Erkən nikahlar problemi dərinləşir Hadisə

Erkən nikahlar problemi dərinləşir

Əgər qızlar 18 yaşına çatmamış nikaha məcbur edilirlərsə, valideyn məsuliyyətə cəlb olunmalıdır

Azərbaycanda nikah yaşı 18 olsa da, erkən yaşda ərə verilən qızların sayı ilə bağlı ciddi rəqəmlər var və bu, son illər artmaqda davam edir. Ölkənin bəzi bölgələrində qız uşaqlarını çox erkən yaşlarında - 15-16-17 yaşlarında ərə verməyə adət ediblər. Belədə yeniyetmə qızlar təbii ki, həm də erkən yaşda ana olurlar. Rəsmi statistikadan belə məlum olur ki, erkən yaşda ana olan azərbaycanlı qızların sayı hər il bir neçə yüz nəfər artır.
Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə 3538 nəfər yeniyetmə (15-17 yaşlı) qız dünyaya uşaq gətirib. Bir il sonra bu rəqəm xeyli artıb. Belə ki, 2010-cu ildə 15-17 yaşlı 4103 nəfər yeniyetmə qız ana olub. 2011-ci ildə erkən yaşda ana olan yeniyetmə qızların sayı bir qədər də artaraq 4500-dək yüksəlib.
Qeyd edək ki, nikah yaşı çatmayan qızlarla bağlı digər utancverici faktlar aşkarlanıb. Məlum olub ki, erkən yaşda aborta məruz qalma halları da ildən-ilə artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə 15-17 yaşı olan 131 qız aborta məruz qalıb. Sonrakı illərdə bu rəqəm bir qədər də artıb: 2009-cu ildə 15-17 yaşında 145 qız, 2010-cu ildə isə bu yaşda 158 qız abort etdirib. "Uşaq-ana", "Uşaq nikahları" - son vaxtlar sosial problem kimi dünya ölkələrini narahat etməkdədir.
Azyaşlı qızların oğlanlarla seksual münasibətinin yaşı get-gedə aşağı düşür. Hər il dünyada 15 yaşına qədər 7,3 milyon yeniyetmə qız ana olur. Onlardan 2 milyonu 14 yaşına qədər erkən dünyaya uşaq gətirir. Rusiyalı ekspertlər narahatlıqla hətta ölkədə 9 yaşında hamiləlik və doğuş hallarına rast gəlindiyini bildirirlər. Ölkənin 60 regionunda aparılan tədqiqatlar qeyri-adi faktları ortaya çıxarıb. Bununla belə, ruslar erkən hamiləliklə bağlı planetdə birincilik qazanmadıqlarına görə sevinirlər. Çünki dünya ölkələri arasında "Uşaq hamiləliyi"nə görə ən yüksək göstərici ABŞ-ın payına düşür. Rusiyada da bu göstərici kifayət qədər yüksək olsa da, Şimali və Qərbi Avropa ölkələrindən aşağıdır.
Ekspertlər narahatlıqla "Uşağın fiziologiyası bu çətin, ekstremal sınağa hazırdırmı?", "Cinsi tərbiyəni uşaqlar hansı yaşdan öyrənməyə başlamalıdırlar?" suallarına cavab axtarırlar. Sorğuların göstərdiyi kimi, 85 faiz respondentlər bu cür suallara məktəblərdə cavab axtarılmasını dəstəkləyir. Müzakirələri əhatə edən suallar isə kifayət qədər çoxdur: hamiləliyin başlanması, kontroseptik metodlar, xəstəliklər, cinsi yolla keçən xəstəliklər. Sorğuda iştirak edənlərin əksəriyyəti hesab edir ki, xüsusilə 15 yaşına qədər yeniyetmələrə bu sualların cavabını əhatə edən dərslər keçirilməlidir. Dünya praktikasında isə əsas informasiya mənbəyi səhiyyə sistemi, hər şeydən əvvəl ixtisaslı xidmət, ailə planlanması barədə proqramlar, vətəndaş cəmiyyəti, səhiyyə sistemi ilə əməkdaşlıq edən aparıcı şəxslər və cinsi tərbiyə ilə bağlı məktəb proqramlarıdır. Rusiyada isə bu elementlərlə bağlı informasiya sistemi kifayət qədər inkişaf etməyib.
Rusiyada aparılan tədqiqatlar göstərir ki, meqapolis şəhərlərdən daha çox kənd yerlərində qızlar cinsi əlaqədə olurlar. Onlar daha erkən ərə gedir və erkən də ayrılırlar. Qızların təhsilsizliyi, ailələrinin sosial vəziyyəti bəzən problemin yaranmasında rol oynayır. Özlərini təhsilli və maliyyə cəhətdən təmin olunmuş müasirləri ilə müqayisədə erkən doğuşlar və nikahlar onların həyatında daha çox baş verir. Proqnozlar da xoş deyil. Belə ki, statistikaya görə, təkcə Rusiyada 2030-cu ilə qədər 15-19 yaşlı qızlar arasında bu istiqamətdə problem 25 faiz artacaq.
Qonşu Türkiyədə də erkən nikahlar sarıdan həyəcanlı xəbərlər eşidilir. Yaxın günlərdə mətbuatda yayımlanan "11 yaşında ərə verildi, 12 yaşında ana oldu, 13 yaşında 2-ci uşağa hamilə ikən ərinin zorakılığı ilə öldürüldü" xəbəri erkən nikahın növbəti faciəsini çatdırdı. Statistikaya görə, Türkiyədə hər il 5 minə qədər 15 yaşına çatmayan qız uşağı ərə verilir.
Ekspertlər bildirir ki, "Yeniyetmə hamiləliyi"nə BMT-nin diqqət ayırması çox vacibdir. Ona görə yox ki, dünyanın bir sıra regionlarında, xüsusilə inkişaf etmiş ölkələrdə 15-19 yaş qruplar arasında doğuşlar çox yüksəkdir. Ona görə də yox ki, bir sıra inkişaf etmiş ölkələrdə həmin yaş dövründə doğuşların çoxu süni abortla başa çatır. Ona görə ki, nə qədər bayağı və pafoslu səslənsə də, 15-19 yaş bizim gələcəyimizdir. Yeniyetmələrin uzun reproduktiv həyatı var. Bu, hansı sonluqla bitir? Bu sualın cavabı onların həyatının necə başlamasından asılıdır. Əgər qızlar yetkinlik dövrü haqqında nəzəri biliklərlə silahlansalar, sonra stabil cütlüyə çevrilsələr, həmin cütlük gələcəkdə dünyaya normal uşaq da gətirər. Yox, əgər yeniyetmə qızların həyatı təsadüfi insanlarla cinsi əlaqədən başlayırsa təbii ki, bu, arzuolunmayan hamiləlik xəstəliklərlə, bəzən də faciələrlə sonuclanır.
Ölkə ərazisində erkən hamiləliklə bağlı faktlar az deyil. Həm də bu faktlar təkcə erkən nikahlarla yox, qeyri-rəsmi münasibətlərlə də bağlıdır. Bu istiqamətdə statistika açıqlanmasa da, vəziyyət o qədər də ürəkaçan deyil. Ümidli Gələcək Gənclər Təşkilatının rəhbəri Kəmalə Aşumova da ölkəmizdə bu cür faktlara rast gəlindiyini istisna etməyib: "Qızların erkən nikaha cəlb olunması, qeyri-rəsmi əlaqələr qurmaları ilə bağlı faktlar hazırda bizdə də çoxdur. Reabilitasiya mərkəzi olaraq bizdə 13-14 yaşlı qızların abort etməsi ilə bağlı qeydiyyatlar olub. Sonradan hüquq-mühafizə orqanları tərəfindən araşdırılaraq bu cür halların harada və hansı şəraitdə baş verməsi üzə çıxıb". Ekspert hesab edir ki, bu faktlar əksər hallarda ailədə valideynlərin davranışı, uşağın tərbiyəsinin düzgün qurulmaması, ailənin sosial vəziyyətinin ağırlığı və s. amillərdən irəli gəlir. Həmçinin onların ünsiyyət etdiyi qruplaşmalar, dostları da rol oynayır: "Amma bütün hallarda məsuliyyət valideynin üzərinə düşür. Bəzən valideyn uşağını təklikdə böyüdür. Çörəkpulu dalınca gedir. Uşaq nəzarətsiz qalır. Bu, həm də uşağın dünyagörüşünün düzgün olmayan formada inkişafına səbəb olur. Həmçinin uşaqların internetə, evdən bayıra və digər riskli qruplara aludəçiliyi də rol oynayır. Nəticədə isə yetkinlik yaşına çatmayanlar belə bir problemlə üzləşir. Sosiallaşma dövründə uşaq həm ailəsinə bağlılığı dərk etməli, həm də pis davranışlara meyilli olmamağı anlamalıdır".
Ekspertin sözlərinə görə, azyaşlının cinsi əlaqədə olduğu şəxs, abortu edən həkim və ya dərmanı əldə etdiyi aptek işçiləri məsuliyyətə cəlb olunmalıdırlar. Belə ki, erkən hamiləlik həm qanuna, həm də azyaşlının bioloji durumuna görə riskdir. Belə ki, onun az yaşında ana olması, dünyaya uşaq gətirməsi, bədəninə zərbə vurur. Kəmalə Aşumovanın fikrincə, qızlar yalnız yetkin yaşa çatan dövrdə ailə qura bilərlər. Bəzən ailələr sosial vəziyyətləri ağır olduğu üçün, yəni ailədə uşaqlardan birinin sayı azalsın deyə, övladlarını "satırlar". "Təəssüf ki, bununla ailənin rifahı düzəlmir. Valideyn öz uşağına travma vurmuş olur. Çox vaxt bu erkən nikahlarla ailə quran qızlar getdiyi ailələrdə ya ünsiyyət qura bilmir, ya da uşağa baxmağı bacarmırlar. Bu üzdən yenidən öz valideynlərinin üstünə qayıdaraq, ailəsinə əlavə bir problem də gətirirlər". Ekspert hesab edir ki, bu sahədə ailənin maariflənməsi, insanların övladına normal qayğını göstərməməsi, valideyn məsuliyyətinin düzgün dərk edilməməsi nəticəsində qızlar erkən nikaha məcbur edilir. Əgər qızlar 18 yaşına çatmamış nikaha məcbur edilirlərsə bu, valideynin məsuliyyətə cəlb olunması ilə nəticələnməlidir.
Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova qeyd edib ki, yetkinlik yaşına çatmayanların erkən nikahı və hamiləliyi istiqamətində ölkədə mühüm tədbirlər həyata keçirilir. Bununla belə, problem qalmaqdadır: "Müəyyən dövr vardı ki, məişət zorakılığı, insan alveri qurbanları, çətin vəziyyətdə yaşayanlar 13-15 yaşlarında ailə qurur və dünyaya uşaq gətirirdilər. Hazırda bununla bağlı vəziyyət o qədər də gərgin deyil. Amma cəza tədbirlərinin nəzərdə tutulmasına baxmayaraq, yenə də faktlar kifayət qədərdir".
Mehriban Zeynalova faktla bağlı lazımı orqanlardan statistik rəqəm ala bilmədiyini də bildirir: "Məlumat ala bilmirik ki, erkən nikahlarla bağlı nə qədər fakt var və ya bununla bağlı kimsə cəzalanıb, ya yox". M. Zeynalova qeyri-rəsmi münasibətdə olan yetkinlik yaşına çatmayanların hamiləliyini onların savadsızlığı ilə əlaqələndirib: "Bizdə elə faktlar olub ki, hətta, qızlar ailə qurduğu adamın adını və soyadını bilməyib. Ancaq ondan dünyaya uşaq gətirib. Onların təhsilsizliyi, həyata hazır olmamaları bu cür addım atmalarında rol oynayıb". Mehriban xanım erkən hamiləlik hallarının həm Bakıda, həm də regionlarda baş verdiyini qeyd edir: "Demək olmaz ki, Bakı bu baxımdan ideal şəhərdir. Ancaq bu cür münasibətlər rayonlarda baş verəndə daha qabarıq görünür".
Qeyd edək ki, bir çoxu uşaq və yeniyetmə nikahlarını İslam dini ilə pərdələyir. İlahiyyatçı Elşad Miri birmənalı olaraq bildirir ki, İslam dinində erkən nikahlara icazə verilmir: "Nə qədər iddia edilsə ki, Məhəmməd peyğəmbər özündən çox kiçik - 9 yaşlı Aişə ilə evlənib, bu, İslam dininə vurulan zərər və ləkələrdən biridir. İslamda belə bir hadisə olmayıb. Həmin xanımın da 18 yaşı olub. Peyğəmbərimiz isə öz qızlarını nə 9, nə də 13 yaşında ərə verib. Bunun Həzrəti Fatimə nümunəsində də şahidi ola bilərik". Elşad Mirinin fikrincə, qızların erkən yaşında hamilə qalması İslam dinində zina hesab edilir. Belə ki, zina islam dinində ən böyük günahlardan sayılır: "Yeniyetmə oğlanla yeniyetmə bir qızın təklikdə bir otaqda qalması barıtla atəşin bir yerdə olması kimidir. Ona görə İslam dini bir oğlanla bir qızın təklikdə qalmasını qadağan edir. Əgər evlənəcəklərsə, bunun ən gözəl yolu Allahın bildirdiyi şəkildə, şahidlərin hüzurunda ailə həyatı qurmalarıdır".
İlahiyyatçı hesab edir ki, müvəqqəti nikah anlayışının İslamla əlaqələndirilməsi, vətəndaş nikahı adı altında insanların əxlaqsızlığa sürükləndirilməsi gələcək nəslin korlanmasına, ailə məfhumunun aradan qalxmasına gətirib çıxaran səbəblərdir. Belə ki, müəyyən boşanmalar, övlad dünyaya gətirmələrin sayının azalması bir çox gələcək təhlükələrin əsasını qoyur: "Erkən yaşda ailə qurmağa məcbur edilmə həmin övladın sabah əxlaqdan kənar yaşamasına səbəb olur. Çünki o özünün istədiyi həyatda deyil, valideynlərinin məcbur etdiyi həyatda yaşayır. Buna görə də valideynlər günah qazanmış olurlar".

Ülviyyə Tahirqızı