Obama Hələblə bağlı tapşırıq verdi Dünya

Obama Hələblə bağlı tapşırıq verdi

ABŞ prezidenti Barak Obama Suriyanın Hələb şəhərində əhaliyə qarşı artan ekskalasiyanın fəallığının qarşısının alınması və humanitar yardımın əlçatılan olması üçün mümkün ölçülərin götürülməsi tapşırığını verib. Bu barədə "interfax.ru" saytı Ağ ev rəsmisi Coş Ernestin xəbərinə istinadən yazır.
Bundan əlavə, Obama Hələbdən çıxmaq istəyənlərə bu istiqamətdə yardım etmək tapşırığını da verib. Bu tapşırıqlar milli təhlükəsizlik şurasının üzvlərinin prezidenti şəhərdə baş verən hadisələrlə bağlı məlumat çatdırmalarından sonra verilib. Şura təmsilçiləri Hələbdə baş verənlərdə Rusiya və İranı ittiham ediblər.
Lakin bu arada sözügedən ittihamlar əsnasında bəlli olub ki, Rusiya və Türkiyənin ortaqlığı sayəsində Suriyanın hökumət qüvvələri ilə silahlılar arasında müəyyən razılaşmalar əldə olunub. Belə ki, mötədil müxalifətə və digər silahlı qruplaşmalara Şərqi Hələbi tərk etmək üçün şərait yaradılıb. Bu barədə isə ərəb nəşri "Al Masdar" yazır.
Tərəflər arasında müəyyən olunub ki, bu gündən başlayaraq, silahlılar da daxil olmaqla mülki şəxslər nəqliyyatla təmin olunmaq şərti ilə şəhərin cənub hissəsinə doğru çıxarılacaqlar. Həmçinin, silahlılara öz üzərlərində yüngül silahlar daşımaq razılığı da verilib. Lakin ağır silahlar hökumət qüvvələrinə təhvil veriləcək.
Razılaşmaya əsasən, silahlılar Hələbdə törətdikləri əməllərinə görə hökumət qüvvələri tərəfindən təqib edilməyəcəklər. Eyni zamanda qeyd olunur ki, ABŞ prezidenti Obamanın bütün bunlardan xəbərsiz olaraq Rusiya və İranı ittiham etməsi təəccüb doğurur.