“Azərbaycan müasir dövlətçiliyin inkişafında bütün məsələlərə ciddi diqqət yetirir” Siyasət

“Azərbaycan müasir dövlətçiliyin inkişafında bütün məsələlərə ciddi diqqət yetirir”

Aydın Mirzəzadə: "İdman məsələsi də burada xüsusi yer tutur"

Elman Nəsirov: "Azərbaycanın bütün istiqamətlərdə yüksək sürətlə inkişaf etdiyinə bir daha əminlik ifadə olundu"

Aydın Səfixanlı: "Ölkəmiz İslam həmrəylinin möhkəmləndirilməsinə və daha da inkişaf etdirilməsinə mühüm töhfə verdi"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin inkişafını idmanla bağlaması tamamilə düzgündür. Hər bir ölkənin inkişafında idman faktoru çox böyük rol tutur". Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Deputatın sözlərinə görə, infrastrukturun hazırlığı, idman obyektlərinin müasir tələblərə cavab verməsi və s. dünyada əsas məsələlərdən biri kimi götürülür: "Azərbaycan müasir dövlətçiliyin inkişafında bütün məsələlərə ciddi diqqət yetirir. İdman məsələsi də burada xüsusi yer tutur. Bu artıq Azərbaycanın bir dövlət kimi dünyada nüfuzunun artmasında, ölkəmizin atdığı addımların diqqətlə izlənilməsində, ən əsası isə Azərbaycanla yüksək münasibətlərin qurulmasında özünü göstərir. İslam təkcə inkişaf məsələsi deyil. Eyni zamanda hər bir dövlət üçün adi cəhətcə səmərəli bir layihədir. Azərbaycanda keçirilən hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə, Azərbaycanda gedən yarışların beynəlxalq, xarici telekanallarda izlənilməsinə və s. xidmət edir. Bu da Azərbaycanla bağlı adi münasibətlərin daha da çoxalmasına səbəb oldu. Bu ilin sentyabrında Azərbaycanda Voleybol üzrə dünya çempionatı keçiriləcək. Ümumilikdə götürdükdə idman Azərbaycanda cəmiyyətin bütün prioritet inkişaf məsələləri ilə paralel gedir".
Millət vəkili Elman Nəsirov bildirib ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bütün islam dövlətləri tərəfindən yüksək maraqla izlənildi. Millət vəkili qeyd edib ki, oyunlar demək olar ki, bütün dünyanın diqqət mərkəzində idi: "İslam oyunları ərəfəsində Qazaxıstanda səfərdə olarkən, oyunlara olan marağın və diqqətin şahidi oldum. Onlar təkcə IV İslam Həmrəyliyi Oyunlarını deyil, həm də Bakının tərəqqisini, eləcə də Azərbaycanda idmanın sürətlə inkişafını qeyd edirdilər. Bu oyunlar çərçivəsində Azərbaycanın bütün istiqamətlərdə yüksək sürətlə inkişaf etdiyinə bir daha əminlik ifadə olunurdu. Görüşlərdə qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin səyi nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bir müsəlman ölkəsi olaraq Qazaxıstan bu inkişafla fəxr edir".
E.Nəsirov bildirib ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda idmanın necə inkişaf etdiyini bir daha sübuta yetirdi: "Bu oyunlar Azərbaycan idmançılarının hansı gücə qadir olduğu, yarışlara necə hazırlaşdığını göstərdi. Oyunlar bir daha sübut etdi ki, ölkə prezidentinin idmana xüsusi diqqət və qayğısı nəticəsini verib. Əcnəbi tamaşaçılar bildirirlər ki, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bir daha sübut etdi ki, Azərbaycanda stabillik, təhlükəsizlik və inkişaf yüksək səviyyədədir. Bu onu göstərir ki, Azərbaycan islam dünyasında özünü lider dövlət kimi aparır və ölkə İslam dünyasında həmrəyliyə yüksək töhfə verir".
Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, Azərbaycan bir daha dünyaya nələrə qadir olduğunu sübuta yetirdi. Eldəniz Səlimov bildirib ki, Azərbaycan öz tarixində, idman həyatında yeni uğura, yeni zəfərə imza atmış oldu: "Ölkəmiz iki il öncə Birinci Avropa Oyunlarını necə möhtəşəm və əzəmətli şəkildə reallaşdırmışdısa, həmin Oyunlara necə layiqli və uğurlu ev sahibliyi etməyi bacarmışdısa, may ayının 22-də bağlanış mərasimi keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarını da o cür möhtəşəm və əzəmətli şəkildə reallaşdırdı, "İslamiada"ya da hamının yaddaşından illərlə silinməyəcək, dərin izlər buraxacaq şəkildə uğurlu, layiqli ev sahibliyi etdi. Möhtəşəm açılış mərasimi ilə srart götürən İslam Oyunları möhtəşəm və ecazkar bağlanış mərasimi ilə də yekunlaşdı, sonuclandı. İslam, müsəlman aləmi, bütün dünya bir daha Azərbaycanın nələrə qadir olduğunu, nələri etməyi bacardığını öz gözləri ilə görmüş, bunlara canlı şahidlik etmiş oldu. Dünya bir daha bildi və şahid oldu ki, Azərbaycan nəyi və nələri etməyi qarşısına məqsəd qoyursa, onu da layiqincə reallaşdırmağı, həmin məqsədinə də nail olmağı bacarır". Millət vəkili onu da vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsində, yarışların bu cür möhtəşəm şəkildə baş tutmasında ən böyük əziyyət və ən müstəsna xidmətlər heç şübhəsiz ki, ölkə Prezidenti İlham Əliyevlə birinci vitse-prezident Mehriban Əliyevaya məxsusdur: "Məhz bu iki fədakar insanın sayəsində Azərbaycan növbəti "İslamiadaya" ev sahibliyi etdi, İslam Oyunlarının uğurlu və layiqli şəkildə reallaşdırılmasına nail oldu. Ona görə də hər birimiz bu insanlara borclu və minnətdarıq. Onlar bizim fəxrimiz və qürurumuzdur".
Eldəniz Səlimov Azərbaycan idmançılarının İslam Həmrəyliyi Oyunlarında göstərdiyi nəticələrə də toxunaraq xatırladıb ki, idmançılarımız "İslamiada"da 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci olublar: "Dövlət başçımızın İslam Həmrəyliyi Oyunlarına qatılmış və böyük uğur əldə etmiş idmançılarımızla keçirdiyi görüşdə də qeyd etdiyi kimi, bu, böyük tarixi qələbədir. Yəni, nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Prezidentin də qeyd etdiyi kimi lbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil: "Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır". Elə hesab edirəm ki, bu sözlərə əlavə şərhə, izahata da ehtiyac yoxdur. Çünki nələr deyilməsi, söylənilməsi lazımdırsa, hamısı burada öz əksini tapıb, deyilib, söylənilib". Millət vəkili onu da əlavə edib ki, İslam Həmrəyliyi Oyunları eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək: "Cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycanın əsas məqsədi ondan ibarətdir və ondan ibarət olub ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Çox sevindirici və əlamətdar haldır ki, həqiqətən cənab Prezidentin söylədiyi kimi də oldu. Yəni, biz bunu yarışlarda da gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar. Ona görə də hesab edirəm və inanıram ki, ölkəmizin apardığı siyasət və bu Oyunlarda verdiyi töhfə müsəlman aləminin birləşməsinə, həmrəyliyinə gətirib çıxaracaq. Buna hər kəs tam əmin olsun".
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib ki, 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanaraq islam ölkələri sırasında birinci yer qazanan Azərbaycan idman ölkəsi olduğunu, idmana və ümumilikdə sağlam gələcəyimizə verilən dövlət dəstəyinin real nəticələr verdiyini bir daha sübut etmiş oldu. Azərbaycanın uzun əsrlərdir ki, İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu deyən A.Səfixanlı qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi İslam aləmi ilə qarşılıqlı, faydalı münasibətlər quraraq qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etməkdədir: "Eyni zamanda, ölkəmiz multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, tolerantlıq mühitinin və islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verməkdədir. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda yüksək səviyyədə təşkili və həyata keçirilməsi ilə ölkəmiz İslam həmrəylinin möhkəmləndirilməsinə və daha da inkişaf etdirilməsinə mühüm töhfə verdi. Digər mötəbər oyunlar və tədbirlər kimi, IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə təşkil olunması ölkəmizi artıq bu kimi tədbirlərin keçirilməsində müsbət təcrübə mərkəzinə çevirdi".
Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan milli komandası medalların sayına görə, İslamiadanın qalibi olub.