Məhərrəm Əliyev: Qalib Azərbaycan Silahlı Qüvvələri bundan sonra da xalqımızın, dövlətimizin və Müzəffər Ali Baş Komandanımızın etimadını şərəflə doğruldacaq - MÜSAHİBƏ Siyasət

Məhərrəm Əliyev: Qalib Azərbaycan Silahlı Qüvvələri bundan sonra da xalqımızın, dövlətimizin və Müzəffər Ali Baş Komandanımızın etimadını şərəflə doğruldacaq - MÜSAHİBƏ

Trend Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin müsahibəsini təqdim edir:

- Məhərrəm müəllim, müsahibəmiz ərəfəsində bu gün doğum gününüzün olduğunu öyrəndik. Həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfinfən yüksək orden ilə təltif olunmusunuz. Bu münasibətlə Sizi ürəkdən təbrik edirik və fəaliyyətinizdə uğurlar arzu edirik

- Diqqətinizə və səmimi təbriklərinizə görə minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Sərkərdəmiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarına məni yüksək ordenlə təltif etdiyinə görə öz dərin minnətdarlıqlarımı və sonsuz təşəkkürlərimi bildirirəm. Bu ali mükafat kollektivimizə verilən yüksək qiymət və etimaddır. Əmin edirəm ki, bundan sonra da, Dövlətçiliyimizin və Vətənimizin xidmətində yorulmadan sədaqətlə fəaliyyət göstərəcək, üzərimizə düşən vəzifənin yüksək səviyyədə icra olunması istiqamətində daim çalışacağıq.

- Artıq Şanlı Qələbəmizin birinci ildönümünə sayılı günlər qalıb. Bununla əlaqədar fikirlərinizi bizimlə bölüşməyinizi istərdik

- İlk olaraq doğma Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr, qazilərimizə şəfa diləyirəm. Bu gün bizim qazilərimiz başları uca, alınları ağ olaraq həyatlarını davam etdirirlər, çünki onlar qalib Ordunun qaziləridirlər və əlbəttə ki, dövlətimiz onların da, şəhid ailələrinin də daim qayğısına qalır, bu istiqamətdə cənab Ali Baş Komandanımızın diqqətində saxlanılırlar. O cümlədən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və dayaq məqsədli yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşma xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış və uğurla fəaliyyət göstərən "YAŞAT” Fondunun şəhid ailələrinə və onların övladlarının təhsillərinə, sosial-məişət həyatlarına göstərilən diqqət və qayğı ilə yanaşı, qazilərimizə, müharibə zamanı ağır yaralanan, qazi olan hərbçilərimizə tətbiq edilən bütün imkanlar dövlət və ordu birliyinin nə qədər möhkəm dayaqlara söykəndiyini əks etdirir.

Qarabağ Zəfərimiz bu gün dünyanın aparıcı hərbi akademiyalarında və ali hərbi sferalarında təhlil edilir, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı hərbi-taktiki fəaliyyətləri hərbi dərsliklərə salınır. Çünki, ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz Vətən müharibəsində mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi.

Müzəffər Sərkərdəmiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, Ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar durur. Cənab Ali Baş Komandan İlham Əliyev bu məsələlərə xüsusi diqqət göstərir və öz çıxışlarında Azərbaycan Ordusunun bundan sonra da gücləndiriləcəyini, dünyanın ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini vurğulayır. Ötən dövr ərzində Azərbaycan Ordusu qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələri ilə “Sarsılmaz qardaşlıq” və Azərbaycan-Türkiyə-Pakistan Silahlı Qüvvələrinin “Üç qardaş” hərbi təlimlərini uğurla keçirmişdir. Təlimlər zamanı əldə edilən nəticələr də isbat edir ki, Azərbaycan Silahlı Qüvvələri tərəqqi edir və daim Vətənin keşiyində dayanaraq, ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunması təminatını ən yüksək səviyyədə həyata keçirir.

Bu gün Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xeyli mütərəqqi işlər görülməkdədir və biz əminik ki, illər boyu xarabalıq şəraitində olan doğma ərazilərimiz digər bölgələrimiz kimi hərtərəfli inkişaf edəcəkdir. Bu istiqamətdə dövlətimiz xeyli iş görüb və bu işlər görülməkdədir. Əminliklə vurğulamaq istərdik ki, qalib Azərbaycan Silahlı Qüvvələri bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldaraq, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldərək Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin bütün əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır olacaqdır.