“Azərbaycanın maraqlağında olan nizamlanmanı dəstəkləyirik“ Siyasət

“Azərbaycanın maraqlağında olan nizamlanmanı dəstəkləyirik“

Türkiyə xarici işlər naziri: "Ölkəmin ağır günündə ilk andan bizim yanımızda olduğu üçün Azərbaycanın prezidenti başda olmaqla, bütün Azərbaycan xalqına öz təşəkkürümü çatdırıram"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyasının bugünkü plenar iclasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
Mövlud Çavuşoğlu çıxışında bu ilin 15 iyulunda ölkədə baş vermiş dövlət çevrilişinə cəhd və onun nəticələri, Türkiyədəki son vəziyyət, terrorizmlə mübarizə, ölkəninSuriya məsələsində oynadığı rol, suriyalı qaçqınlar, Türkiyə ilə Avropa Şurasıvə Avropa İttifaqı arasındakı münasibətlər haqqında danışıb. Sonra o, assambleya üzvlərinin suallarını cavablandırıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumda təmsil olunduğu Avropalı Mühafizəkarlar Qrupu adından Türkiyənin XİN başçısına bağlı sual ünvanlayıb: "Cənab nazir, ölkəniz bölüşdüyümüz dəyərlərin qorunması üçün terrorizmlə mübarizə aparır. Həmkarlarım Türkiyədəki vəziyyətlə bağlı artıq sizi sorğu-suala tutublar. Mənim isə sualım ondan ibarətdir ki, biz, Avropa Şurası olaraq, Türkiyəyə necə dəstək verə bilərik?"
Mövlud Çavuşoğlu cavabında ilk olaraq Azərbaycan prezidenti başda olmaqla, Türkiyənin ağır günlərində onun yanında olan Azərbaycan xalqına öz təşəkkürünü bildirib: "Mən ölkəmin ağır günündə ilk andan bizim yanımızda olduğu üçün Azərbaycanın prezidenti başda olmaqla, bütün Azərbaycan xalqına öz təşəkkürümü çatdırıram. Bu günlər bizim üçün çox ağır keçdi və belə ağır günlərdə yanında dostunun olmasına ehtiyacın olur. Əlbəttə, biz gözləmirik ki, tərəfdaşlarımız apardığımız siyasətlə tam şəkildə razı olsunlar. Sadəcə, istəyimiz odur ki, belə ağır vəziyyətdən çıxa bilməmiz üçün bizim üçün daha konstruktiv təkliflər və tövsiyələr irəli sürsünlər. Yəni, belə məsələlərdə gizli niyyət və ikili standartlar istifadə edilməsinə qarşıyıq. Onu deyim ki, AŞ-nin baş katibi, onun Nazirlər Komitəsi, AŞPA və assambleyamızın bir çox üzvləri bu baxımdan düzgün yol tutublar. Bizim istədiyimiz də odur ki, aramızda daha çox dialoq və müzakirələr aparılsın. AŞ nümayəndə heyəti Türkiyəyə səfər etdikdə biz hər zaman onlara lazımı dəstəyi veririk ki, səfərləri obyektiv və düzgün olsun. Biz bu əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik və AŞ ilə tərəfdaş olaraq qalacağıq".
Mövlud Çavuşoğlu Azərbaycan parlamentinin üzvü Qənirə Paşayevanın sualını da cavablandırıb. Nazir deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səmimi səylər ortaya qoyulsa da, atılan addımlar nəticə verməyib: "Ermənistanla da münasibətlərimizin normallaşması üçün səy göstərdik, İsveçrədə razılaşma imzalandı, lakin uğurlu olmadı".
Mövlud Çavuşoğlu bildirib ki, Minsk qrupunun, həmçinin Rusiyanın da bu münaqişənin həlli ilə bağlı səyləri var: "Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən, xüsusilə 5 rayondan çıxarılması məsələsi son vaxtlar gündəmdədir. Rusiya bu səylərini bizimlə paylaşdı, biz də dəstəyimizi ifadə etdik. Biz Azərbaycanın maraqlarında olan istənilən nizamlanmanı dəstəkləyirik. Ermənistanla münasibətlərimizin də düzəlməsini istəyirik. Niyə bu işğal davam etməlidir?".
Mövlud Çavuşoğlu Minsk qrupunun da bu istiqamətdə səylərini artırmalı olduğunu vurğulayıb.