun, kəndin, qəsəbənin, strateji yüksəkliklərin azad edilməsi ilə yanaşı, Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyib qaçan Ermənistan silahlı qüvvələrindən qənimət kimi götürülən, yaxud məhv edilən hərbi texnikanın, silah-sursatın statistikası da açıqlandı. Təbii ki, bu statistikanın açıqlanması rəşadətli ordumuzun qüdrətinin, ermənilərin illərdir yaratdıqları miflərin dağılması ilə yanaşı, mənfur düşmənin himayədarları tərəfindən silahlandırılmasının təqdimatı idi. Dövlət başçısı İlham Əliyev bütün müraciətlərində, xarici mətbuata müsahibələrində bu suala cavab tapmaq istədi ki, Ermənistanda bu qədər silah haradandır? Sadə görünən, amma özündə bütün məqamları birləşdirən bu sualın cavabı Azərbaycan dövlətinə çox yaxşı bəlli idi. Amma 30 ildə əksər dünya güclərindən ala bilmədiyimiz cavabı 44 günlük Vətən müharibəsi dövründə də eşitmədiyimiz üçün belə səpkili sualların sayı daha da artdı. Əsas olan budur ki, dünya gücləri ikili standartlara əsaslanan siyasəti davam etdirib, ədaləti və beynəlxalq hüququ arxa plana keçirib işğalçıya dəstək missiyasını yerinə yetirsələr də sonda ədalət zəfər çaldı. Bu gün torpaqlarımız tarixi sahibindədir, insanlarımız yeni həyata qədəm qoyaraq 30 ilin dağıntılarını bərpa-quruculuq işləri ilə əvəz edirlər. Tarixi Zəfərimizə imza atdıqdan dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş ərazilərimizə, Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər. Bu da səbəbsiz deyildi. Çünki 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu bu istiqamətlərdən Zəfər yürüşünə başlamaqla yanaşı, ilk olaraq burada şəhid verərək həmin ərazilərimizi azad etmişdilər.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonra Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Cəbrayıla xoş gəlmisiniz” müraciətinin ardınca bu əminliyi də ifadə etmişdi ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident!” deyəcəklər: “Bu istəyin reallığa çevrilməsi üçün ciddi addımlar atılır. Təkcə cənab İlham Əliyevin ötən iki ildə Cəbrayıl rayonuna reallaşdırdığı 4 səfərin hər biri müxtəlif obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb: “Cəbrayıl şəhərinin Baş planı təqdim edilib. Dağıntıları aradan qaldırmaq, şəhərlərimizin əvvəlki görkəmini bərpa etmək üçün genişmiqyaslı işlərə böyük ehtiyac vardır. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Dövlət başçısının qeyd etdiyimiz 4 səfəri çərçivəsində Müzəffər Ali Baş Komandan Xudafərin körpüsündə, Cəbrayıl şəhərində Dövlət bayrağını ucaldıb. İşğal zamanı ermənilərin qondarma “polis idarəsi”nin yerləşdiyi binaya, dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə, Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirilib, Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanışlıq olub, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçular ilə görüş, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi keçirlib, “Cəbrayıl” yarımstansiyasının, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı baş tutub. Bunlar qısa müddətdə görülən işlərin xronologiyasıdır.”

4 oktyabr gününün tariximizdə əbədi qalacağını bildirən YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, əslində Cəbrayılın azad olunması prosesi altı il bundan əvvəl başlamışdı: “2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinə qayıdış Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın başlanğıcı oldu. Böyük Qayıdışımızın Cəbrayıldan başlanması kimi, İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri, Cəbrayıl rayonu ilə bağlıdır.”

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün ikiqat qürur və fəxarətdir. Başqa sözlə, Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan Bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır: “Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlar istiqamətində uğurlu əks-hücumunuz mümkün olmuşdu. Düşmən Cəbrayıl ərazisində bir neçə səddən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl azad ediləndən sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji əhəmiyyətli Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycan Ordusunun nəzarətinə keçdi.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün digər azad edilmiş rayonlarımız kimi, Cəbrayıl rayonunun da bərpası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Qısa zamanda görülən işlərin fonunda bu əminliyi ifadə edirik ki, tezliklə Cəbrayıl rayonunda görülən işlər uğurla başa çatacaq, cəbrayıllılar bu torpaqlarda yeni həyata başlayacaqlar.