BAXCP İdarə Heyətindən hökumətə çağırış Siyasət

BAXCP İdarə Heyətindən hökumətə çağırış

"Təqaüdlərin və ünvanlı sosial yardıma ehtiyacı olan şəxslərə ayrılan müavinətlərin miqdarı, eləcə də orta məktəb müəllimlərinin və hərbçilərin əmək haqları cari il martın 1-dən gec olmayaraq 35% artırılımalıdır"

"Kiçik və orta biznes sahiblərinin fəaliyyətinə kənar müdaxilələrin qarşısı dövlət başçısı tərəfindən qətiyyətlə alınmalıdır"

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
BAXCP İdarə Heyəti son günlər Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi ilə əlaqədar bəzi dairələrin vəziyyətin daha da gərginləşdirilməsi üçün əhalidə vahimə yaratmaq cəhdlərini qətiyyətlə pusləyir və qeyd edir ki, bu kimi hərəkətlər sadə insanların rifah halının yüksəldilməsinə xidmət etmir, əksinə onların vəziyyətinin ağırlaşmasına xidmət edir.
BAXCP İdarə Heyətinin qənaətinə görə, manatın ucuzlaşması nəticəsində ölkəyə idxal olunan ərzaq məhsullarının qiymətinin 30% bahalaşması aztəminatlı ailələrin yaşayış səviyyəsinə ciddi mənfi təsir göstərir.
Qeyd olunanları nəzərə alan BXCP İdarə Heyəti hesab edir ki, əhalinin aztəminatlı təbəqəsinin mənafeyinin qorunması üçün təqaüdlərin və ünvanlı sosial yardıma ehtiyacı olan şəxslərə ayrılan müavinətlərin miqdarı, eləcə də orta məktəb müəllimlərinin və hərbçilərin əmək haqları cari il martın 1-dən gec olmayaraq 35% artırılımalıdır.
BAXCP İdarə Heyəti son vaxtlar kiçik və orta bizneslə məşğul olan sahibkarların fəaliyyətinə kənar müdaxilələrin ciddi şəkildə artması ilə bağlı yaranmış vəziyyətə də münasibətini açıqlayıb. İdarə Heyətinin açıqlamasında qeyd olunur ki, bu cür müdaxilələr kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərin fəaliyyətinə ciddi problemlər yaradır: "BAXCP İdarə Heyəti hesab edir ki, kiçik və orta biznes sahiblərinin fəaliyyətinə kənar müdaxilələrin qarşısı dövlət başçısı tərəfindən qətiyyətlə alınmalıdır".
BAXCP Idarə Heyəti hökuməti kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə Azərbaycanın xarici banklarda aşağı faizlərlə saxlanılan valyuta ehtiyatlarından 2 milyard ABŞ dollarını ölkəyə gətirməyə və yerli banklar vasitəsilə, güzəştli şərtlərlə, kredit şəklində sahibkarlara verməyə çağırır.
BAXCP İdarə Heyəti bir daha bəyan edib ki, ölkədə aparılan siyasi və iqtisadi islahatlar sürətləndirilməli, iqtisadiyyatın liberallaşdırılması istiqamətində ciddi qərarlar qəbul edilməlidir.