Əli Abbasov: “Rusiyanın dağılması prosesi gedir” Dünya

Əli Abbasov: “Rusiyanın dağılması prosesi gedir”

"Bəzən deyirlər ki, rus diplomatlarını deportasiya edirlər. Bu, deportasiya deyil. Çünki deportasiya diplomatik şəxslərə aid deyil. Əslində belə təcrübə əksər ölkələrdə var. İstənilən ölkə ərazisində olan diplomatı çıxara bilər. Qarşı tərəf də şübhəsiz ki, buna adekvat cavab verir. Hazırda rus diplomatlarla bağlı müşahidə etdiyimiz prosesin sonu bilinmir".
Bunu professor Əli Abbasov Avropadan rus diplomatların çıxarılmasına münasibətində deyib: "Böyük ehtimalla Londonda casuslara qarşı sui-qəsddə rusların əli var. Bu səbəbdən də Avropa ölkələri Moskvaya qarşı həmrəylik nümayiş etdirir. Ancaq hələlik adekvat addımlar atılmır, gözlənilir ki, prosesin sonu necə olacaq. Sadəcə, bəzi ölkələr Londona qarşı dəstək jesti edirlər. Bəzi ölkələr də bu addımı məcburən atır. Bu ölkələrdən biri də Moldovadır. Bu proses hələ davam edəcək".
Professor onu da qeyd edib ki, diplomatik sahədə müşahidə olunan proses başqa istiqamətlərə də sirayət edə bilər: "Bundan əvvəl iqtisadi sahədə addımlar atılıb. Avropa Birliyi və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bu sanksiyalar işləyir. Güman ki, Rusiyaya qarşı yeni tədbirlər də nəzərdə tutulur, amma biz onun nədən ibarət olduğunu hələlik bilmirik. İqtisadi sanksiyalar isə Rusiyaya üçün çox ciddi addımdır. Burada məsələ ondadır ki, Böyük Britaniya kimi dövlət ABŞ-la müqayisədə daha çox rus diplomatını ölkədən çıxarıb. Mən SSRİ dövrünü nəzərdə tuturam. SSRİ dövründə ən gərgin diplomatik əlaqələr Moskva ilə London arasında yaşanıb".
Professor onu da bildirib ki, hərbi qarşıdurma 5 ildən çoxdur gedir. Bu açıq-aydın görünür. Konkret olaraq, Rusiya-Qərb sərhədlərində işlər aparılır. Rusiya öz tədbirlərini, NATO isə öz işlərini həyata keçirir. Faktiki olaraq sərhədlərdə NATO və Rusiya üz-üzə dayanıb. Üstəlik Suriya, Ukrayna münaqişələrində hər iki tərəf iştirak edir.
Hələlik bu münasibətlərin silahlı qarşıdurmaya çevrilmək ehtimalı yoxdur. Amma Böyük Britaniya ortaya faktları çıxarsa və casus ölümlərində rus əlinin olduğunu ortaya qoysa, bu zaman münasibətlər daha da kəskinləşəcək. Onu da demək lazımdır ki, bütün ölkələr müharibənin başlamasından qorxur. Əvvəla, ABŞ hərbi doktrinasına görə, müharibə başlasa, birinci növbədə atom silahından istifadə edilə bilər. Bu silahlar Rusiyada da var. Odur ki, tərəflərin özləri də müharibədən çəkinir: "Rusiyanın və Putinin ən ağır, gərgin və çətin vəziyyətidir. Görək Putin yeni prezidentlik müddətinə nə ilə başlayacaq. Adətən, o, prezident seçkilərindən sonra nitqlə çıxış edir. Baxaq görək, bu nitqdə hansı məqamlar qabarıq olacaq".