Müsavatda bu dəfə vəzifə davası... Siyasət

Müsavatda bu dəfə vəzifə davası...

Tural Abbaslı: "Başqanın təyinatı uğursuzdur"

Vasif Əfəndiyev: "İsa Qəmbər yarıtmaz siyasətilə Müsavatı yarımcan hala saldıqdan sonra artıq başqan kimi fəaliyyətini davam etdirə bilməyəcəyini anladı"

Hikmət Hacızadə: "Az adam fikir verdi ki, Parisdəki bu hadisə ilə Müsavatda ifadə azadlığına görə cəzalar eyni mahiyyətdədir"

Müsavat Partiyasının başqanı Arif Hacılı partiyadakı keçmiş vəzifəsinə Gülağa Aslanlını təyin edib. Lakin partiyanın narazı üzvləri hesab edirlər ki, Arif Hacılının təyinatı doğru deyil. O, bu posta ən azından Tural Abbaslını təyin etməli idi. Məsələ ilə bağlı açıqlamasında Tural Abbaslı isə bildirdi ki, ona bu barədə təklif olmayıb. O da həmçinin başqanın təyinatını uğursuz hesab edib: "Mən əvvəlcədən bəyan etmişdim ki, heç bir təyinatlı orqanda təmsil olunmaq istəmərəm. Çünki təyinatlı orqan insanın ümumi fəaliyyət imkanlarını daraldır. Necə ki, təyin olunmusan, eləcə də geri çağırıla bilirsən. Dolayısı ilə səni təyin edən insanın şəxsi fikirlərindən aslı vəziyyətə düşürsən. Bu baxımdan həmin postu özüm üçün məqsədə uyğun hesab etmirdim. Ancaq onlar mənə bu barədə təklif də etməyiblər. Heç bunu gözləmirdim də. Qurultaydan sonra yürüdülən siyasət onu göstərdi ki, bugünkü başqan ancaq özünün yaxın ətrafının rəhbərlikdə təmsil olunmağının tərəfdarıdır. Bütün təyinatlı orqanlara da o, özünə yaxın hesab etdiyi insanları təyin edib. Bu siyasətin nə qədər uğurlu və ya uğursuz olduğunu zaman göstərəcək. Yəqin ki, artıq bəzi nüanslardan bu siyasətin uğursuzluğu görünür".
Gülağa Aslanlının təyinatı barəsində isə Tural Abbaslı aşağıdakı fikirləri söyləyib:
"Gülağa bəy uzun illərdir partiyadadır və o, işini bilən adamdır. Ancaq nəzərə alaq ki, Gülağa bəyin 65-ə yaxın yaşı var. Partiyanın dinamik fəaliyyət tələb edən orqanına bu yaşda insanın təyin olunması ən azından həmin şəxsin özünün sağlamlığı üçün problemlər yarada bilər. Digər məsələləri də zaman göstərəcək. İcra Aparatı başqa xüsusiyyətlər tələb etdiyi üçün hesab edirəm ki, bu uğurlu təyinat deyil".
Vəhdət Partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev isə "etiraf etmək lazımdır ki, Müsavat Partiyasına cəmləşən insanların böyük qismi ideologiyaya görə patiyaya üzv olmayıblar",-deyə bildirib: "Onlar daha çox İsa Qəmbər ətrafında toplaşmışdılar". "Mən narazı müsavatçıların böyük əksəriyyətinin İsa Qəmbər tərəfdarları olmasını dəfələrlə demişəm. İsa Qəmbər yarıtmaz siyasətilə Müsavatı yarımcan hala salmasından sonra artıq başqan kimi fəaliyyətini davam etdirə bilməyəcəyini güman edərək, keçid dövrü üçün Qubad İbadoğlunu öz yerinə təyin etməyi düşünmüşdü. Lakin Arif Hacılının tərəfdarları bu planı köklü şəkildə pozduğu üçün Qubad İbadoğlunun yanında qalan narazı isaqəmbərçilər çıxılmaz vəziyyətə düşdülər. İsa Qəmbərin açıq mətnlə tərəfdarlarını geriyə səsləyə bilməməsi səbəbindən silahdaşları şaşqın vəziyyətdədirlər" – deyə, təşkilat sədri bildirib. Vasif Əfəndiyev deyib ki, ötən ilin əvvələrində Müsavat Partiyasının qurultayına hazırlıq ərəfəsində Divan üzvü Nüşabə Sadıxlı İsa Qəmbərin başqanlıqda qalmasını tələb edənlərin siyahısında idi: "Arif Hacılının başqan seçilməsindən sonra nə edəcəklərini müəyyən edə bilməyən İsa Qəmbər tərəfdarları, o cümlədən Nüşabə Sadıxlı tələsik bəyanatlarla Qubad İbadoğlunun yanında yer aldıqlarının səhv olduğunu anlayaraq İ. Qəmbəri tək buraxdıqlarının fərqindədirlər. O səbəbdən də Nüşabə Sadıxlının İsa Qəmbərin yanında olması üçün addımlar atacağı gözləniləndir".
Müsavat Partiyasının sabiq Divan və Məclis üzvü, politoloq Hikmət Hacızadə "Facebook" sosial şəbəkəsindəki qrupların maraqlı analogiya aparıb: "Sözə, ifadəyə görə cəza olmamalıdır, demokratik dünyanın son qənaəti budur". Hikmət Hacızadə Fransanın paytaxtı Parisdə baş verən hadisəni qınayaraq, bunu Müsavat Partiyası rəhbərliyinin partiya üzvlərinə qarşı cəzaları ilə müqayisə edib: "Az adam fikir verdi ki, Parisdəki bu hadisə ilə Müsavatda ifadə azadlığına görə cəzalar eyni mahiyyətdədir. Sözə, ifadəyə görə cəza olmamalıdır - budur demokratik dünyanın son qənaəti".

Əli