“Prezidentlərin görüşü Ermənistanın maraqlarına ziddir” Siyasət

“Prezidentlərin görüşü Ermənistanın maraqlarına ziddir”

Mübariz Əhmədoğlu: "Bu görüşdə Dağlıq Qarabağ tənzimlənməsinə yaxınlaşmaq olar"

"Hakim "Respublika" partiyasının avqustun 17-də keçirilən iclası Ermənistanın siyasi mühitində formalaşmış ənənələrdən kənara çıxma oldu. Bu yığıncaq və orada müzakirə olunacaq məsələlər barədə əvvəldən anons edilmədi. Əksərən müzakirə olunan məsələlər və ya şəxslər mətbuatda geniş müzakirə olunur". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. O bildirib ki, "Respublika" partiyasının mətbuat xidmətinin rəhbəri, parlamentin vitse-spikeri Eduard Şarmazanovun yığıncaqdan sonra verdiyi açıqlamadan üç şey bəlli oldu:
1. Qarşıdan vacib proseslər gəlir. Ona görə partiyanın işinə restart verilməlidir.
2. Ermənistan NATO-nun təlimlərində iştirak edib. Bu, Ermənistanın müstəqil seçimidir, əcəb edib.
3. İran Dağlıq Qarabağ məsələsinin diplomatik yolla həllinin tərəfdarı olduğunu bildirib. Bu, Azərbaycana mesajdır.
Politoloq bildirib ki, bu üçməchullu tənliyi həll etmək bizim üçün o qədər də çətin deyil.
Politoloqun fikrincə, üç əskəranlı muşketyorun (Ermənistanın baş naziri K.Karapetyan, Dağlıq Qarabağın "baş naziri" A.Arutyunyan və Dağlıq Qarabağ "Təhlükəsizlik Şurasının katibi" V.Balasanyan) Əskəran rayonunda bir yerdə olması S.Sərkisyanın canına xof salıb.
"Ona görə 2018-ci ildə baş nazir postunu indiki baş nazir K.Karapetyanda saxlamaq fikrində deyil. Dəyişiklik olmalıdır. Dəyişiklik aktivlik tələb edir, vaxt azdır. Ona görə partiya işinə restart verildi. NATO təlimlərində Ermənistanın iştirakı ilə bağlı deyilənlər "Respublika" partiyasının yığıncağındakı müzakirələrin kəskin antiRusiya ruhunda keçdiyinin göstəricisidir. Rusiya Ermənistanın indiki dövrdə Qərb və NATO ilə əlaqələrindən ciddi narahatdır. Ona görə görünür Ermənistanın qarşısında yeni tələblər qoyub.
Bu tələblərin Dağlıq Qarabağ tənzimlənməsinə aid olması daha çox ehtimallıdır. Amerikalı həmsədr Hoqland ermənilərin şərtlərini müdafiə edən kim RF XİN əks mövqeyə keçdi. RF XİN prezidentlərin görüşünün təşkili ilə məşğul olduqlarını bildirdi. Bir ay öncə isə RF XİN Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyəcəklərini rəsmi şəkildə bəyan etmişdi. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Ermənistanın maraqlarına ziddir. Bu görüşdə Dağlıq Qarabağ tənzimlənməsinə yaxınlaşmaq olar. Dağlıq Qarabağ münaqişəsinin həlli dedikdə isə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun yaxın müddətdə, Dağlıq Qarabağın özünü isə nisbətən uzun müddət ərzində Azərbaycana qaytarılması başa düşülür".
Mübariz Əhmədoğlunun sözlərinə görə, prezident V.Putin yenidən Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olmağa başlayıb: "İranla əlaqəli deyilənlər yığıncaq iştirakçılarının Dağlıq Qarabağ məsələsində əsas ümidlərinin İran olduğunu göstərir. Amma bu ermənilərin növbəti özünü aldatmasından başqa bir şey deyil.
Ermənistan geosiyasət, daxili siyasət və Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda ciddi qarşıdurma dövrünə daxil oldu. Hakim "Respublika" partiyasının son yığıncağından ortalığa çıxan nəticə budur. S.Sərkisyanın öz planına uyğun şəkildə bu dövrü başa vurması çox az ehtimallıdır. Ermənistanın yarımasılı dövlətçiliyi üzərində kölgə isə tündləşir".