Arif Hacılıdan Qubad İbadoğluna cavab Siyasət

Arif Hacılıdan Qubad İbadoğluna cavab

"Müsavatda başqanlığına sabiq namizəd vəzifəsi yoxdur"

"Müsavat Partiyasında sıravi üzvlər, Şura, Məclis, Divan üzvləri var. Eyni zamanda müavin, rayon təşkilatının sədri və s. kimi vəzifələr mövcuddur. Ancaq partiyada başqanlığa sabiq namizəd adlanan vəzifə yoxdur".
Moderator.az -ın arqument.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Müsavat başqanı Arif Hacılı keçmiş başqanlığa namizədlərlə görüşməməsi ilə bağlı ona ünvanlanan sorğuya cavab verərkən deyib.
"Bununla belə, guya mənim onlarla və seçkilərin nəticələrindən narazı qalan şəxslərlə görüşməkdən imtina etməyim barədə deyilənlər də həqiqətə uyğun deyil. Qurultaydan sonra Qubad İbadoğlu ilə ümumi təmaslarımız olub. Onu təkbətək görüşə də dəvət etmişəm. Sadəcə, başqa vacib işləri olduğu üçün ona görüş təyin etdiyim iki gün ərzində mənimlə görüşmək imkanının olmadığını bildirib. Tural Abbaslı ilə də görüşüb bəzi məsələləri müzakirə etmişik. Qadın birliyinin keçirdiyi bir tədbirdə iştirak edərək onlara öz mövqeyimi bildirmişəm", - - deyə Arif Hacılı qeyd edib.
Müsavat başqanı istənilən vaxt yenidən görüşüb opponentləri narahat edən problemləri müzakirə etməyə hazır olduğunu söyləyib: "Mən müəyyən anlaşılmazlıqların olduğu Suraxanı təşkilatının bir çox üzvləri ilə də həm təklikdə, həm də qrup halında görüşmüşəm. Təşkilatın sədri bir neçə dəfə qərargaha dəvət olunub. Ümumiyyətlə, mənimlə görüşmək problemsiz məsələdir. Özüm də hər gün qərargahdayam. Ona görə də heç kim mənimlə görüşə bilmədiyini bəhanə etməsin".