“Hakimiyyət dini icmalara mane olsaydı...” Hadisə

“Hakimiyyət dini icmalara mane olsaydı...”

Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin hesabatına münasibət bildirib

"Azərbaycanda dini problemlər mövcud deyil. ABŞ Dövlət Departamentinin hesabatları yoxlanılmamış faktlara söykənir. Onlar bu hesabatı Azərbaycan Respublikasında vətəndaşların dini hüquqları ilə bağlı vəziyyəti təhrif etmək məqsədi ilə hazırlayırlar".
Bu sözləri "Vestikavkaza" xəbər portalına açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O, ABŞ Dövlət Departamentinin Azərbaycanda dini vəziyyət haqqında hazırladığı hesabatı şərh edərkən bildirib ki, bu, qeyri-obyektivdir. Komitə sədrinin sözlərinə görə, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycanda dini təhsillə bağlı fikirləri həqiqətdən uzaqdır.
M.Qurbanlı Azərbaycanın tolerant ölkə olmasına da diqqət çəkib: "Azərbaycanda bütün dinlərin nümayəndələrinin hüquqlarına riayət edilir. Azərbaycanın tolerantlığı dünya üçün nümunədir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, amma müxtəlif dinlərin nümayəndələri tez-tez görüşüb vacib məsələləri müzakirə edirlər".
Komitə rəhbəri Con Kerrinin hesabatının keçənilki olduğunu da vurğulayıb və deyib ki, belə hesabatlara etibar etmək olmaz: "Bu cür hesabatlar adətən, qəzet, jurnal məlumatları əsasında hazırlanır. Bu məlumatlar tamamilə yanlışdır. Bu cür məruzələr diqqətlə yoxlanılmalıdır. Dünya artıq belə hesabatlara öyrəşib. Azərbaycan, Çin, Rusiya Xarici İşlər nazirlikləri ABŞ-da dini icmaların hüquqları ilə bağlı tədqiqat apara bilərlər. Biz də ABŞ qəzet və jurnallarından dini problemlərlə bağlı asanlıqla məlumatlar əldə edə bilərik. Bütövlükdə Qərb ölkələrində onlarla dini cərəyana qadağalarla bağlı nümunələr göstərmək olar. Həmin icmalara öz fəaliyyətlərini azad həyata keçirmək üçün imkanlar verilmir".
Məscidlərlə bağlı ABŞ xarici siyasət idarəsinin yazdıqlarına gəlincə, Mübariz Qurbanlı bunun da mötəbər olmayan mənbələrdən əldə edildiyini bildirib: "Azərbaycanda Sovet vaxtı cəmi 17 məscid var idi. İndi isə məscidlərin sayı 2 minə yaxındır. Son bir neçə ildə 200-dən çox məscid təmir edilib və ya tikilib. Əgər hakimiyyət dini icmalara mane olsaydı, onda bu qədər məscid olmazdı. Azərbaycanda Sovet vaxtı cəmi 17 məscid var idi. İndi isə məscidlərin sayı 2 minə yaxındır. Son bir neçə ildə 200-dən çox məscid təmir edilib və ya tikilib. Əgər hakimiyyət dini icmalara mane olsaydı, onda bu qədər məscid olmazdı".