“Hər iki ölkə fərqli maraqlardan çıxış edir” Siyasət

“Hər iki ölkə fərqli maraqlardan çıxış edir”

Arzu Nağıyev: "Türkiyə aqrar ölkə kimi bəzi Avropa ölkələrini bazardan vurub çıxara bilər"

"Avropada ən böyük diaspora təşkilatları olan türk diasporu məhz Almaniyada yerləşir. Referendum öncəsi Ərdoğanın Avropada keçirmək istədiyi görüşlərin qarşısının alınmasında da Almaniyanın mühüm rolu olub. Türk mənşəli Almaniya deputatlarından istifadə edərək qondarma soyqırımın qəbul olunmasında da problemlər yaranıb". Bunu politoloq Arzu Nağıyev son günlər iki ölkə arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə son vaxtlar məhz Türkiyədə yerləşən hərbi bazaların çıxarılması məsələsi də gündəmdədir: "Düşünürəm ki, problemlərin hamısı nəyin bahasına olursa-olsun Türkiyənin Avropa İttifaqına üzv olmaması üçün atılmış addımlarla bağlıdır. Hər iki ölkə fərqli maraqlardan çıxış edir. Türkiyə Avropa İttifaqında təmsil olunsa, bu Almaniya üçün böyük problemlərə gətirib çıxara bilər. Türkiyə aqrar ölkə kimi bəzi Avropa ölkələrini bazardan vurub çıxara bilər. Eyni zamanda diasporanın daha da güclənməsinə gətirib çıxara bilər. Ən mühüm məsələlərdən biri də müsəlman amilidir. Məhz bu istiqamətdə kürd və PKK problemi də Almaniyada özünü qabarıq şəkildə büruzə verir. Bunları nəzərə alaraq düşünürəm ki, Almaniya gələcəkdə də Türkiyə ilə fərqli maraqlardan çıxış edəcək".
Qeyd edək ki, iyulun 18-də Türkiyədə həbs olunan aktivist Peter Steudtnerlə bağlı Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Türkiyənin məhkəmə sistemini ədalətsizlikdə suçlayıb. Almaniyanın xarici siyasət idarəsi türk məhkəmə sistemini iqtidarın əli ilə idarə olunduğunu iddia edib.