Ruslan Qurbanov: “Varlığım kimlərəsə güclü toxunub ki, məni unudublar” İdman

Ruslan Qurbanov: “Varlığım kimlərəsə güclü toxunub ki, məni unudublar”

“Slaviya”nın heyətində ikinci oyunum idi və 90 dəqiqə çıxış etdim. Qalib gəldiyimiz və iki qol vurduğum üçün şadam. Qarşıda son 4 turda da qollarla komandama fayda verməyə çalışacağam”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov deyib.

30 yaşlı yarımmüdafiəçi Mozır “Slaviya”sının heyətində Belarus çempionatının XXVII turunda “Minsk”lə səfər qarşılaşmasında dublla komandasının böyükhesablı qələbəsinə (6:0) töhfə verib.

Qurbanov bununla Azərbaycanda onu siyahıdan silənləri yanıltdığını söyləyib: “Vurduğum qollarla hər şeydən əvvəl özümə və mənə inanmayanlara sübut etmək istədim ki, sussunlar. Hər zaman oynaya bildiyimi göstərdim. Azərbaycanı başqa ölkədə necə təmsil etdiyimi görsünlər. Azərbaycan millisinin keçmiş futbolçusu kimi vurduğum qollara orada sevinmirlərsə, bundan sonra nə danışım? Öz işimi görməkdə davam edəcəyəm və həmişə qol vurmağa çalışacağam. Görünür varlığım kimlərəsə güclü toxunub ki, məni unudublar. Unutmalarının bundan sonra mənə nə isti-soyuğu var. Amma qollarımı mənə inanmayanlara həsr edirəm. Düzü, incimirəm, onlara böyük salam göndərirəm. Kimləri nəzərdə tutduğumu özləri yaxşı bilirlər”.

Qeyd edək ki, “Slaviya” Belarus çempionatında sona 4 tur qalmış 27 xalla 14-cü pillədə qərarlaşır.