Millət vəkili Berlində qondarma “erməni soyqırımı”nı ifşa edib Siyasət

Millət vəkili Berlində qondarma “erməni soyqırımı”nı ifşa edib

Qənirə Paşayeva: "Dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər"

Milli Məclisin deputatı Qənirə Paşayeva Almaniyanı qondarma "erməni soyqırımı" yalanlarına dəstək verməməyə çağırıb. Q.Paşayeva və araşdırmaçı-yazar Mehmet Perinçek Almaniyanın Nürenberq şəhərində başda Atatürkçü Düşüncə Dərnəyi olmaqla Türk və Azərbaycan diaspor təşkilatlarının qondarma "erməni soyqırımı" yalanlarının alman cəmiyyətinə daha geniş tanıdılması ilə bağlı "Erməni soyqırımı iddiaları və gerçəklər" adlı konfransda geniş məruzə ilə çıxış ediblər.
Türkiyənin Nürenberq Baş konsulunun və Mehmet Perinceyin çıxışından sonra Q.Paşayeva geniş məruzəsində qondarma "erməni soyqırımı" yalanlarının tarixi, iddialarının heç bir tarixi sübuta söykənmədiyi, erməni diaspor və lobbisinin Türkiyə və Türk dünyası əleyhinə apardığı məqsədyönlü iftira, böhtan siyasəti barədə geniş məlumatlar verdikdən sonra Avropa Parlamentinin qondarma "erməni soyqırımı"nı tanıyan qərarını qınayıb və təşkilat bununla yalan və ədalətsizliyə dəstək verdiyini deyib.
O, bəzi Avropa ölkələrinin də bununla bağlı aldığı qərarları kəskin tənqid edərək bəzi ölkələr və qurumların bu məsələdən öz maraqları üçün istifadə etdiyini bildirib. Q.Paşayeva Ermənistanın apardığı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ probleminin tarixi kökləri və bugünkü vəziyyət, Xocalı soyqırımı ilə bağlı da geniş danışıb.
Deputat bildirib ki, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu günə qədər ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin həlli istiqamətində heç bir ciddi addım atmayıblar. İşğalçı Ermənistana bunun üçün heç bir təzyiq göstərmirlər. 22 ildən çoxdur ki, 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıda bilmirlər və bu, Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur.
Xocalı Soyqırımından geniş danışan Q.Paşayeva Almaniya dövlətini və xalqını bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün səyləri artırmağa və qondarma "erməni soyqırımı" yalanlarına dəstək verməməyə çağırıb:
"Ermənistanın Xocalıda törətdiyi soyqırımın, qətliamın 23 ili tamam olur. Yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirildilər, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov götürülərək işgəncələrə məruz qoyuldu, amma təəssüf ki, biz avropalı siyasətçi həmkarlarımızın, liderlərinin bir çoxundan, hətta bu gün də bunu pisləyən, etirazını bildirən açıqlamalar eşitməmişik.
Amma 100 il əvvəl olmayan hadisələri araşdıraraq olmayan hadisələrə oldu deyə dəstək verirlər, yalanlara dəstək verirlər".
Almaniyanın dünyada ən böyük türk diasporunun olduğu ölkələrdən biri olduğunu xüsusi vurğulayan Q.Paşayeva tədbirdə iştirak edən Azərbaycan və Türk diaspor təşkilatları rəsmiləri və üzvlərinə də səslənib.
O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizə, Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması üçün çalışmalıdır.
Deputat qeyd edib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır:
"Qondarma "erməni soyqırımı" iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq".
Tədbirin sonunda Q.Paşayeva konfrans iştirakçılarına Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, materiallar hədiyyə edib. Eyni zamanda özünün həmmüəllifi olduğu "Xocalı Soyqırımı tanıkların dilindən" kitabını da imzalayaraq tədbir iştirakçılarına verib.