Azərbaycan xalqı təbii sərvətlərinin qanunsuz istismarından haqlı olaraq narahatdır - “Azernews”un baş redaktor müavini - VİDEO Siyasət

Azərbaycan xalqı təbii sərvətlərinin qanunsuz istismarından haqlı olaraq narahatdır - “Azernews”un baş redaktor müavini - VİDEO

Azərbaycan xalqı təbii sərvətlərinin qanunsuz istismarından haqlı olaraq narahatdır.

Bunu Trend-in Şuşada ezamiyyətdə olan müxbirinə “Azernews” qəzetinin baş redaktorunun müavini Orxan Amaşov deyib.

“Aydındır ki, insanlar Azərbaycanın təbii sərvətlərinin - mis, molibden və qızıl ehtiyatlarının qanunsuz istismarından haqlı olaraq narahatdırlar. Onlar 24 saatdan artıqdır ki, buradadırlar və bir gecəni yuxusuz keçiriblər. Mən tam əminəm ki, insanlar burada daha bir neçə gün qalmağa hazırdırlar. Etirazçılar nə qədər lazımdırsa, burada qalacaqlar. Onlar general Volkovla danışmaq istəyirlər”, - deyə o bildirib.

O.Amaşov qeyd edib ki, proseslərin əsas səbəbi Rusiya sülhməramlı qüvvələrinin səriştəsizliyidir, çünki onlar öz vəzifələrini layiqincə yerinə yetirmirlər.

“Onların mandatı 10 noyabr bəyanatından irəli gəlir. 5-ci maddədə deyilir ki, onlar atəşkəsə nəzarət etməlidirlər. Amma orada deyilmir ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycan vətəndaşlarının sülhməramlıların məsuliyyət zonası olan Azərbaycan ərazisinə, Azərbaycanın suveren hissəsinə daxil olmasına mane olmaq hüququna malikdir. Onlar qeyri-adekvat davranırlar. Laçın dəhlizindən birmənalı şəkildə sui-istifadə olunur. Aydındır ki, Azərbaycanın hazırda Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazidən çıxarılaraq Laçın dəhlizi ilə Ermənistana göndərilib”, - deyə O.Amaşov bildirib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.

Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.