Şirməmməd Hüseynovla vida mərasimi başa çatıb FOTO Hadisə

Şirməmməd Hüseynovla vida mərasimi başa çatıb FOTO

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovla vida mərasimi başa çatıb.
Trend-in məlumatına görə, mərhum II Fəxri Xiyabanda dəfn edilib.
XXX
saat 12:33
Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.
Trend-in məlumatına görə, vida mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, azərbaycançılıq ideologiyasının alovlu tədqiqatçısı olan Ş.Hüseynov gənclərin milli ləyaqətli jurnalist kimi yetişdirilməsində, onlara milli təəssübkeşlik, azadfikirlilik, yaradıcılıqda obyektivlik kimi keyfiyyətlərin formalaşmasında əvəzsiz rola malikdir. O, Azərbaycan jurnalistikasının milli xüsusiyyətlərini özünəməxsus şəkildə tədqiq etməyi bacarırdı:
"Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının fəaliyyətlərini məqalələrində, monoqrafiyalarında yorulmadan tədqiq edirdi. Dövlətimiz hər zaman Şirməmməd müəllimin əməyini yüksək qiymətləndirib. Şirməmməd müəllim 2005-ci ildən prezident təqaüdçüsüdür, 2014 -cü ildən isə ölkəmizin ən yüksək mükafatı olan "Şərəf" ordeninə layiq görülüb. O, ustad idi və qəlbində böyük Vətən sevgisi yaşadırdı. O çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini keçirsin və bunu gördü. BDU-nun 100 illiyini qeyd edə bilməsə də, amma onun UNESCO-da keçirildiyinin şahidi oldu".
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev deyib ki, Ş.Hüseynovun ölümü Azərbaycanın ictimai fikri üçün böyük itkidir.
Onun sözlərinə görə, Azərbaycanda hər bir jurnalist Ş.Hüseynov məktəbini keçib: "Əbədiyyət məhz belə şəxsiyyətlərin ona qovuşması ilə təşəkkül tapır. Şirməmməd müəllim bir araşdırmaçı olmaqla yanaşı, bir vicdanlı müəllim kimi də tələbələrinin yetişməsi üçün özünü şam kimi yandırırdı. O, hər məqaləsi çıxanda bizə zəng edib onu oxuyub-oxumadığımızla maraqlanırdı. Sanki istəyirdi ki, hər zaman öyrənək. Biz onun məktəbinin davamçısı olaraq, bu yolu şərəflə addımlayacağıq".
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli bildirib ki, Ş.Hüseynov böyük bir jurnalist və tədqiqatçı idi: "Mən özüm də o məktəbin nümayəndəsiyəm. Şirməmməd Hüseynov məktəbinin nümayəndələri bütöv Azərbaycan jurnalistləridir. O, bizə azərbaycançılığı, Məmməd Əmin Rəsulzadə məktəbini öyrətdi. O məktəb elm tarixində yaşayacaq. Bu gün mən ikinci dəfə atamı itirdim. Allah ona rəhmət eləsin!"
"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Ş.Hüseynovla 50 il əvvəl tanış olduğunu söyləyib. Millət vəkilinin sözlərinə görə, 1971-ci ildə Ş.Hüseynov jurnalistika fakültəsində dekan olduqdan sonra onunla daim təmasda olub: "Sovet dövründə sözü açıq demək mümkün deyildi. Amma o, siyasi icmallarda, iclaslarda sözü məharətlə deməyi bacarırdı. O, oxumayan tələbələrə qiymət yazmırdı, halal insan idi, öz nümunəsi ilə bunu hamıya aşılayırdı. O, özündən sonra böyük irs qoyub getdi. Amma ən böyük irsi övladlarıdır".
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şirməmməd Hüseynovda həyat eşqi çox idi. O, yaşasaydı, daha çox kitabları, əsərləri işıq üzü görərdi: "Şirməmməd müəllim Azərbaycan mətbuatının sonuncu magikanı idi. O, zirvə idi, dərs dediyi tələbələri üçün nümunə idi".
Vida mərasimində mərhumun ailəsi adından Ş.Hüseynovun qızı, Prezident Administrasiyasının Humanitar məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva çıxış edib. O, vida mərasiminə gələn bütün insanlara təşəkkür edib: "Atam Bakı Dövlət Universitetini özünün birinci evi hesab edird. O, 60 il bura gəlib-gedib. Atam şərəfli ömür yaşayıb. Bu ömür yolunda da ləyaqətli miras qoyub. Bu miras onun təmiz adı idi. Biz hələ uşaq ikən onun arzusu bu idi ki, Azərbaycan dövləti müstəqil olsun. Bu, çoxlarına əlçatmaz yuxu kimi görünəndə atam bunun olacağına inanırdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi keçiriləndə atam ən əziz övladının xoş günü kimi buna sevinirdi. Atam uzun illər Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin qayğısını görüb".
Qeyd edək ki, alim 2019-cu il iyun ayının 24-də ömrünün 95-ci ilində vəfat edib.
Məlumat üçün qeyd edək ki, Şirməmməd Ağaməmməd oğlu Hüseynov 17 dekabr 1924-cü il tarixində Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhər ikiillik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.
1954-1961-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekan müavini, 1961-1971-ci illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1971-1988-ci illərdə mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə mətbuat tarixi kafedrasının müdiri vəzifələrini icra edib. 1988-ci ildən mətbuat tarixi kafedrasının professoru olub.
Bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdən olan professor Şirməmməd Hüseynov Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!