“İlk səfərimdən Azərbaycana heyran oldum” Siyasət

“İlk səfərimdən Azərbaycana heyran oldum”

Fikri Ataoğlu: "Azərbaycanın da Şimali Kipr kimi gözəl turizm potensialı var"


Son illər Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı müşahidə edilməkdədir. Rəsmi olmasa da, qeyri-rəsmi səviyyələrdə təşkilı edilən səfərlər xüsusilə turizm və təhsil sahəsində daha yaxın münasibətlərin qurulmasına imkan yaradır. Bu günlərdə iki ölkə arasında turizm sahəsində daha bir yaxınlaşma qeydə alınıb. Belə ki, Şimali Kipr Türk Respublikasının turizm və ətraf mühit naziri Fikri Ataoğlunun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Azərbaycana gələrək müxtəlif turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məsləhətləşmələr aparıb. Bakıda olduğu müddətə kiprli nazir ölkəsinin turizm təqdimatını da edib. Biz də fürsət tapıb Şimali Kipr Türk Respublikasının turizm və ətraf mühit naziri Fikri Ataoğlu ilə söhbətləşdik.
-Fikri bəy, əvvəlcə Azərbaycana səfərinizin məqsədi barədə məlumat vermənizi istərdim
-Azərbaycana səfərdə əsas məqsədimiz azərbaycanlı qardaşlarımıza Şimali Kipr Türk Respublikasının turizm potensialını tanıtdırmaq, bu barədə ətraflı məlumat verməkdir. Biz istərdik ki, azərbaycanlı bacı və qardaşlarımız da bizim ölkəyə səfər edərək Şimali Kipr Türk Respublikasının gözəllikləri, təbiəti, tarixi abidələri, mədəniyyəti ilə yaxından tanış olsunlar. Həmçinin Şimali Kipr Türk Respublikasından da insanlar Azərbaycana gələrək burada istirahət etsinlər. Çünki Şimali Kipr kimi Azərbaycan da gözəl turizm potensialı olan bir ölkədir. Düzdür, mən birinci dəfədir ki, Azərbaycana səfər edirəm. Amma ilk səfərimdən mən Azərbaycana heyran oldum və təssüf edirəm ki, indiyə qədər bu gözəl ölkəyə səfər etməmişəm. Məlumat üçün qeyd edim ki, Azərbaycana səfərdə mənimlə 30 nəfərlik bir heyət də gəlib. Onlar Şimali Kipr Türk Respublikasının Turizm və Ətraf Mühit Nazirliyinin, turizm agentliklərinin, otellərin, aviaşirkətlərin və s. nümayəndələridir. Bir sözlə başlıca məqsədimiz qarşılıqlı turist səfərlərinin təşkilinə nail olmaqdır. Onu da bildirim ki, bir müddət sonra daha geniş bir heyətlə yenidən Azərbaycana səfər edəcəyik. Həmin heyətin tərkibində turizm agentliklərinin, hotellərin, universitetlərin, inşaat sektorunun nümayəndələri, sənayeçilər, iş adamları, mədəniyyət təmsilçiləri, Şimali Kipr sənətçiləri, folklor heyətləri, bir sözlə, bütün sahələrin təmsilçiləri olacaq.
-Turistlər nə üçün Şimali Kipri seçməlidir? Ölkənizdə xarici, xüsusilə azərbaycanlı turistləri özünə cəlb edə biləcək hansı özəlliklər var?
-Şimali Kipr Türk Respublikasında turistlərin rahat şəkildə, həyatdan zövq alaraq dincəlməsi üçün hər bir şərait mövcuddur. Gözəl dəniz mənzərə, Ağ dənizin sahili turistlərin rahat şəkildə istirahət etmələri üçün əlverişli bir məkandır. Ümumiyyətlə, Şimali Kipr Türk Respublikasının təbiətinə söz ola bilməz. İlin 8-9 ayında dənizə girmək mümkündür. Bundan başqa zəngin mədəni tarixi abidələrimiz, muzeylərimiz var ki, bunlar da turistlər də xoş əhval-ruhiyyə yaradır. Bu gün Şimali Kipr Türk Respublikasında turistlərin rahatlığı üçün hər bir infrastruktur da mövcuddur. 4 və 5 ulduzlu otellərimiz müasir standartlara tam cavab verir və turistlərin rahatlığı üçün otellərdə hər bir imkan yaradılıb. Azərbaycanlı qardaşlarımızın nə üçün Şimali Kipr Türk Respublikasını seçməsinə gəlincə, onu deyə bilərəm ki, biz eyni dildə danışan, eyni mədəniyyətə sahib olan xalqlarıq. Hər bir azərbaycanlı turist özünü Şimali Kiprdə öz ölkəsində olduğu kimi hiss edə bilər. Şimali Kipr Türk Respublikasında yaşayanlar da sizin qardaşlarınızdır. Onlar sizinlə eyni dini, dili, mədəniyyəti paylaşırlar. Türkiyəyə vizasız gedə bildiyiniz kimi, Şimali Kipr Türk Respublikasına da vizasız gedə bilərsiz. Şimali Kipr türkləri azərbaycanlı qardaşlarını çox sevirlər.
-Bəs təhsil sahəsində əlaqələr hansı səviyyədədir və Şimali Kipr universitetləri hansı özəlliklərə məxsusdur?
-Məlumat üçün qeyd edim ki, hazırda Şimali Kipr Türk Respublikasının universitetlərində 103 ölkədən tələbə təhsil alır. Ümumilikdə universitetlərdə 100 minə yaxın tələbə var ki, onlardan da 1000-ə yaxını azərbaycanlı tələbələrdir. Hesab edirəm ki, bu sahədə də əlaqələri bir qədər də genişləndirməyə ehtiyac var. Hazırda azərbaycanlı tələbələrin sayının çoxalması üçün müxtəlif yollar axtarılır. Onu da qeyd edim ki, universitetlərdə azərbaycanlı gənclər üçün güzəştlər də nəzərdə tutulur. Ümid edirəm ki, yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə əlaqələrimiz daha da inkişaf edəcək.