Urmiya gölü yenidən qırmızı rəngə boyanıb Güney Azərbaycan

Urmiya gölü yenidən qırmızı rəngə boyanıb

Azərbaycanın Urmiya gölünün rəngi suyun həcminin azalması və duz qatılığının artması nəticəsində dəyişib.
Avqustun 18-də sosial şəbəkələrdə yayılan fotolarda gölün rənginin qırmızı olduğu görünür.
Mütəxəssislərin fikrincə, gölün rənginin dəyişməsi orada yaşayan mikroorqanizmlərlə əlaqəlidir. Hər yay Urmiyada suyun səviyyəsi aşağı düşür və nəticədə duzun konsentrasiyası çoxalır.
Göldə yetişən və əsl rəngi yaşıl olan dunaliella adlı birhüceyrəli yosunlar yüksək duzluluq şəraitində qırmızı rəngə boyanırlar.
Bəzi mütəxəssislər isə, Urmiya gölünün rənginin dəyişməsinə "Xalo Bakter" adlı bir bakteriyanın səbəb olduğunu düşünürlər. Onların fikrincə, suyun şorluğu, hər litrdə 400 qramı keçəndə bu bakteriya əmələ gəlir və bunun nəticəsində suyun rəngi qırmızıya çevrilir.
Gölün qırmızı rəngə çevrilməsi son illərdə yay fəslində baş verir və temperaturun düşməsi və suyun həcminin artmasına qədər davam edir.
Qeyd edək ki, son illərdə Urmiya gölünə axan çayların üzərində 30-dan çox bəndin tikilməsi, eləcə də gölün üzərində suyunun sirkulyasiyasının qarşısını alan 14 kilometr uzunluğunda yolun salınması nəticəsində dünyanın 3-cü ən böyük duzlu gölü sürətlə qurumağa başlayıb.