Aralıq dənizində gərginliyi artıran Türkiyə-İngiltərə yaxınlaşması Dünya

Aralıq dənizində gərginliyi artıran Türkiyə-İngiltərə yaxınlaşması

Vaşinqtonu qəzəbləndirən bu addım bölgəyə nə vəd edir?

Ara verdiyimiz 7-8 gün ərzində dəyişən heç bir şey olmadı. Olmayacaq da. Gündəm yenə də Aralıq dənizidir. Gözlənilənin əksinə, sular durulmayacaq. Ona görə ki, yaranmış böyük problem Aralıq dənizində öz həllini tapmalıdır. Bu səbəbdən də mavi suların düz mərkəzində böyük bir şahmat taxtası qurulub. Hər kəs öz həmləsini edir və edəcək. Əlbəttə ki, Türkiyə də əliboş dayanmayacaq.
“Strateq” “Takvim”ə istinadən yazır ki, bu önəm ABŞ, İngiltərə və Fransa kimi böyük oyunçu dövlətlərə baxanda da özünü göstərir. Bu üç böyük güc dövlətlərin hər biri öz kəşfiyyat qurumlarının rəhbərliyinə vaxtilə Türkiyədə xidmət etmiş şəxsləri gətirib – Gina Haspel, Riçard Mor və Bernard Emi.
İngiltərənin Ankaradakı keçmiş səfiri Riçard Mor MI6-nın rəhbərliyinə gətirilib. Türkçə etdiyi paylaşımları və Beşiktaş azarkeşliyi ilə bilinən Bernard Mor Anadolunu qarış-qarış bilən biridir. İndi də kraliçanın sağ əlidir. Təbii ki, bu, təkcə Riçard Mor ilə bitmir.
MKİ-nin ilk qadın rəhbəri Gina Haspel ilə Fransa kəşfiyyatı “DGSE”-nin (Directorate-General for External Security – Xarici Təhlükəsizlik Baş İdarəsi) rəhbəri Bernard Eminin də xidmət yolu vaxtilə Türkiyədən keçib. Bu üç kəşfiyyat rəhbərinin ən böyük ortaq xüsusiyyəti türkçə danışa bilmələridir. Onların üçü də gənc yaşlarında Türkiyədə xidmət ediblər. Biri gəlib gördü, digəri gəlib izlədi, o birisi isə öz əlaqələrini daha da genişləndirdi. Amma nəticədə hər üçü də Türkiyəyə gəldilər.
İllər əvvəl Aralıq dənizi mövzusu bu qədər aktual deyilkən, hər üç dövlət yenə də öz kəşfiyyat qurumlarının rəhbərliyinə türkçə bilən və Türkiyəni yaxşı tanıyan şəxslər gətirmişdi. Sizcə, bu, təsadüf sayıla bilər? Əlbəttə ki, yox.
Aralıq dənizi mövzusundan davam edək. 11 sentyabrda Aralıq dənizində çox önəmli bir addım atıldı. “TCG Giresun” freqatı (freqat – sərbəst hərbi əməliyyatlar apara bilən kiçik döyüş gəmisi) ilə İngitərənin “HMS Arglly” döyüş gəmisi Şərqi Aralıq dənizində ortaq təlimlərə başladı. Türkiyə, Yunanıstan və Fransa arasında güclü təzyiqin yarandığı bir vaxtda bu mənzərə çox önəmli və çox mənalı idi.
Türkiyə bundan bir neçə gün əvvəl, yəni 6-10 sentyabrda da “şəhid kapitan Çingiz Topel Aralıq dənizi fırtınası” şərti adlı təlimini gerçəkləşdirmişdi. Sual olunur, Aralıq dənizində indi nə baş verir? Bundan sonra nələr yaşanacaq? Hansı ölkələr necə bir ittifaq qurmaq niyyətindədir? Bunlar ard-arda gələn suallardır. Amma biz heç şübhəsiz ki, bölgədə ABŞ və İngitərənin addımlarını izləməliyik.
Dəfələrlə “Vaşinqton və Londonun atacağı addımları bilməmiş tək bir addım belə ata bilmərisiniz” deyə yazılar yazdım. Bilirəm ki, bunu anlamayanlar var. Bəziləri də vəzifəli olduğu üçün özünü anlamazlığa vurur, ancaq reallıq budur ki, hər iki paytaxt şəhər bütün dünyanın taleyini müəyyən edir. Çox uzun zamandır ki, pul, silah və güc bu iki ünvanı özünə məskən edib.
Trampın gəlişi ilə birlikdə ilk dəfə olaraq iki güclü quruluş çılpaq gözlə görüləcək qədər Aralıq dənizində qarşı-qarşıya gəlib. Bu güclərdən biri Vaşinqton, London və Ankaranın Aralıq dənizində güc sahibi olmağını istəyərkən, digəri Vaşinqton və Avropa Birliyi ilə Aralıq dənizinə nəzarət etmək istəyir. Yəni ki, İngiltərəni bölgədə ortaq olaraq görmək istəmir. Ancaq bütün bu hesablamaları Türkiyənin Liviyada atdığı tarixi addımı və onun göstərdiyi təsirlər pozdu.
Əgər Həftar planları həyata keçirə bilsəydi, Vaşinqton Avropa ilə birlikdə Aralıq dənizini bölüşəcəkdi. Ancaq Türk ordusu Liviya hərbi gücünü o qədər təsirli bir şəkildə idarə etdi ki, böyük plan çökdü. ABŞ-ın Almaniyanın “Şimal Axını-2” layihəsinə göstərdiyi təzyiqin də səbəbi budur. Rus müxalifət lideri Aleksey Navalnının noviçokla zəhərlənməsi də eyni hesabla səhnələşdirilən tamaşadır.
ABŞ Dövlət katibi Mayk Pompeo həftələrdir Aralıq dənizində yaşanan böhrana səssiz qalmışdı. Ancaq Türkiyənin İlgiltərə ilə ortaq addım atacağı Vaşinqtona çatdırılan kimi Pompeo Aralıq dənizinə gəldi. “TCG Giresun” ilə Kraliça 2-ci Elizabetin xüsusi önəm verdiyi İngiltərənin “HMS Arglly” döyüş gəmisinin ortaq təlimlərdə iştirak etməsi Vaşinqtonu silkələdi. Kraliçanın göyərtəsində şəkil çəkdirdiyi bu gəmi çox böyük önəmə sahibdir. Həm də bunun simvolik olaraq çox böyük mənası var. “HMS Arglly” gəmisini hazırlayan iki şəxsin adı fəxri siyahıda yer alır. Onlar kraliça tərəfindən cəsarət medalı ilə təltif ediliblər. İngiltərənin adı çəkilən məşhur gəmisi ilə Türkiyənin “TCG Giresun” döyüş gəmisinin ortaq təlimlərdə bir yerə gəlməsi Vaşinqtonu çox narahat edib. Ankara-London yaxınlığı həm də bir çox ölkəni narahat edir. İngiltərənin Aralıq dənizində çox sakit, həm də çox böyük bir güc olması heç kəsə sirr deyil.
İngiltərə Aralıq dənizində nəticələrə diqqət yetirən böyük oyunçudur. Aralıq dənizinin gələcəyi, yalnız ABŞ, Avropa Birliyi, İngiltərə və Türkiyə üçün deyil, Rusiya və Çin üçün də həyati idi. Aralıq dənizi təkcə bu gün əhəmiyyət qazanmayıb. İllərdir Aralıq dənizi həmişə Vaşinqtonun strateji hədəfi olub. Ancaq bu bölgədə ciddi hərəkətliliyə ehtiyac yox idi. Çin İpək Yolunu elan edəndə, Aralıq dənizi yenidən diqqət mərkəzinə çevrildi.
Aralıq dənizində neft və təbii qaz çox vacibdir. Ancaq bölgənin strateji üstünlüyü əsasən ABŞ-ı daha çox maraqlandırır. Vaşinqton Liviyada Həftara dəstək verirdi. Ancaq Həftar öz dövlətini qurmaq qərarına gəldikdə, işlər dəyişdi. Berlində “alman” olan Həftar, Parisdə “fransız” oldu. Əgər Vaşinqton istəsəydi, Həftar hələ də Liviyada təsirli ola bilərdi. Ancaq ABŞ öz dəstəyini Həftarın üzərindən götürdükdə, o, adi birinə çevrildi. Fransa və Almaniyanın Həftara dəstəyinin də bir təsiri olmadı.
Vaşinqton öz böyük rəqiblərinin Avropa, və ya Rusiya olmadığını yaxşı bilir. ABŞ Türkiyə və İngiltərənin yaxınlaşmasına cavab verə bilmək üçün Suriyada hazırlıqlara başlayıb. Çünki Suriya hələ də Amerika torpağıdır. Rusiyanın orada olduğuna aldanmayın. Rusiya ABŞ-ın icazə verdiyi bölgələrdə səsini yüksəldə bilər. Bunu Əsəd və Putin də yaxşı bilir. Önümüzdəki həftələrdə Suriyada çox önəmli hadisələr olacaq. Ankara və Moskvanın yenidən üz-üzə gələ bilməsi də qurulan planların içində yer alıb.
ABŞ hansı ölkənin hansı paytaxtla problemləri olacağını bilən ən yaxşı sahil ölkəsidir. Suriya həm Türkiyə, həm də Rusiya üçün çox önəmli bölgədir. Bu səbəbdən orada yaşanacaq bir gərginlik Ankara ilə Moskva arasındakı gərginliyi artırır. Keçən həftə İraqı tərk edən ABŞ xüsusi təyinatlı qüvvələri gizli şəkildə Suriyaya gedib. Niyə Suriya? Bunu anlamaq üçün bir az daha çox vaxt lazımdır. Ancaq bu, qeyri-adi bir addım idi. Hətta Tramp da bu hərbi keçid haqqında sonradan xəbər tutdu. Ancaq Pompeo məlumatlı idi.
Görünən budur ki, Aralıq dənizində sular hələ çox isinəcək. Hər kəs Türkiyənin Aralıq dənizindən diqqətini yayındırmaq, nüfuzunu azaltmaq üçün əlindən gələni edir. Türkiyə də bunu fərqindədir. Aralıq dənizinin enerji və İpək Yolu məsələsindəki önəmi, sahib olduğu digər sərvətlərindən çox daha əhəmiyyətlidir. Afrika, Avropa və Asiya bu dəniz vasitəsilə bir-birinə bağlanır.
Bu “qol güləşi” düşündüyümüzdən çox daha böyükdür. Aralıq dənizində oynanılan şahmat normal ağıl sahiblərinin anlayacağından çox daha uzaq fərqli oyundur. Hadisələrə və daxildəki müxalifətə bu çərçivədən yanaşın. Əksəriyyəti Avropaya və Avropa Birliyinin ABŞ-la edəcəyi müttəfiqliyə meyilli kəslərdir. Mübarizə də bunun üzərində gedir. Müharibə hələ yeni başlayıb, təzyiq isə daha da artacaq.