M.Ə.Rəsulzadənin yaradıcılığında və ictimai-siyası fəaliyyətində Azərbaycançılıq ideyası Layihə

M.Ə.Rəsulzadənin yaradıcılığında və ictimai-siyası fəaliyyətində Azərbaycançılıq ideyası

1-ci yazı
Araşdırmaçı F.Əhmədovanın fikrincə, XX yüzilliyin birinci rübündə mürəkkəb və rəngarəng ictimai-siyasi həyat yaşamış Azərbaycan cəmiyyətinin görkəmli xadimlərindən olan Məhəmməd Əmin Rəsulzadə çox gənc yaşında siyasi həyata qoşulmuş, ətrafında baş verənlərə, cəmiyyətin nöqsanlarına, Qafqaz müsəlmanlarının taleyinə biganə qalmamışdı . Maarifçilik, xeyriyyəçilik yolu ilə müsəlmanların tərəqqiyə nail olacağına ürəkdən inanmış, publisist yazılarında elmi, hümməti təbliğ etmişdi. 1905-ci ildə "Hümmət" qəzetində 21 yaşlı Rəsulzadə Azərbaycan gəncliyinin siyasi mənsubiyyət mənzərəsinin təsnifatını vermişdi: "...Biz cavanların biri millətpərəst, o biri demokrat, üçüncüsü əqidəpərəst, dördüncüsü cədidpərəst olub da, bu cür dəstə-dəstə olmaqda, hərəmiz özünə məxsus bir yol götürüb, müəyyən bir məslək ilə getməkdən hamımız tək-tək tələf olluq... Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb da müxtəlif yollar ilə getməkdənsə, birləşməli, öz fikir və feillərimizdən bir-birimizi hali etməliyiz. Millətpərəstlik bizə yararsa, hamımız millətpərəst, demokratlıq yararsa, hamımız demokrat və qeyri-bir yarar məslək üzrə olub, müttəhidül-qövl vəl feil iş görək".
Həmin məqaləsini Rəsulzadə 1917-ci il iyulun 5-də "Açıq söz" qəzetində təkrar nəşr etdirmişdi. Əgər Rəsulzadənin etirafına görə, azərbaycanlıların milli, siyasi şüuru 1905-ci ilədək milli məktəb, milli mətbuatdan uzağa getmirdisə, bu dövrdən 1917-ci ilin fevralınadək Azərbaycanın milli siyasi qüvvələri milli mədəniyyətin, dilin azad inkişafı üçün lazımi şəraitin yaradılmasını tələb edirdilərsə, artıq 1917-ci ilin martından Rusiya dövləti hüdudlarında Azərbaycana məhəlli muxtariyyət ideyası aparıcı yer almağa başlamışdı. M.Ə.Rəsulzadənin dəstəklədiyi məhəlli muxtariyyət - Azərbaycan muxtariyyəti ideyasının məhz müsəlman məclislərində (Qafqaz müsəlmanları, sonra isə Rusiya müsəlmanları qurultayı) qızğın fikir ayrılığına, diskussiyaya səbəb olması diqqəti xüsusilə çəkir. Münaqişə Rəsulzadənin ibarəsilə "Bir tərəfdən türkçülər, digər tərəfdən də islamçılarla sosialistlər arasında idi".
Qurultaylardakı çıxışlarının əsasını federasiya ideyası təşkil edən M.Ə.Rəsulzadə çoxsaylı və çoxmillətli dövlətin bir mərkəzdən idarə oluna bilməsini "demokratik respublika" prinsipi baxımından qeyri-mümkün hesab edirdi. 1917-ci ilin aprelindən "Azərbaycan muxtariyyəti" ideyası ictimai status qazanır. Həmin ilin mayında Moskvada keçirilmiş Rusiya müsəlmanları qurultayında Rəsulzadə "Rusiyadakı 30 milyon müsəlmanın 29 milyonu türkdür" deyirdi. İslam aləmində milli diferensiallaşmanın olduğu gerçəkliyində Rusiya türklərinin milli özünüdərkinin geri qalması və milli mənsubiyyəti ilə dini inancını ayırd edə bilməməsi nəinki Rəsulzadəni, bütün tərəqqipərvər millətsevər ziyalıları ağrıdırdı. Rusiya türkləri arasında diferensiallaşma getdiyini və labüdlüyünü nəzərə alaraq "Biz milli-məhəlli muxtariyyət əsasına görə Azərbaycan, Dağıstan, Türküstan və b. kimi ayrı məhəlli muxtariyyətlərə malik olan Türk qövmləri üçün muxtariyyat istiyoruz" deyirdi. Milli-məhəlli muxtariyyət çərçivəsində müsəlman-türk xalqlarının tərəqqisinə çalışan Rəsulzadə Rusiya Federasiyası ilə yanaşı Azərbaycan muxtariyyəti şüarını təqdir və təbliğ edirdi.
"Azərbaycan muxtariyyəti" ideyası Azərbaycan dövlətçiliyi gerçəkləşənədək aktuallığını saxladı, müxtəlif məzmun və səviyyələrdə təqibə məruz qaldı. İdeya daşıyıcı qüvvələrin nüfuz və say artımı digər siyasi qüvvələri qıcıqlandırırdı və onların koalisiya yaratmağına belə səbəb olurdu. Qarşıdurma getdikcə kəskinləşirdi. Məsələyə geniş aydınlıq gətirən M.Rəsulzadə 1917-ci ilin dekabrında yazırdı: "Bu gün Azərbaycan muxtariyyətindən bəhs olunursa, həmən İrəvan, Gəncə və Bakı quberniyaları ilə sair Zaqafqasiya uyezd və mahallarından bəhs olunuyor deməkdir".
"Azərbaycan muxtariyyəti" ideyası hakimiyyətə gələn bolşeviklər tərəfindən süngü ilə qarşılandı. Onların bəyan etdikləri prinsiplər ilk vaxtlar çox cəlbedici görünürdü. M.Ə.Rəsulzadə də bu prinsiplərin reallaşmasını istəyirdi və gözləyirdi: "İnqilabın ilk günləri məclisi-müəssisan intizarı ilə keçiyordu. Məclisi-müəssisan bir an əvvəl toplanacaq, köylülərə torpaq, əmələlərə iş, millətlərə də muxtariyyət təmin edəcəkdi".
Bu fikirlər Fevral inqilabından sonra beyinlərə hakim kəsilmişdisə də, bolşeviklər onların reallaşacağını vəd edirdilər. Lakin Rusiya Müəssislər Məclisi bolşeviklər tərəfindən qovuldu və Cənubi Qafqazdan seçilən üzvlər Zaqafqaziya Seymini təşkil etdilər. Seymdə Azərbaycan fraksiyalarının ümumi rəyasət heyətinin sədri M.Ə.Rəsulzadə, müavinləri isə M.Y.Cəfərov və N.Yusifbəyli idi".
M.Ə.Rəsulzadənin Seymdəki xidməti həm də diplomatik fəaliyyəti ilə əlamətdardır: "O, Osmanlı dövləti ilə münasibətlərin nizamlanmasında fəal rol oynayıb. Bu zaman nə Osmanlı dövlətinin mənafeyinin zərbə almasına, nə də Cənubi Qafqazın mənafeyinin tapdanmasına yol verməmək istiqamətində iş aparmışdı. Qars, Batum, Ərdəhanla bağlı iddiada Türkiyəni Ərzincan barışığının pozulmasında günahlandırmağı təklif edənlərə qarşı çıxan Rəsulzadə eyni zamanda bildirirdi ki, Rusiyadan və Türkiyədən olan təhlükə bizi daha sıx birləşdirməlidir. O, Cənubi Qafqazın müstəqilliyi və birliyi naminə isə Azərbaycanın maraqlarını güzəştə getmək mövqeyini qəbul etmirdi. Əksinə, 1918-ci ilin yazı üçün yaranmış vəziyyətdə Cənubi Qafqazın müstəqilliyinin elan edilməsini Azərbaycanın mənafeyinə məqbul akt kimi real çıxış yolu hesab edirdi: "Zaqafqaziya müstəqil olmalıdır. Bu müstəqillik zərurətə çevrilməlidir". Bu məsələnin reallaşması üçün Seymin digər fraksiyalarının mövqeyinə təsir etmək məqsədilə M.Ə.Rəsulzadə Trabzon danışıqlarına tərəfdar olan menşeviklərdən istifadə etməyi lazım bilirdi.
Batumda Osmanlı dövləti ilə yeni sülh danışıqlarında iştirak edəcək Cənubi Qafqaz nümayəndəliyinin üzvlərindən biri M.Ə.Rəsulzadə olmuşdu. O, M.H.Hacınski ilə birlikdə əsas tərkibdə Azərbaycanı təmsil edirdi. Batum danışıqlarında getdikcə artan gərginlik və ziddiyyətlər Cənubi Qafqaz Federasiyasının parçalanması ilə nəticələndi.
Tiflisdə Cənubi Qafqazla bağlı taleyüklü dəyişikliklər baş verdi. Gürcüstan istiqlaliyyətini bəyan etdikdən sonra Seymin bütün azərbaycanlı üzvlərinin yığıncağı özünü Azərbaycanın Müvəqqəti Milli Şurası elan etdi. M.Ə.Rəsulzadə gizli səsvermə nəticəsində qiyabi olaraq Milli Şuranın sədri seçildi. Azərbaycan Müvəqqəti Milli Şurası Azərbaycanın siyasi müqəddəratını təyin etməyə, Azərbaycanın istiqlalını elan etməyə, Azərbaycan Xalq Cümhuriyyətini bəyan etməyə səlahiyyətli orqan idi. Azərbaycan dövlətçiliyi 1918-ci ilin iyununda Gəncədə məhv olma təhlükəsi altında qalanda M.Ə.Rəsulzadənin çevik, cəsarətli mövqeyi həlledici rol oynadı. Azərbaycan dövlətçiliyini partiyalar fövqünə qoyaraq özünün sədri olduğu dövlət hakimiyyət orqanını - Milli Şuranı buraxmağa, səlahiyyətlərini şərtlərlə hökumətə verməyə razı oldu".
Araşdırmaçının fikrincə, bu addımı "demokratiyanın geri çəkilməsi və mürtəce qüvvələrin uğuru" adlandıran Rəsulzadə Milli Şuranın buraxılmasının səhəri günü İstanbulda keçirilən sülh konfransında iştirak etmək üçün "Azərbaycan Məclisi-Millisi rəisi Rəsulzadə Məmmədəmin bəy Əfəndi təhdi-rəyasətində..." statusunda İstanbula yola düşmüşdü. Faktiki olaraq Milli Şuranın fəaliyyətsiz qaldığı dövr (1918, iyun-noyabr) M.Ə.Rəsulzadənin Azərbaycanda olmadığı müddətdir. Batum konfransında həlledici səs sahibi olmuş 2 azərbaycanlı nümayəndədən biri kimi müəyyən diplomatik təcrübəyə malik M.Ə.Rəsulzadə 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsini, Bakı-Batum neft kəmərinin istismarına, Cənubi Qafqaz dəmiryol xətlərinə dair sazişləri imzalamışdı. Bu baxımdan Azərbaycan hökumətinin 1918-ci il 18 iyun tarixli qərarı, İstanbul beynəlxalq konfransına göndərilən nümayəndə heyətinə M.Ə.Rəsulzadənin sədr təyin edilməsi təbii, əsaslı, məntiqi qəbul edilə bilər.
M.Ə.Rəsulzadənin başçılıq etdiyi 7 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti iyunun 24-də İstanbula gələrək fəaliyyətə başladı. Azərbaycan Xalq Cümhuriyyətinin ilk rəsmi diplomatik nümayəndəliyinə beynəlxalq konfransın bütün iştirakçıları ilə müxtəlif səciyyəli müqavilələr bağlamaq, yalnız Osmanlı dövləti və Dağlılar Respublikası ilə hər cür gizli sazişlər imzalamaq səlahiyyətləri verilmişdi. Nümayəndəliyin fəaliyyəti konkret göstəriş çərçivəsində məhdudlaşmamışdı. Əksinə M.Ə.Rəsulzadə 1918-ci il iyulun 19-da İstanbuldan M.H.Hacınskiyə göndərdiyi məlumatda Azərbaycan dövlətinin xarici siyasət kursunu müəyyənləşdirəcək informasiyalar (xüsusən Bakı nefti ətrafında) verməklə yanaşı, AXC hökumətini ən vacib tədbirlər görməyə istiqamətləndirmişdi. Ordu yaradılması işinin diqqət mərkəzində durduğunu, xüsusi hərbi nazirliyin təsis edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, Şimali Qafqaz hökuməti ilə əlaqələr qurmağı vacib saymışdı.
Rəsulzadə İstiqlal Bəyannaməsinin, bu barədə hökumətlərə göndərilən teleqramın surətlərini, Borçalı və Qarayazı bölgələri ilə bağlı sənədləri, Qafqazın xəritəsini göndərməyi tapşırmış, özü də bir sıra sənəd və materialları məktubla birgə yola salmışdı. Azərbaycanda işləmək üçün müəllimlər axtarmaq, kitab tədarükü, maliyyə və xarici işlər üzrə müşavirlər tapmaq da Rəsulzadənin İstanbul səfərindəki fəaliyyətinə daxil idi. Türkiyədəki Qafqaz azərbaycanlıları, İran azərbaycanlıları ilə görüşləri də siyasi məzmundan xali deyildi.
Azərbaycan dövlətinin qonşularla münasibətdə yaranmış kəskin problemlərinin (sərhədlər məsələsi, əmlak bölüşdürülməsi, pul nişanlarının buraxılması və s.) çözülməsi missiyası xarici aləmlə - dövlətlərlə təmas qurmaq imkanı və səlahiyyətinə malik, başlıcası isə yardımından faydalanmağın mümkün olduğu bir ölkədə olan M.Ə.Rəsulzadənin diplomatik fəaliyyətinin əsas məzmununa çevrildi. Azərbaycan hökumətinin ən böyük qayğılarından biri pul nişanlarının çatışmazlığı idi. 1918-ci il sentyabrın ortalarınadək maliyyə məsələsi barədə M.Ə.Rəsulzadə Azərbaycan hökumətinə göndərdiyi hər məktub-hesabatında məlumat vermişdi. Osmanlı hökuməti ilə maliyyə məsələlərinə dair aparılan danışıqlar 2 müqavilənin bağlanması ilə nəticələnmiş, Azərbaycanın maliyyə missiyasının üzvləri ilə yanaşı, müqavilələri sülh nümayəndə heyətinin sədri kimi M.Ə.Rəsulzadə də imzalamışdı".


Uğur