“Siyasi partiyalar haqqında” qanun dəyişir? Siyasət

“Siyasi partiyalar haqqında” qanun dəyişir?

Dünən Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli məlumat verib.
Tahir Kərimli bugünkü iclasda "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməsinin təklif olunduğunu bildirib.
Yeni dəyişikliyə əsasən bütün səlahiyyəti müddətində Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqan-larının, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər.
Deputat deyib ki, dəyişiklik texniki xarakterlidir.
"Milli Təhlükəsizlik Nazirliyi ləğv edildiyindən həmin qurumun adı maddədən çıxarılıb, əvəzində isə Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin adı əlavə edilib".
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.