“Bu dəfə seçkilərə diqqət daha çoxdur” Siyasət

“Bu dəfə seçkilərə diqqət daha çoxdur”

Zaur Məmmədov: “Bu imzatoplama kampaniyasında iştirak edənlərin sayında da özünü biruzə verir”

“Azərbaycanda parlament seçkilərinə hazırlıq yüksək səviyyədə gedir”. Bunu secki-2020.az saytına açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Cəmiyyətdə parlament seçkilərinə marağın böyük olduğunu bildirən politoloq qeyd edib ki, bu seçkilər öz xüsusiyyətinə görə bundan əvvəlkilərdən fərqlənir: “Bu dəfə seçkilərə diqqət daha çoxdur. Bu, seçki dairələri üzrə imzatoplama kampaniyasında iştirak edənlərin sayında da özünü biruzə verir”.
Z. Məmmədov vurğulayıb ki, ölkəmizdə hazırda sağlam seçki mühiti mövcuddur: “Cəmiyyətdə parlament seçkilərinin sağlam rəqabət mühitində keçəcəyinə inam böyükdür”.
Amerikalı politoloq Piter Teys isə bildirib ki, fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanda demokratik təsisatların daha da möhkəmləndirilməsinə töhfə verəcək.
Azərbaycanda seçki sisteminin çox yaxşı təşkil edildiyini qeyd edən Piter Teys deyib: “Ölkədə mövcud tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələri üçün yaradılan bərabər şərait hər zaman nümunə kimi qiymətləndirilib. Dövlətin bu cür tolerant cəmiyyət üçün formalaşdırdığı demokratik seçki mühiti, institusional hesabatlılıq və təkmil qanunvericilik bazası seçkilərin şəffaf, ədalətli şəraitdə keçməsinə zəmin yaradır. Təcrübə göstərir ki, hər keçirilən yeni seçki demokratik standartların möhkəmləndirilməsinə xidmət edir. Bundan əvvəlki seçkilər seçici fəallığı ilə yadda qalıb. Ümid edirəm ki, fevralın 9-da keçiriləcək seçkilərdə də xalq şəffaf, demokratik mühitin yaratdığı imkanlardan səmərəli istifadə edəcək və bu seçkilər Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzunu daha da möhkəmləndirəcək”.