İrəvan Moskvanı Qərbə satır... Siyasət

İrəvan Moskvanı Qərbə satır...

Ermənistan ilk fürsətdə Rusiyanı Qərbə satacaq və Moskvaya öz xain zərbələrini endirəcək.
Bunu Gürcüstanda keçirilən NATO təlimlərində Ermənistanın iştirakını və bunun İrəvan-Moskva əlaqələrinə təsirini şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili vurğulayıb ki, Ermənistan bu gün yalançı və işğalçı siyasətini davam etdirmək üçün hər şey etməyə hazırdır: "İrəvan sona qədər Moskva ilə bir yerdə olmayacaq. Çünki Ermənistanın dövlət siyasəti yalan üstündə qurulub. Rusiya artıq bunu anlamalı və hərəkətə keçməlidir. Çünki Ermənistanın Gürcüstanın Vaziani hərbi poliqonunda NATO-nun "Noble partner" ("Layiqli tərəfdaş") hərbi təlimlərində iştirakı və bununla da Qərbə tərəf üz tutması açıq-aşkar Rusiyaya qarşı demarş deməkdir. Ermənistanın çəkinmədən Avropa Birliyinə assosiativ saziş imzalmağa hazır olduqlarını bəyan etməsi isə Moskvaya meydan oxumaqdır. Rusiya Xarici işlər naziri Sergey Lavrovun "Avrasiya İttifaqından olan həmkarlarımızla əlaqələr zamanı demişik ki, məlum "Şərq tərəfdaşlığı" proqramı adıkeçən fokus ölkələrini yanlış seçim qarşısında qoymaq üçün istifadə edilməsin" bəyanatı əslində Moskvanın İrəvana bir xəbərdarlığıdır və etnik zəmindən irəli gələn bir məsələdir. Lavrov bununla İrəvana başqa cür hərəkət edə bilməyəcəyini başa salır. Ancaq Rusiya rəsmiləri dəqiq bilməlidirlər ki, Ermənistan ilk fürsətdə Rusiyanı satacaq və Moskvaya öz xain zərbəsini endirəcək. Gürcüstan və Rumıniyadakı təlimlərdə iştirak edən Ermənistan gələcəkdə də bu yolda öz ikili oyunlarına davam edəcək".
Millət vəkili hesab edir ki, Moskva artıq İrəvanla bağlı bir qərara gəlməlidir:
"Ermənistan həm Avrasiya İttifaqının üzvüdür, həm də Avropa Birliyi ilə sıx əməkdaşlıq edir, digər tərəfdən - KTMT-nin üzvüdür, ancaq NATO ilə birgə hərbi təlimlərdə iştirak edir. Bütün bunlar Moskvanı bir daha düşünməyə vadar etməlidir. Əslində, Ermənistanda antirusiya siyasətinin baş qaldırması heç də xaotik bir hal deyil və gözlənilən idi. Ancaq təəssüf ki, Moskvanın İrəvana cavabı gecikir. Yəqin ki, bu da Rusiyadakı erməni lobbisinin güclü olması ilə bağlıdır".