Brexitdən sonra Tramp, indi isə Le Pen? Dünya

Brexitdən sonra Tramp, indi isə Le Pen?

"The Telegraph" yazır ki, Fransa da Amerikadan nümunə götürərək seçkilərdə Milli Cəbhə Partiyasının lideri, ifrat sağçı və millətçi Marine Le Pen-ə səs verə bilər. Qəzet Fransanın aparıcı filosoflarından birinə istinadən yazır ki, buna səbəb adamların siyasətçilərin yalan, ya doğru dediyinin fərqində olmamasıdır. Son rəy sorğuları göstərir ki, xanım Le Pen baharda keçiriləcək prezident seçkisinin birinci turunda qalib gələ bilər, belə ki, o hazırda ən yaxın rəqibi olan respublikaçı namizəd Sarkozydən 20 xal irəlidədir.
İkinci turda isə sağ-mərkəzçi namizəd Alain Juppe böyük bir ehtimalla onu məğulb edəcək. Bir vaxtlar Fransanın yaşayan dahi filosofu sayılan Bernard-Henri Levy deyib ki, bu seçki rəy sorğularının doğrulmadığı növbəti hadisə ola bilər. "Əgər Tramp mümkündürsə, hər şey mümkündür", - deyib cənab Levy "The Telegraph" qəzetinə: "İnnən belə daha heç nə ağlasığmaz deyil".
O deyib ki, Le Penə gəldikdə, onun qələbəsi mümkündür, çünki insanlar siyasətə maraqlarını itiriblər, əvəzində ümidlərini şəxsiyyətlərə bağlayıblar. "Adamlar siyasətə getdikcə daha az qulaq asırlar və bəzən belə bir təsəvvür yaranır ki, onların namizədlərin yalan, ya doğru söyləməsi veclərinə deyil" - deyib filosof.
Professor deyib ki, indi adamları həqiqətdən daha çox namizədin teatral qabiliyyəti cəlb edir. "Biz də bilirik ki, hər bir faşist bunu çox yaxşı bacarır". Cənab Levy deyib ki, Amerikada Trumpın seçilməsinin özü Avropada populizmin baş alıb getməsindən qaynaqlanıb. O deyir ki, qlobal populizm teatrında üç böyük çevriliş baş verib, Le Penin yüksəlişi, Silvio Berluskoninin hakimiyyəti və Brexit.
Alim bildirib ki, ola da bilsin bu seçkidə namizəd olan Nicolas Sarkozy xanım Le Penin siyasətlərini oğurlasın və əsas partiyalardan əl üzənləri cəlb etsin. "Nicolas Sarkozy öz siyasətlərini Le Peninkinə uyğun olaraq bəsitləşdirə və ya sadəcə bu ideyaları "oğurlaya" bilər. Amma fərq bundadır ki, həmin siyasətlərə Sarkozynin özü də inanmayacaq" - deyib Levy. Alim bildirir ki, Sarkozy bunu bacarsa, onda qələbə şansı olacaq və maraqlısı da budur ki, o, Le Penin qarşısını ala biləcək.
Fransa seçkilərində qalib gələcəyi gözlənilən Alain Juppéyə isə professor məsləhət görür ki, rəy sorğularına çox da inanmasın. Sorğular deyə bilər ki, o irəlidədir, amma əslində belə olmaz. Rəy sorğuları daha düz çıxmır. Onlar İngiltərədə, ABŞ-da düz çıxmadı, Juppe məsələsində də düz çıxmaya bilər.