“Namizədliyimi mütləq verəcəm” Siyasət

“Namizədliyimi mütləq verəcəm”

“Növbədənkənar parlament seçkilərində mütləq namizədliyimi verəcəm”.
Bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
O bildirib ki, növbəti seçkilərdə söhbət parlamentə təkcə gənclərin gəlməsindən getmir:
“Hesab edirəm ki, Milli Məclis siyasət meydanıdır. Burada gənclərdən başqa, siyasəti anlayan, başı çıxan, danışığını bilən, beynəlxalq aləmdə tanınan insanlar da olmalıdır. Həmçinin gənclər də gəlməlidir”.
Vahid Əhmədovun sözlərinə görə, Milli Məclisin buraxılması təbii haldır:
“Uzun müddət idi ki, bu haqda söhbətlər gedirdi. Milli Məclis qanunverici orqandır. Parlament öz səlahiyyətini 2020-ci ilin noyabrında başa çatdırmalı idi. İslahatlar çox ciddi və çevik olduğu, cənab prezident hərtərəfli iqtisadi siyasi sosial islahatlar apardığı üçün Milli Məclisin daha tez buraxılmasına ehtiyac vardı”.
Deputat Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsinə də münasibət bildirib:
“Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda bunun əleyhinə idik. Onun yaradılması heç nə verə bilməzdi. Ciddi səlahiyyətləri də yox idi. Məqsəd ondan ibarət idi ki, bank sistemində sağlamlaşdırma prosesi həyata keçirilsin. O cümlədən bank faizləri müəyyən dərəcədə aşağı salınsın. Baxmayaraq ki, cənab prezident müəyyən yardımlar etdi, əhalinin 10 min dollar kreditini silmək üçün bank sisteminə 620 milyon manata yaxın vəsait ayırdı. Ancaq bank sistemində ciddi dəyişiklik baş vermədi. Bütün bunları görən cənab prezident Maliyyə Bazarlarına Nəzarət Palatasını ləğv etdi və əvvəlki qaydada Mərkəzi Banka birləşdirildi”.