“İlham Əliyev qalib ordunun Ali Baş Komandanı kimi adını hərb tarixinə qızıl hərflərlə daxil edib” Siyasət

“İlham Əliyev qalib ordunun Ali Baş Komandanı kimi adını hərb tarixinə qızıl hərflərlə daxil edib”

Tural İsmayılov: “Son 30 ildə başqa coğrafiyalarda da belə əhəmiyyətli qələbə qazanılmayıb”

“Son 30 ildə nəinki bizim ölkədə, başqa coğrafiyalarda da belə əhəmiyyətli qələbə qazanılmayıb”. Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib. O qeyd edib ki, İlham Əliyev qalib ordunun Ali Baş Komandanı kimi adını dünya hərb tarixinə qızıl hərflərlə daxil edib: “Cənab Prezident dəfələrlə vurğulayıb ki, bizim siyasətimizdə ordu quruculuğu müstəsna əhəmiyyətə malikdir. Hələ illər əvvəl Ali Baş Komandan hərbi xərclərin müstəsna əhəmiyyətindən bəhs etmişdi. Azərbaycan illərlə öz ordusunu və müdafiə sənayesini inkişaf etdirdi. Ordumuzda nizam-intizam artır, islahatlar aparılır. Bu, çox sevindirici haldır. Cənab Prezident dəfələrlə vurğulayıb ki, ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Ordumuzun uğurlu inkişafı üçün həm maddi-texniki təchizat davam etdiriləcək, eyni zamanda, Silahlı Qüvvələrdə aparılan islahatlar dərinləşəcək. Müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və Azərbaycanda istifadə olunur. Bugünkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar üstünlük təşkil edir. Bu silahları biz alırıq və alacağıq. Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində igid hərbçilərimizin əzmi ilə ordumuz şanlı zəfər qazandı”.
Ekspert bildirib ki, Azərbaycan ordusunun qələbəsindən sonra məhv olan Ermənistan dövlətinin sülhdən başqa yolu qalmayıb: “Növbədənkənar parlament seçkilərindən əvvəl Ermənistanda müxtəlif revanşist şərhlərə rast gəlmək olurdu. Lakin bundan sonra bütövlükdə Ermənistanda verilən hər revanşist açıqlama, cəbhədə hər pozulan atəşkəs birbaşa regionun siyasi sabitliyini sabotaj etmək sayılacaq. Ali Baş Komandan İlham Əliyev hərbçilərlə Gülüstan Sarayında görüşdə də bildirdi ki, ermənilər sülhə məhkumdur və bunun üçün Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməli, öz qonşuları ilə normal münasibətlər qurmalı və ərazi iddialarından əl çəkməlidir. Ermənistanın daxili vəziyyəti çox gərgindir, bütün infrstrukturu məhv olub, ölkənin heç bir iqtisadi və siyasi potensialı yoxdur. İlk növbədə sərhədlərin dəqiqləşdirilməsi işləri ilə bağlı Ermənistan təxribatlarından əl çəkməlidir, regiondakı mühüm layihələrə qatılmaq üçün bizim ölkəmizdən icazə almalı və Azərbaycan, Türkiyə kimi güc faktorları ilə barışmalıdır. Ermənistanın bütün dövlət aparatı iflic vəziyyətdədir, miqrasiya böhranı pik həddə çatıb. Belə olan təqdirdə Paşinyanın öz xalqına hörməti varsa, bundan sonra ölkəsinin rifahını düşünməlidir. Regiondakı sabitliyə qarşı təxribatlar uzun illər Ermənistanın önəmli layihələrdən kənarda qalması ilə nəticələnib. Azərbaycan qalib tərəf kimi Silahlı Qüvvələr Gününü qeyd etdiyi halda, Ermənistanın daxilində böyük bir gərginlik ab-havası hökm sürür. Reallıq budur ki, savaşdakı məğlubiyyətdən sonra tək-tük erməni əsilli xarici şirkətlər də kapitallarını Ermənistandan çıxarıblar. Belə olan halda Ermənistanın xarici borclarını ödəmək üçün vasitə qalmır, uzun illlər işğal altında saxladıqları ərazilərdəki təbii sərvətləri mənimsəyirdilər, şanlı ordumuzun qələbəsi ilə bu imkanları da əldəın çıxıb, məncə, Ermənistan siyasi və hərbi elitası da gözəl başa düşür ki, sülhdən və regional əməkdaşlıqdan başqa yolları qalmayıb. Əvvəl-axır bu olmalıdır, əksi Ermənistan üçün fəlakətdir.”

Əli Zülfüqaroğlu