“Rəsmi Bakı beynəlxalq aləmdə Türkiyənin siyasi kursunu dəstəkləyir” Siyasət

“Rəsmi Bakı beynəlxalq aləmdə Türkiyənin siyasi kursunu dəstəkləyir”

Aydın Mirzəzadə: "Qardaş ölkənin qarşılaşdığı problemlərin dünya ictimaiyyətinə çatdırılmasında ciddi səy göstərir"

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir. Ə. Həsənov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay və Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca ilə görüşüb.
Hər üç görüşdə dövlətlərarası münasibətlərin geosiyasi baxımdan güclənməsindən, regionda baş verən proseslərdən danışılıb, xaricdən idarə olunan təhlükəli meyllərin, o cümlədən gənclərin qeyri-sağlam ideologiyalara cəlb olunmasının qarşısının alınması yollarına dair müzakirələr aparılıb.
Azərbaycanın Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını deyən AKP-nin sədr müavini Yasin Aktay bildirib ki, rəsmi Ankara qardaş ölkədə həyata keçirilən sosial-iqtisadi islahatları yüksək dəyərləndirir və Azərbaycanda əldə olunan bütün uğurlara önəm verir. Öz növbəsində Əli Həsənov, Azərbaycanın bundan sonra da həmişə Türkiyənin yanında olmağa davam edəcəyini söyləyib. Görüş zamanı Ə.Həsənovun işlətdiyi bir cümlə isə daha çox diqqət çəkib. "Azərbaycan bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır", — Əli Həsənov bildirib. Türkiyənin qarşılaşdığı çətinliklər nələrdir? Və Azərbaycanın dəstəyi hansı ölçüdə ola bilər?
Millət vəkili Aydın Mirzəzadənin fikrincə, burada söhbət birbaşa köməkdən getmir: "Əli Həsənovun "Azərbaycan bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır" sözlərini düzgün oxumaq lazımdır. Burada söhbət birbaşa hansısa sahə üzrə köməkdən getmir. Söhbət dost və qardaş ölkənin öz istəyini ortaya qoymasından gedir. Bu, ilk növbədə mənəvi dəstək deməkdir. Digər tərəfdən, şübhəsiz ki, qarşılıqlı münasibətlərdə çoxlu sayda birgə fəaliyyətlər ola bilər. Bu isə dövlətlər arasında olan məsələdir".
Millət vəkili qeyd edib ki, Azərbaycanın öz neft və qaz yatırımları ilə qardaş ölkənin iqtisadiyyatına daxil olması və onu canlandırması özü ciddi bir dəstəkdir: "SOCAR-ın nəzdindəki PETKİM-in Türkiyədəki fəaliyyətini misal çəkə bilərəm. Nə qədər iş yerləri açıldı, qardaş ölkənin nə qədər insanı işlə təmin olundu. Bilirsiniz, bu özü Azərbaycanın Türkiyə dövlətinə verdiyi çox ciddi töhfədir, xeyirdir". A. Mirzəzadə sonda əlavə edib ki, sosial-iqtisadi sahə ilə yanaşı, rəsmi Bakı beynəlxalq aləmdə Türkiyənin siyasi kursunu dəstəkləyir və qardaş ölkənin qarşılaşdığı problemlərin dünya ictimaiyyətinə çatdırılmasında ciddi səy göstərir.
Türkiyəli jurnalist-yazar Yılmaz Altınsoy da Ə. Həsənovun Ankara səfərinin vacib əhəmiyyət daşıdığını bildirib: "Azərbaycanın Türkiyənin qarşılaşdığı çətinliklərə nə cür və hansı ölçüdə dəstək verməsi barədə konkret fikir yürütmək bizim işimiz deyil. Bu, dövlətlər arasında olan danışıqların qapalı tərəfidir. Ancaq bu əlaqələrin gözlə görünən tərəfləri göstərir ki, biz bir-birimizə sıx bağlı ölkələrik". "Hətta deyərdim ki, dünyada buna bənzər qardaşlıq əlaqəsi olan dövlətlər yoxdur. Bəzi məsələlər var ki, siyasilər onu cəmiyyətə açıqlamırlar. Azərbaycan Prezidentinin köməkçisinin, detallarını tam açıqlamadan verdiyi bəyanatı da bu qəbildən hesab etmək olar". Azərbaycanın terrorla mübarizəsini yüksək qiymətləndirən Altınsoyun fikrincə, rəsmi Bakı qardaş ölkənin PKK ilə mübarizəsinə mühüm töhfə verə bilər.