Parlamentarilər sığortaçıları ittiham etdilər Hadisə

Parlamentarilər sığortaçıları ittiham etdilər

Oqtay Əsədov: "Milyonlarla pul qazanmaqlarına baxmayaraq, həmin pulu xərcləməyə xəsislik edirlər"

Fəzail Ağamalı: "Sığortalar kommersiya bankları kimi xalqın qanını sorur"

Ziyad Səmədzadə: "Gecikdirmələr, süründürməçilik olur, yol qəzası zamanı maşını saatlarla yolun ortasından götürmürlər ki, get, filan sənədi gətir"

Milli Məclisin dünənki iclasında "Hərbi qulluqçuların icbari sığortası haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığortası haqqında" qanunlara dəyişikliklər edilməsi barədə məsələləri müzakirə edib. Müzakirələr zamanı parlamentarilər Azərbaycanda sığorta sahəsindəki problemlərə toxunublar.
Məsələ ilə bağlı deputat Fəzail Ağamalı çıxışında qeyd edib ki, sığortanın məcburi olması vətəndaşlar üçün problemlər yaradır: "Sığortalar kommersiya bankları kimi Azərbaycan xalqının qanını sorur. Kimsə maşın, ev alanda onu məcbur edirlər ki, sığorta müqaviləsini alsın. Bu isə əlavə problemlərə səbəb olur. Digər tərəfdən, sığorta şirkətləri dəyən ziyanı ödəməkdə də problemlər yaradır".
Spiker Oqtay Əsədov isə bildirib ki, bu sahədə həqiqətən problemlər mövcuddur: "Bu gün sığorta sahəsində ciddi problemlər var. Bununla bağlı xeyli sayda şikayət məktubları daxil olur. Ümumiyyətlə, dünyada sığorta şirkətləri pul qazanmaqla məşğuldur. Onlar milyonlarla pul qazanmaqlarına baxmayaraq, həmin pulu xərcləməyə xəsislik edirlər. Düşünürəm ki, Azərbaycanda da bu məsələyə yenidən baxmaq lazımdır".
Parlamentin İqtisadl siyasət komitəsinin sədri Ziyad Səmədzadə də sığorta bazarının həcminin 400 milyon manatı ötüb, keçdiyini bildirib. O, F.Ağamalının qaldırdığı məsələ ilə razılaşaraq dedi ki, Milli Məclisə də etirazlar gəlir və bununla bağlı araşdırmalar aparılır: "Doğrudan da gecikdirmələr, süründürməçilik olur, çoxsaylı arayışlar tələb edilir. Yol qəzası olaraq maşını saatlarla yolun ortasından götürmürlər ki, get, filan sənədi gətir".
Z.Səmədzadə di ki, yeni layihənin qəbulundan sonra sığortaçı sığortanı ödəməyəcəksə, o halda müəyyən miqdarda cərimələr tətbiq ediləcək.
Deputat Qənirə Paşayeva da çıxışında bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirənlərdən danışıb və qeyd edib ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirən vətəndaşların hüquqlarının daha ciddi qorunmalıdır: "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında qanuna dəyişiklikləri dəstəkləyirəm. Çünki bu gün ən çox belə hallardan biri tikinti sektorunda baş verir. Bu sektor da daxil olmaqla, bəzi özəl sahələrdə işçilər əmək müqaviləsi və icbarı sığortası olmadan çalışdırılırlar. Buna qarşı da sərt mübarizə aparmaq lazımdır, çünki istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirməklə vətəndaşlar ağır vəziyyətlə üzləşirlər. Ona görə əmək müqaviləsi və icbari sığortası olmadan çalışdıranlara qarşı çox ciddi mübarizə aparılmalıdır".
Depuata eyni zamanda bədbəxt hadisələr zamanı peşə-əmək qabiliyyətini itirənlərin icbari sığorta haqlarını almalarında bəzi hallarda rast gəlinən süründürməçilik hallarından da danışıb.
"Bununla bağlı bəzən vətəndaşlardan şikayətlər və müraciətlər də edirlər. Bu cür süründürməçilik hallarının son qoyulmalıdır. Və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirmiş vətəndaşlar normal şəkildə sığorta haqlarından yararlanmalıdırlar. Düşünürəm ki, bu sahədə mexanizmlərin və görülən işlərin keyfiyyəti daha da artırılmalıdır".