Azərbaycanın qələbəsi ermənilərin “status arzusu”na da son qoydu - Deputat Siyasət

Azərbaycanın qələbəsi ermənilərin “status arzusu”na da son qoydu - Deputat

Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etdi. Azərbaycanın qələbəsi eyni zamanda ermənilərin “status arzusu”na da son qoydu.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Qarabağa hər hansı bir status vermək məsələsi artıq müzakirə mövzusu deyil.

“Azərbaycan torpaqlarını öz gücü hesabına azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. ATƏT-in Minsk qrupunun 30 ilə yaxın müddət ərzində apardığı danışıqlar heç bir səmərə vermədi və münaqişənin uzadılmasından başqa heç nəyə xidmət etmədi. Azərbaycan hər zaman bəyan edirdi ki, heç zaman torpaqlarının işğalı ilə barışmayacaq və istər sülh, istərsə də hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək. Artıq münaqişə tarixdə qalıb və Azərbaycan öz gücü hesabına münaqişəyə son qoyub. Əlbəttə münaqişə tarixə qovuşduğu kimi status məsələsi də tarixə qovuşub”, - deyə A.Həsənova bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan döyüş meydanında əldə etdityi qələbəni diplomatik müstəvidə də davam etdirməkdədir.

“Postmünaqişə dövründə imzalanan bütün sənədlər Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. İstər Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən, istər Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli sənədlərdə Azərbaycanın mövqeyi əks tam olunur. Xüsusilə qeyd etmək lazımdır ki, bu sənədlərin heç birində status məsələsi və ya ona işarə edən hər hansı bir müddəa əksini tapmayıb. Bu o deməkdir ki, status məsələsi gündəmdə deyil və heç zamanda olmayacaq”, - deyə deputat əlavə edib.

Deputat əlavə edib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarında əl çəkməli və regionda sülhün bərqərar olması üçün əməkdaşlıq etməlidir.

“Bunun əksi Ermənistana heç bir fayda gətirməyəcək. Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası olacaq. Bunun üçün siyasi, tarixi, hüquqi və digər əsaslar var. Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da olmalıdır”, - deyə A.Həsənova əlavə edib.