Obyektlər niyə sığortalanmır? - Ekspert İqtisadiyyat

Obyektlər niyə sığortalanmır? - Ekspert

Daşınmaz əmlakın, ticarət obyektlərinin sığortalanması ilə bağlı ciddi problemlər var. Bu tip obyektlərin sahibi ilə işlədənlər fərqli şəxslər olduğu üçün sənədləşmə ilə bağlı problemlər yaşanır. Yəni obyektlərin sahibi başqa insanlar olur və onlar da icarəyə verirlər.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ticarət obyektlərinin sığortalanması ilə bağlı danışarkən deyib. O bildirib ki, ticarət obyektlərində sığorta olmamasının əsas səbəbi icarəyə verənlə icarəyə götürən arasında hüquqi şəkildə icarə müqaviləsinin olmamasıdır:
“Bunun üçün əvvəlcə mülkiyyətlə bağlı problemlərin həll olunması vacibdir. Çünki icarə müqavilələri çox zaman bağlanmır, tərəflər arasında sadəcə şifahi razılaşma olur. Bu da həm vergidən yayınma, həm də qanunvericilik şəklində icarəyə verənlə icarəyə götürən arasında münasibətlərin tənzimlənməsində problemlər yaşadır. Əgər müqavilə mədəniyyəti formalaşsa, icarəyə verənlə icarəyə götürən arasında müqavilə öhdəlikləri yazılsa, o zaman obyektlərin də sığortalanması məcburiyyəti qeyd oluna bilər. Fərq etməz, ya icarəyə götürənin, ya da icarəyə verənin qarşılıqlı razılığı əsasında ikisindən biri həmin obyektin sığortalanması ilə bağlı öhdəlik götürə bilər. Ona görə də ilkin olaraq müqavilə mədəniyyətinin formalaşması üçün həm ciddi nəzarət, həm də təşviqedici addımlar lazımdır”.
Ekspertin sözlərinə görə, çox zaman ona görə o müqavilələr imzalanmır ki, icarə müqaviləsinə görə 14 faizlik vergi müəyyənləşdirilib və bu vergi həddindən artıq yüksəkdir:
“Buna görə də çox zaman müqaviləsiz çalışmağa üstünlük verirlər. Ola bilər ki, bu vergi dərəcəsinin dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilməlidir və bu təkliflər qəbul edilməlidir. İlkin mərhələdə bunu 2 dəfə azaltmaq lazımdır ki, ən azından icarəyə verənlə icarəyə götürən arasında məsələlərin hüquqi müstəvidə müqavilə şərtləri çərçivəsində həll olunmasına şərait, imkan yaransın. Bu zaman sığorta məsələsi də öz həllini tapa bilər.
Daha bir ciddi məsələ bu tipli obyektlərdə satılan malların mənşəyi ilə bağlıdır – topdan alınan malların qaimələri olmur, qanuni əməliyyatlar aparılmır, banklar vasitəsi ilə köçürmələr olmur. Nəticədə mal qalığını çıxartmaq, dəymiş ziyanı hesablamaq müşkülə çevrilir”.