Rusiya Ukraynada məğlub oldu Dünya

Rusiya Ukraynada məğlub oldu

Yanukoviç müxalifətin tələblərini qəbul etdi, ölkədə seçkilərədək milli etimad hökuməti formalaşdırılacaq
Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Cavid

Ukraynada vəziyyət getdikcə gərginləşir. Son məlumatlara görə, Ukraynanın paytaxtı Kiyevdə toqquşmalar zamanı ölənlərin sayı 77 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ukrayna Səhiyyə Hazirliyinin açıqlamasına görə, kütləvi toqquşmalar zamanı 577 də nəfər xəsarət alıb, onlardan 369-u xəstəxanaya yerləşdirilib. Son sutka ərzində 132 nəfər səhiyyə işçilərinə müraciət edib.
Müxalifət isə ölü sayının daha çox olduğunu iddia edir. Müxalif Partiya liderlərindən Aleksandr Turçinov 100-dən çox adamın dünyasını dəyişdiyini açıqlayıb.
O da söylənilir ki, Ukraynanın şimal-qərbindəki Jitomir şəhərində aksiyaçılar Leninin daha bir heykəlini aşırıblar. Aksiyaçılar zəncir ataraq heykəli sütunun üzərindən yıxmağa çalışıblar. Bundan sonra zəncirin bir tərəfini yük maşınına bağlayıblar.
Yük maşınının köməyi ilə insanlar Leninin heykəlini devirməyə müvəffəq olublar. Bundan sonra insanlar "Ukraynaya eşq olsun" və "İnqilab" şüarları səsləbndiriblər və daha sonra Ukrayna himnini oxuyublar.
Ukraynada təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı girov götürülən polis əməkdaşları azadlığa buraxılıblar.
Məlumata görə, 67 polis əməkdaşı fəallar tərəfindən zəbt edilən şəhərin bələdiyyə binasında saxlanılıbmış.
Parlamentin səsvermə ilə xüsusi təyinatlı qüvvələrin meydanlardan çəkilməsi barədə qərar qəbul etməsindən sonra müxalifət tərəfdarları onların azadlığa buraxılmasına razılıq veriblər.
Kiyevdə baş verən qarşıdurmalar fonunda Ukraynada fəaliyyət göstərən iş adamları və bir sıra siyasətçilərin ölkəni tərk etməsi barədə xəbərlər yayılıb. Bildirilir ki, Kiyevin "Jilyan" hava limanında 60-dan çox biznes aviareysi qeydiyyata alınıb.
Ölkənin məşhur iş adamlarından olan Rinat Əhmədovun şəxsi təyyarəsi ilə Londona getdiyi deyilir. Bundan başqa prezident Viktor Yanukoviçin qohumlarından bəziləri və Ali Radanın spikeri Vladimir Rıbakın da ölkədən qaçması ilə bağlı xəbərlər yayılıb.
"RBK Ukrayna"nın "Jilyan" aeroportundakı mənbələrindən verilən xəbərə görə parlamentdə deputatlarla görüşməli olan Rıbak ölkəni tərk edib: "Rıbak hava limanının VİP zalından istifadə edib. O, nəvəsi və onun həyat yoldaşı ilə birlikdə olub".
Ukraynanın "Tribuna" qəzetinin baş redaktoru Yevqeni Lauer iddia edir ki, vitse spiker İqor Kaletnik, bundan əlavə Gəlir və Yığımlar üzrə nazir Aleksandr Klimenko da ölkədən qaçıb. Jurnalistin yaydığı məlumata görə hava limanına inkassator avtomobillərində gələn İqor Kaletnik və Aleksandr Klimenkonun əlində bir neçə diplomat olub. Yanukoviçin partiyasından olan bir neçə millət vəkili isə Moskvaya uçub.
Rusiyanın "İnterfaks" xəbər agentliyi "Jilyan" aeroportundakı mənbələrinə əsasən xəbər verir ki, son iki gündə hava limanının qarşısında qələbəlik hökm sürür: "Bura gələnlərin əksəriyyəti "Mercedes" və "Lexus" avtomobillərindən istifadə edir. Maşınları silahlı şəxslər qoruyur. Maşından isə əllərində diplomatlar olan şəxslər düşür. Son 10 dəqiqə ərzində 3 biznes aviareysi aeroportu tərk edib. "Kiyev" hava limanında isə 60-dan çox biznes aviareysi üzrə beynəlxalq uçuşlar həyata keçirilib".
"RİA Hovosti" isə ölkəni tərk edənlərin arasında prezident Viktor Yanukoviçin oğullarının da olduğu barədə xəbərlər yayıb. Lakin Ukrayna Prezident Administrasiyasının mətbuat katibi Andrey Lisonko sözügedən sayta açıqlamasında bildirib ki, Yanukoviçin ailəsi ölkəni tərk etməyib: "Bu barədə yayılan xəbərlərin əsası yoxdur".
Digər bir məlumata görə, paytaxt Kiyevin "Jilyan" aeroportu etirazçılar tərəfindən mühasirəyə alınıb.
Etirazçılar "Borispol" Beynəlxalq Hava Limanını da nəzarətə götürməyə çalışırlar. Hakimiyyət əleyhdarlarının bununla bağlı müraciətində həmkarlarından xaşiş olunur ki, adıçəkilən hava limanı yerləşən əraziyə gələrək aeroportun giriş yollarını və ətrafını nəzarətə götürsünlər. Etirazçılar bununla ölkəni tərk etmək istəyən Yanukoviç hökumətinin yüksək vəzifəli məmurlarının ölkədən çıxışına maneə yaratmaq istəyirlər.
Xatırladaq ki, Kiyevdən Avropa ölkələrinə uçan Ukrayna Hava Yollarına məxsus biznes reys heç bir aeroport tərəfindən qəbul edilməyib. Buna görə də, həmin təyyarə yenidən Kiyevə istiqamətlənib.
Müxalifət mediasının yazdığına görə, həmin təyyarədə prezident Yanukoviçin ailə üzvləri və hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin yaxınları olub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada cərəyan edən zorakılıqlara görə Qərb diplomatasiyasını təqsirli bilib. Lavrov rəsmi Kiyevin müxalifətlə danışıqlara son qoymasına səbəb kimi Amerika Birləşmiş Ştatlarının Ukrayna rəhbərliyinə qarşı sanksiya tətbiq etməsini göstərib: "Müxalifət ekstrimal qüvvələrin törətdiyi zorakılıqlarla əlaqədar yaxasını kənara çəkməyə çalışır. Qərb tərəfdaşlarımız, Avropada hər kəs və Amerika Birləşmiş Ştatları günahı hökumətdə görür. Lakin onlar fəalların törətdiyi zorakılıqları hesaba qatmır. Burada açıq şəkildə ikili standart yürüdülür. Bu isə, bizi dərindən narahat edir. Amerika artıq hökumət nümayəndirələrinə qarşı müəyyən sanksiyalar tətbiq edib. Bu isə, müxalifətə güzəştə getməməyə təkan verir və qarşı tərəfi xaosa sürükləyir".
Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Ukraynada etiraz aksiyaları zamanı dinc nümayişçilərə qarşı zorakılıq edənlərə qarşı sanksiyaların tətbiq edilməsi haqda qərar qəbul edib.
İtaliyanın xarici işlər naziri Emmi Bonino bildirib ki, aksiya iştirakçıları ilə milis qüvvələri arasında baş vermiş toqquşmalarda nümayişçilərə qarşı zorakılıq edənlər Avropa Birliyi ölkələrinə getmək üçün viza əldə edə bilməyəcəklər. Həmin şəxslərin Avropa banklarındakı aktivləri isə dondurulacaq.
Avropa Birliyi eyni zamanda Kiyevdə nümayişçilərə qarşı istifadə oluna biləcək xüsusi vasitələrin Ukraynaya ixracını dayandırıb.
Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin vasitəçiliyilə srağagün axşamdan bəri Ukrayna prezidenti və müxalifət arasında aparılan danışıqlarda dünən günorta saatlarda nəhayət ki, ilkin razılaşma əldə olunub.
Razılaşmaya görə, ölkədə milli etimad hökumətinin yaradılması, 2004-cü il Konstitusiyasına qayıdış və növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılır.
"Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə qarşıdurmaya və siyasi böhrana son qoymaq üçün bir sıra təşəbbüslərlə çıxış edib". Bu barədə Ukrayna prezidentinin saytında yerləşdirilən bəyanatda bildirilir.
Bəyanatda dövlət başçısı müxalifətin əsas tələbi olan 2004-cü ilin Konstitusiyasına qayıtmaq təşəbbüsünü irəli sürüb. Belə ki, prezidentin, parlamentin və hökumətin səlahiyyətlərini tənzimləyəcək Konstitusiya islahatına dərhal başlanacaq və bu proses 2014-cü ilin sentyabrında başa çatacaq. Bu islahat nəticəsində prezidentin səlahiyyətləri ixtisar ediləcək, parlament və hökumətin rolu artırılacaq. Növbədənkənar seçkilərin Konstitusiya islahatından sonra, 2014-cü ilin dekabrından gec olmayaraq keçirilməsi planlaşdırılır. Seçkiyə qədər yeni seçki qanunvericiliyi qəbul ediləcək və ATƏT-in, Venesiya Komissiyasının standartlarına, tövsiyələrinə uyğun şəkildə proporsional əsasda yeni Mərkəzi Seçki Komissiyası formalaşdırılacaq. Prezident siyasi qüvvələri milli etimad hökumətinin formalaşdırılmasına da çağırıb.
Kiyevdəki Maydan Şurası bu bəyanata müsbət cavab verərk, növbədənkənar prezident seçkilərinin keçirilməsinə öz razılığını verib. Bunu "Azadlıq" partiyasının lideri Oleq Tyaqnibok deyib.
Həmçinin UDAR partiyasının lideri Vitali Kliçko Maydan Şurasının iclasından sonra birbaşa Prezident Administrasiyasına yollanıb. Ukraynada səfərdə olan avropalı nazirlər isə Kiyevdə Maydanda aksiyaçıları ziyarət ediblər. Bu barədə Polşanın xarici işlər naziri Rodislav Sikorski öz Tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, o, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə Maydanda fəallarla görüşüb. Görüşdə hakimiyyətlə aparılan danışıqlar və əldə edilən razılıqlar və bu razılıq nəticəsində imzalanacaq saziş məsələsi müzakirə olunub.
Qeyd edək ki, ötən gecə Ukrayna Ali Radası hüquq-mühafizə orqanlarına və güc strukturlarına etirazçılara qarşı güc tətbiq etməyi qadağan edən qərar qəbul edib və aksiya iştirakçılarına qarşı zorakılıq və qətliamı, insanların atəşə tutulması faktını qəti şəkildə pisləyib.
O da məlum olub ki, artıq Rusiyanın ona vəd etdiyi 15 milyard dollar krediti almaqdan imtina edib. Ukrayna rəhbərliyinin geri çəkilməsi və Avropa Birliyi ölkələrinin XİH rəhbərlərinin vasitəçiliyilə keçirilən müzakirələr nəticəsində rəsmi Kiyevin Moskvanın maraqlarına zidd qərarlar qəbul etməsi Kremli hiddətləndirib. Ötən gün Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağıraraq, Ukraynadakı son vəziyyəti müzakirə edib. İstisna edilmir ki, iclasda Rusiya rəhbərliyi Ukraynaya qarşı mümkün separatçılıq və təxribat planlarını da müzakirə ediblər.