“Azərbaycanda milli birliyin və həmrəyliyin qorunub saxlanılması məqsədyönlü siyasətin nəticəsidir” Layihə

“Azərbaycanda milli birliyin və həmrəyliyin qorunub saxlanılması məqsədyönlü siyasətin nəticəsidir”

Əvvəli ötən sayımızda

"...Dövlət başçısının diqqət və qayğısı ilə ötən illərdə xaricdəki soydaşlarımızın təşkilatlanması istiqamətində fəal iş aparılıb. Həmvətənlərimizin təşkilatlanması prosesinin daha geniş vüsət almasını, milli-mənəvi, əxlaqi dəyərlərini qorumaqla bu qlobal prosesdən kənarda qalmamasını təmin etmək məqsədi ilə 2003-cü ildə Almaniyanın Maynts şəhərində Dünya azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilib. Forumda Azərbaycan diasporunun problemləri barədə səmərəli fikir mübadiləsi aparılıb, icma və birliklərin fəaliyyətinin əlaqələndirilməsi, Avropa azərbaycanlılarının vahid bir təşkilatda birləşdirilməsi ideyası gündəliyə gətirilib". Bunu millət vəkili Rafael Cəvrayılov öz yazısında qeyd edib. Onun fikrincə, bu ideyanın reallaşdırılmasının zəruriliyini nəzərə alaraq, 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis konfransı keçirilib: "AAK-ın təsis edilməsində başlıca məqsəd Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun vahid təşkilatda birləşdirilməsinə nail olmaqdır. 2004-cü ilin mayında qardaş Türkiyə Respublikasının İskəndərun şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təsis olunması da bu sahədə mühüm addımlardan olub. Türkiyədə fəaliyyət göstərən ayrı- ayrı Azərbaycan dərnəklərini, müxtəlif qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirmək yeni federasiyanın əsas məqsədlərindəndir. 2005-ci ildə isə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyası təsis edilib. 2005-ci ildə Rusiya Federasiyasında "Əcnəbi vətəndaşların hüquqi vəziyyəti haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar soydaşlarımız arasında hüquqi maarifləndirmə işinin aparılması üçün bir sıra təşkilati işlər görülüb, ayrı-ayrı vilayətlərdə müvafiq hökumət strukturları ilə birgə tədbirlər həyata keçirilib. Qazaxıstanda və Qırğızıstanda yaşayan soydaşlarımızın müraciətlərinə əsasən, onların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi və başqa problemlərinin həllinə nail olunub. Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə, əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri geniş müzakirə mövzusu olub". O bildirib ki, Yüksək mütəşəkkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbulu, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğati, istərsə də səmərəli əks-hücumun təşkili baxımından strateji əhəmiyyətə malikdir: "Həmin qurultaydan ötən beş il həm də Azərbaycanın türk dünyasının mədəni və siyasi mərkəzlərindən birinə çevrilməsi ilə də əlamətdar olub. 2007-ci ildə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu, habelə Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı bütün türkdilli xalqların həyatında mühüm hadisə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş bu toplantılarda qəbul olunmuş sənədlər türkdilli xalqların diaspor təşkilatları arasında səmərəli əməkdaşlıq mexanizmlərinin qurulmasının istiqamətlərini müəyyənləşdirib. 2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" diasporumuzun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Xartiya dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmini, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilib. Eyni zamanda, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma erməni soyqırımı iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr əksini tapmışdır. Ümumiyyətlə, son illərdə Dağlıq Qarabağ münaqişəsinə, tarixin müxtəlif mərhələlərində xalqımızın məruz qaldığı terror və soyqırımı aktlarına dair faktlara beynəlxalq aləmin diqqətinin cəlb olunması sahəsində atılan addımlar Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq diasporumuzun hücum taktikasına keçdiyini nümayiş etdirir". Onun sözlərinə görə, 2011-ci ilin iyun ayında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının III qurultayı ölkəmizin diaspor və lobbi quruculuğu sahəsində böyük uğurlar əldə etdiyini bir daha təsdiqləyib: "Son qurultay göstərdi ki, Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırıb, onların müstəqil dövlətimizin xoşbəxt sabahına inamını artırıb. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birlik və vətəndaş sülhünün möhkəm əsaslar üzərində inkişaf etməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin təmin olunmasına, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olub. Qurultayda dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər". Qurultayda bir daha vurğulanıb ki, hazırda qarşımızda duran ən vacib və taleyüklü vəzifələrdən biri dünya azərbaycanlılarının hər hansı bir ölkədə və mühitdə yaşamaq, fəaliyyət göstərmək, özünün milli-mənəvi dəyərlərini qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə və demokratik dövlətə malik xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdir. Eyni zamanda, azərbaycanlı icmalarının fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələri yaxşılaşdırılmalı, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilməli, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən və Azərbaycan diasporuna ictimai münasibətlərin qurulmasında yardım göstərə biləcək alim, siyasətçi və jurnalistlərlə, soydaşlarımızın yaşadıqları ölkələrin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə sıx münasibətlər qurulmalı, onlarla məqsədyönlü iş aparılmalıdır. Tam əminliklə demək olar ki, bu gün Azərbaycanda milli birliyin və həmrəyliyin qorunub saxlanılması və möhkəmləndirilməsi Prezident İlham Əliyevin hər bir vətəndaşın mənafeyini əsas tutmaqla yürütdüyü məqsədyönlü siyasətinin nəticəsidir. İqtisadi, siyasi, hüquqi, mədəni və digər sahələrdə həyata keçirilən siyasət hər bir vətəndaşın dövlətə olan inamını gücləndirir, onlarda dövlətçilik təfəkkürünü, həmrəylik duyğularını gücləndirir. İnanırıq ki, Azərbaycanın iqtisadi imkanları gücləndikcə, respublikamız diaspor və lobbi quruculuğu sahəsində daha geniş imkanlar, habelə bu imkanlardan qaynaqlanan uğurlar əldə edəcək".