ABŞ, Britaniya və Türkiyə Cənub Qaz Dəhlizi layihəsini dəstəklədiyini bəyan edib Siyasət

ABŞ, Britaniya və Türkiyə Cənub Qaz Dəhlizi layihəsini dəstəklədiyini bəyan edib

ABŞ, Böyük Britaniya və Türkiyə Cənub Qaz Dəhlizi layihəsini dəstəklədiklərini bəyan ediblər.
Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasının II iclasında çıxış edən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amoş Hokşteyn bu layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib. A. Hokşteyn enerji təhlükəsizliyi sahəsində mövcud çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıb. O, ABŞ-ın "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırıb.
Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker bu toplantını təşkil etdiyinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırıb. Ölkəsinin "Cənub Qaz Dəhlizi" layihəsini dəstəklədiyini deyən E. Hosker Birləşmiş Krallıq ilə Azərbaycan arasında uğurlu işbirliyindən söz açıb, bu layihənin reallaşmasında Azərbaycan tərəfinin rolunu vurğulayıb.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak TANAPlayihəsinin əhəmiyyətindən danışıb, "Cənub Qaz Dəhlizi" layihəsinin mühüm qolu olan TANAP-ın reallaşmasında Türkiyənin siyasi, iqtisadi və texniki dəstəyinin davam etdiriləcəyini vurğulayıb.