Qırğızıstanda Qurtuluş Gününə həsr olunmuş mətbuat konfransı Siyasət

Qırğızıstanda Qurtuluş Gününə həsr olunmuş mətbuat konfransı

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş mətbuat konfransı keçirib. Konfransda Qırğızstanda fəaliyyət göstərən əsas kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Mətbuat konfransında Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov çıxış edərək bildirib ki, bu, onun Qırğızstanda il yarımlıq diplomatik fəaliyyəti dövründə ilk mətbuat konfransıdır.
Səfir Qırğız Respublikasında fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələrinə mətbuat konfransı keçirilmədən də Səfirliyin tədbirlərini kifayət qədər işıqlandırdıqları üçün təşəkkürünü bildirib.
Hidayət Orucov Azərbaycanın öz müstəqilliyini 18 oktyabr 1991-ci ildə bərpa etdiyini, lakin, müstəqilliyin ilk illərində ölkədə hakimiyyətin böhrana uğradığını, Ermənistanın işğalçılıq siyasətinin getdikcə gücləndiyini media nümayəndələrinin diqqətinə çatdırıb. Səfir qeyd edib ki, 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmən ilin oktyabr ayının 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilib və beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub: "Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
Hidayət Orucov Heydər Əliyevin türkdilli ölkələrlə qardaşlıq münasibətlərinin yaranması üçün hədsiz işlər gördüyünü, türk dünyasının ən çox sayılıb-seçilən şəxslərindən olduğunu xatırladıb: "Mərkəzi Asiya və Qırğızstanla qarşılılıqlı sıx əməkdaşlığın inkişafı Heydər Əliyevin xarici siyasətinin prioritet hissərindən biri idi. Heydər Əliyev deyirdi ki, "Bizim xalqlarımız qardaşdır və "Manas" dastanı bizim ümumi dildə yazılıb".
Hidayət Orucov bu ilin may ayında səfirliyin təşkilatçılığı iıə Bişkəkdə "Heydər Əliyev - həmişə zamandan irəli" adlı kitabın təqdimat mərasimin keçirildiyini, bu kitabda Heydər Əliyevin 90 illiyi yubileyinə həsr olunmuş eyni adlı Beynəlxalq konfransın və Ümummilli Liderin anım günü ilə bağlı keçirilmiş "Dəyirmi masa"nın materialları toplanıldığnı xatırladıb.
Səfir Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin dərinləşdiyini və bunun hökumətlərarası əməklaşlığın dinamik inkişafına əlavə güc verdiyini bildirib.