Ölkədə qazlaşma səviyyəsi 96,2 faiz təşkil edir İqtisadiyyat

Ölkədə qazlaşma səviyyəsi 96,2 faiz təşkil edir

Ölkədə qazlaşma səviyyəsi 96,2 faiz təşkil edir.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın regionlarında 2020-ci il üzrə qazlaşdırılması nəzərdə tutulan 43 yaşayış məntəqəsi və 43 yaşayış massivindən 42 yaşayış məntəqəsində 5200-ə yaxın fərdi yaşayış evi, 43 yaşayış massivində 8500-ə yaxın fərdi yaşayış evi təbii qazla təmin edilib. Bir yaşayış məntəqəsində isə qazlaşdırma işləri davam etməkdədir.

Bu günə qədər görülən işlər barədə məlumat verən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, artıq ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96,2% təşkil edir. “2009-cu ildə ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 62,2% olub. Amma indi 96 %-dən çoxdur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində 2009-2020-ci illərdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin müxtəlif bölgələrində 1668 yaşayış məntəqəsi qazlaşdırılıb. Cari ildə həyata keçirilmiş qazlaşma layihələrini nəzərə almaqla 2020-ci ilin sonuna ölkədə 2449 qazlaşdırılmış yaşayış məntəqəsi olacaq”.