Aslan İsmayılov qardaşı oğluna görə Sahil Babayevi şantaj edir Siyasət

Aslan İsmayılov qardaşı oğluna görə Sahil Babayevi şantaj edir

Vəkillik Kollegiyasının üzvlüyündən xaric edilmiş Aslan İsmayılov bir neçə gün öncə sosial şəbəkədəki şəxsi səhifəsində Ağstafa rayonundan olan anadangəlmə qüsurlu doğulan bir uşağa müavinət təyin olunmaması ilə bağlı yazı paylaşıb.
Yazıda deyilir:
"Ağstafa rayonundan bir nəfər mənə təxminən 6 ay əvvəl 22 yaşlı anadan gəlmə xəstə uşağına əlilliyi ilə bağlı müavinət düzəldilməsində köməklik etməyimi xahiş edib. Bu 6 ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərindən tutmuş onlarla vəzifəli şəxslərə yüzlərlə dəfə zəng etmişəm və bu günə qədər heç bir nəticə əldə etməmişəm. İndi savadı olmayan kasıb xəstə uşaq valideylərinin vəziyyətini təsəvvürümə gətirəndə dəhşətə gəlirəm və onlara zülm edənlərin hamısına lənət oxuyuram. Demək yenə rüşvətini verməsən heç bir əlillik sənədi, müavinət almaq mümkün deyil".
Həmin məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mətbuat katibi Fazil Talıbov da açıqlama verib. Açıqlamada deyilir:
"Sosial şəbəkələrdə Ağstafa rayon sakininə əlillik təyin edilməməsi barədə məlumat paylaşılıb.
Bununla bağlı bildiririk ki, ƏƏSMN tərəfindən əlillik dərəcəsinin təyin edilməsi tam elektron qaydada həyata keçirildiyindən bu sahədə nazirliklə vətəndaşlar arasında təmas tam olaraq aradan qaldırılıb. Müvafiq səhiyyə müəssisəsi tərəfindən göndərilən sənəd avtomatik adsızlaşdırılaraq Tibbi-Sosial Ekspert Komissiyasında yoxlanılır və qərar verilir.
Məlumatda haqqında bəhs olunan şəxsin Ağstafa rayonu, Sadıqlı kənd sakini 22 yaşlı Çıraxov Əziz Çingiz oğlu olduğu müəyyən edilib. Ona əlillik dərəcəsinin təyin edilməsi üçün Nazirliyin elektron sisteminə səhiyyə müəssisəsi tərəfindən göndəriş sənədi (Forma-88) sosial şəbəkədə qeyd edildiyi kimi – 6 ay əvvəl yox, dekabrın 5-də göndərilib.
Adsızlaşdırılmış sənəddə (Forma-88) müayinə və müalicələr haqqında məlumat ətraflı qeyd olunmayıb. Xəstənin ambulator və stasionar müayinə və müalicələri yalnız 2018-ci ili əhatə edir. Bununla əlaqədar göndərişin natamam doldurulması, xəstəliyin anadangəlmə olmasına baxmayaraq, müayinə və müalicənin yalnız 2018-ci ili əhatə etməsi səbəbindən və diaqnozun dəqiqləşdirilməsi məqsədilə 7 dekabr 2018-ci il tarixdə imtina qərarı verilib.
Səhiyyə müəssisəsi tərəfindən Forma 88-də qeyd olunan çatışmazlıqlar aradan qaldırılaraq yeni göndəriş elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim olunub. Hazırda yeni göndəriş müvafiq ekspertlər tərəfindən qiymətləndirilməkdədir. Qiymətləndirmənin nəticəsi barədə qısa müddətdə əlavə məlumat veriləcək.
Əlavə olaraq bildiririk ki, Nazirliyin müvafiq şöbələri tərəfindən, həmçinin 142 Çağrı Mərkəzi tərəfindən gün ərzində yüzlərlə vətəndaş müraciəti cavablandırılır. Təkcə ötən il 142 – Çağrı Mərkəzinə 160 mindən çox müraciət daxil olub və cavablandırılıb".
AzNews-in əldə etdiyi məlumata görə, Aslan İsmaylovun guya pozulmuş hüquqlarının müdafiəsinə qalxdığı Çıraxov Əziz Çingiz oğlu onun yaxın qohumudur. Məlum olduğu kimi, əsl adı "Allahverdi" olan Aslan İsmayılovun qardaşlarından bəziləri "Çıraxov" soyadı daşıyır. Çıraxov Çingiz də onun qardaşıdır. Əziz Çıraxovun doğrudan da əlil olub-olmadığı bu günlərdə müəyyən ediləcək. Azərbaycan sosial və hüquqi dövlətdir, əlil şəxslərin hər hansı hüququnun pozulmasından söhbət belə gedə bilməz. Elə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mətbuat katibi Fazil Talıbovun açıqlamasından da göründüyü kimi, Əziz Çıraxovun sənədləri araşdırma üçün təqdim edilərkən ciddi nöqsanlara yol verilib. Lakin diqqət çəkən əsas məqam budur ki, Aslan İsmayılov həmin nöqsanları görməzlikdən gələrək və Əziz Çıraxovun qardaşı oğlu olması faktını gizlədərək özünü "məzlumların hüquqlarının müdafiəçisi" kimi qələmə verir və faktiki olaraq, nazir Sahil Babayevi şantaj edir. Şantaj isə onun köhnə peşəsidir!