Qarabağın atüstü oyunları Mədəniyyət

Qarabağın atüstü oyunları

Onlar özündə qədimliyi, zənginliyi və rəngarəngliyi ehtiva edir

I yazı

Azərbaycan xalqının ənənəvi oyun mədəniyyəti qədim, zəngin, əhatəli və rəngarəngdir. Bu zəngin ənənəvi mədəniyyət müxtəlifliyi içərisində at üstündə oynanılan oyunların xüsusi yeri var. Azərbaycan xalq oyunlarının bu hissəsi az öyrənilib və müasir tipli tədqiqatlardan kənarda qalıb. Əlimizdə olan nəticələr isə yalnız təsvir xarakterli toplama nümunələridir. Getdikcə unudulmağa doğru gedən və real oyun təcrübəsindən çıxmağa başlayan bu qrup oyunların öyrənilməsinə, qorunmasına və bərpasına mədəni müxtəlifliyimizi yaşatmaq, gələcəyə itkisiz və zədəsiz çatdırmaq baxımından ciddi ehtiyac duyulmaqdadır.
Söyləyicilərin məlumatlarından və oyun nümunələri üzərində müşahidələrdən aydın olur ki, Qarabağda atüstü oyunların zəngin resursları var. Təhlil nəticəsində Qarabağın atüstü oyunlarının eyni zamanda özündə arxaik ritual elementlərini də ehtiva etməsi üzə çıxır. Müxtəlif dövrlərin miqrasiya prosesləri Qarabağın atüstü oyunlarında izlərini saxlayıb. Bu oyunlar həm qədim Albaniya dövrü Azərbaycan mədəniyyətini, həm orta əsrlər dövrünü, həm də müasir dövrdəki inteqrasiya və transformasiya proseslərini öyrənmək üçün material verir.
Mövcud tədqiqatlarda Qarabağın atüstü oyunları "tərəkəmə oyunları" adı altında təsnif olunub, "Papaq oyunu", "Dəsmal oyunu", "Keçipapaq oyunu", "Çoban oyunu" və s. təqdim olunub. Bizcə, bu oyunlar öz xarakterinə görə "Çoban oyunları" qrupuna aid edilməlidir. Təsnifat sistemində isə "atüstü oyunlar" olaraq seçilməlidir. Çünki burada oyunun kollektivin sayından asılı olmayaraq əsas iki tip iştirakçısı var. Bunlardan biri adam (atlı), digəri isə atdır.
Türk xalqlarının, o cümlədən azərbaycanlıların ənənəvi mədəniyyət tarixində atla oynanılan oyunların çox önəmli bir yeri var. Bu önəm özündə həm qədimliyi, həm zənginliyi, həm də rəngarəngliyi ehtiva etməkdədir. Azərbaycanda atla oynanılan oyunlar haqqında orta əsrlərə aid yazılı qaynaqlarda geniş məlumatlar əksini tapır. Buraya Mahmud Kaşqarlının "Divan"ını, Nizami Gəncəvinin "Xəmsə"sini, Firdovsinin "Şahnamə"sini, və s. aid etmək olar. Nizaminin "Xosrov və Şirin" əsərinə illüstrasiya olaraq çəkilmiş XVI əsrə aid miniatürdə "Çövkan" oyununun təsviri verilib. Azərbaycanın Beyləqan rayonu ərazisindən arxeoloji qazıntılar nəticəsində şirəli qablar üzərinə çəkilmiş atüstü oyun təsvirləri də bu qaynaqlar sırasına aid edilə bilər. Burada iki əsas məsələ aydınlaşır:
1. Atüstü oyunların tarixi qədimdir.
2. Atüstü oyunların qədim məkanlarından biri Azərbaycandır.
Atüstü oyun tarixinin zamanı və məkanı haqqında ümumi mülahizələrdən yola çıxdığımız zaman onun bu çərçivə daxilində daha detallı şəkildə öyrənə bilməmizə imkan yaranır. Çünki ənənəvi mədəniyyət fenomeninin öyrənilməsində zaman və məkanın müəyyənləşdirilməsi çox vacibdir. Əlbəttə, atüstü oyunlar türk xalqlarının yaşadıqları bütün ölkələrdə və bölgələrdə möv¬cuddur. Bu tipli oyunlar bu və ya digər şəkildə başqa xalqlarda da müşahidə olunur. Amma türk xalqları dünya mədəniyyət tarixinə "Atlı mədəniyyəti", "Bozkır mədəniyyəti" kimi xüsusi bir fenomen bəxş ediblər. Türk xalqlarının əski tarixində at üstündə doğulub, böyüyüb, elə at üstündə də ölmək kimi bir həyat tərzi nümunəsi olub. At türkün həyatında və məişətində onunla tam vəhdət təşkil edib, onun ayrılmaz hissəsi, dominant elementi olub. İbtidai türk mədəniyyətində igid atı ilə birlikdə dəfn olunur. Arxaik ritualda at "o dünya"ya keçidi təmin edən vasitə kimi isitifadə olunur.
Əski epik məlumatda ad və at qoşalaşması müşahidə edirik. Belə ki, dastan qəhrəmanlarının adlarında ən intensiv müşahidə olunan məsələ onların atlarına görə tanın¬masıdır. Yəni at adın epiteti olur və bu, sistemli xarakter daşıyır. "Qədim türk lüğəti"ndə də "at" iki anlamı ifadə edir-ad və titul. M.Kaşqarlının "Divan"ında ayrıca "ad" sözü yoxdur; həm at (horse), həm də ad (name) anlamında "at" sözü verilib.
Məlumdur ki, türk dastanlarında at mühüm bir obrazdır. Türkün həyatında atın oynadığı çox önəmli rol dastanlarda da özünü göstərir. Dastan qəhrəmanları atı təkcə dost deyil, həm də qardaş bilirlər ("At igidin qardaşıdır"- "Koroğlu" dastanında). Qəhrəmanın atını oxşayaraq "əslim qara kişiydi, adımı sən çıxardın, yürügüm" deməsi də ata münasibətin nə dərəcədə önəmli oldu¬ğunu göstərir. Dədə Qorqud boylarında da əsas rolu at oynayır, ər öyünür. Qazan deyir: "Hünər atınmıdır, ərinmidir?", "Ərindir" dedilər. Xan "Yox, at işləməsə, ər öyünməz. Hünər atındır". "At işlər, ər öyünər" (Dədə Qorqud). At haqqındakı eyni sözləri orta əsrlər türk dastanlarında da müşahidə edirik. XVIII əsrin tarixi qəhrəmanlarından olan Kötübar Batırın al atı da düşmənin gəlməsini sahibinə xəbər verir. Bu məlumat "Ayman-Çolpan" lirik şeirinde təsvir edilib.
Altay-Yenisey dastanlarında qəhrəmanlar hər yerdə atları ilə birlikdə xatırlanır: Ağ atlı Ağ xan, Ağboz atlı Ağ molot, Qara atlı Qatay xan, Göy atlı Göy xan və s.
Ötən əsrin birinci yarısında Altay-Yenisey türklərinin dastanları üzərində araşdırmalar aparan V.Titova görə, qəhrəmana ad, at aldığı gün verilir. Dədə Qorqud boylarında da qəhrəmanlıq gös¬tərən Bamsı Beyrəyə Dədə Qorqud "bunun adı boz ayğırlı Bamsı Beyrək olsun" deyir. Salur Qazan da "Qonur atın sahibi" deyə xatırlanır. Gəncin yalnız qəhrəmanlıq göstərdikdən sonra at və ad alması dastan məlumatlarında təsdiqlənir. At və ad alan gənc artıq qəbilənin həqiqi üzvü olur. V. Titovun da qeyd etdiyi kimi, qəhrəman olmayan adi adamların adı yoxdur.
Qeyd et¬dik ki, türk adlandırma sistemində atın xüsusi yeri var. Burada atla adlandırma sistemi qabiliyyət və əlamətlə adlandırma sisteminə doğru inkişaf edir. Bu zaman at adın yanında epitet olur. Beləliklə, adlandırma sistemi yeni bir mərhələyə keçmiş olur.
1. At adın epiteti olur. Bunu aşağıdakı paraleldə müşahidə edə bilərik:
- Qonur atlı - Qazan
- Təpəl qaşqa -Tondaz
- Gög bədəvi - Qaragünə
- Ağ bədəvi - Şir Şəmsəddin
- Boz ayğırlı - Beyrək
- Turı - Yegnəg və s.
Buradan görünür ki, atlar bəzi differensial əlamətlərlə təqdim olunur. Belə ki, atla yanaşı ayğır da işlədilir və onlar rənglərə görə çeşidləndirilir: Qonur, Gög (boz), Ağ, Boz, Turı (qırmızı) və s.
2. Atla bağlı qabiliyyətə görə fərqləndirmə.
Bu aşağıdakı nümunədə müşahidə olunur:
Ayğırgözlü suyundan at yüzdürən.... İlək Qoca oğlı Alp Ərən. Qalın Oğuz bəglərini bir-bir atından yıqıcı Qazlıq Qoca oğlı bəg Yegnəg. Atının bəzəyinə görə fərqləndirmə. Bunu bu nümunədə müşahidə edirik: - Atı bəhri hotazlı Qarabudaq və s.
Oğuz bəyləri təqdim olunduğu zaman onların atları da burada yer alır.Yəni kimin hansı ata sahib olduğunu da diqqətə çatdırır. Hər kəsin atı ilə təqdim olunduğu formulda "At ağızlı Aruz Qoca" nın atının adı çəkilmir...
Nümunələrdən və eposda qorunmuş motivlərdən də aydın olur ki, adlandırmanın ritual əsasları mövcuddur. Əski cəmiyyətdə fərdlərə ad vermək üçün xüsusi törənlər təşkil olunub. Bu zaman əsas diqqət ad alacaq fərdlərin fiziki və zehni səviyyələrinin yoxlanmasına verilib. Ritual sınaqlarında güləş, cıdır (at yarışı), oxatma, savaş (qılınc oynatma), ov məharəti və s. yoxlanılıb. Bütün bu ritual hərəkətlərinin əksəriyyəti atla birbaşa bağlıdır və heç şübhəsiz, atüstü oyunların arxetipləri də bu rituallardan gəlir.
Ənənəvi mədəniyyətdən gələn atın prototiplərindən biri də Qarabağ atıdır. Qarabağın Azərbaycan atçılıq mədəniyyəti tarixində xüsusi bir yeri və mövqeyi var. Qarabağ həm də dünyada məşhur olan Azərbaycanın Qarabağ atının vətənidir. Qarabağ atı dünyada ən yaxşı oyun atıdır. Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olub. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılıb.
Təsadüfi deyil ki, atçılıqla bağlı bir çox peşə və ənənəvi sənətlər də məhz Qarabağda, o cümlədən Şuşada mərkəzləşmişdi. Sərraclıq sənətinin ənənəvi şəkildə yaşadığı yer də Şuşa şəhəri idi. Şuşada atçılıq təsərrüfatları da geniş yer tuturdu. Həm təbii-coğrafi, həm də tarixi-mədəni baxımdan Qarabağ atçılıq mədəniyyətində önəmli bir mövqeyə malik olub. Qarabağ atlarının oyunla bağlılığı həm də onunla səciyələnir ki, "Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən Sumqanda adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.23 km/saat) qaçmaqla qeydə alınıb. Bu dünya rekordundan (70.76 km/saat) təqribən 20 km/saat azdır. Atın adi yerişi saatda 8 kilometrdən çoxdur. Eksteryer etibarilə Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur".
Qaynaqlardan alınan məlumata görə "eramızdan əvvəl I minilliyə aid Manna dövlətinin mövcud olduğu dövrlərə aid mənbələrdə atlardan artıq geniş istifadə edildiyi göstərilir. Manna dövlətinin süqutundan sonra təşəkkül tapmış qədim Azərbaycan dövlətləri - Midiya, Adərbayqan (Atropatena) və Albaniyada da atçılıq geniş yayılmışdı. Herodot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Хəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilib. Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarı ilə Nesey atlarından götürüb. Tariхi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf edib ki, onlardan biri türkmən хalqının yetişdirdiyi Aхaltəkə atları, digəri isə Azərbaycan хalqına məхsus olan Qarabağ atları olub".

Ağaverdi Xəlil,
filologiya üzrə fəlsəfə doktoru