“ABŞ terrorizmi dəstəkləyən ölkəyə çevrilməkdədir” Siyasət

“ABŞ terrorizmi dəstəkləyən ölkəyə çevrilməkdədir”

Əli Hüseynli: "ABŞ səfirliyinin nümayəndələrinə Azərbaycanla bağlı məsələlərdə amerikalıların yeni, daha yaxşı eynəkdən istifadə etməsini məsləhət gördüm"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ dövlət Departamentinin sözçüsü Cen Psakinin son açıqlamasına münasibət bildirib.
Ə. Hüseynli APA-ya açıqlamasında deyib ki, C. Psakinin son açıqlaması heç də təəccüb doğurmur: "Ümumiyyətlə, Dövlət Departamentinin son dövrlər Azərbaycanın işğal olunmuş ərazisində ermənilər tərəfindən həyata keçirilən provokasiyalarla bağlı tutduqları mövqe onların əsl simasını üzə çıxarır. Azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən işgəncələr, qondarma məhkəmə prosesi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində hərbi təlimlər və provokasiyalar etməsinə münasibət bildirmək əvəzinə, Azərbaycan hökumətinə qarşı əsassız ittihamlar söyləyir. Əslində, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətindən yox, biz ABŞ hökumətinin insan haqlarına dair beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən narahatıq.
Amerika Birləşmiş Ştatları öz xalqına qarşı polis zorakılığına son qoymalı, irqi və milli dözümsüzlük hallarına qarşı tədbirlər görməlidir. Beynəlxalq aləmdə isə ABŞ son dövrlər terrorizmə qarşı mübarizə aparan ölkədən terrorizmi dəstəkləyən ölkəyə çevrilməkdədir".
Ə. Hüseynli həmçinin bildirib ki, bu günlərdə səfirliyin müraciəti əsasında MM-in Hüquq komitəsinin sədri kimi ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanla görüş keçirib, və görüşdə o cümlədən QHT-lərlə bağlı qanuna əlavə edilmiş son dəyişikliklər müzakirə edilib: "Bu dəyişikliklərin milli QHT-lərin donorlar tərəfindən maliyyələşdirilməsinin şəffaflığı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Görüş zamanı həmçinin səfirlik nümayəndələrinə Azərbaycanla bağlı məsələlərdə amerikalılara yeni, daha yaxşı eynəkdən istifadə etməyi məsləhət bildim".