
Cavanşir Feyziyev: "Burada heç bir fikir ayrılığı yoxdur"
"Həmrəylik salnaməsinin XXI əsr səhifəsi birlik və həmrəylik mövcudluğunun ilk anından bəşər övladına xas olan və minilliklər ərzində təkamül boyu insan inkişafınının bütün mərhələlərində onu müşaiyət edən ictimai-mənəvi keyfiyyətdir. İbtidaidən aliyə doğru təkamülün prosesinin bütün mərhələlərində instinktiv və ya şüurlu şəkildə cəmiyyətlər birlik və həmrəylik motivasiyasında bulunublar. Əlbəttə müxtəlif cəmiyyətlərdə bu motivasiyanı doğuran səbəblər və əldə olunan həmrəyliyin məramı və ömrü həmin dövrlərin tələblərindən asılı olaraq müxtəlif olub". Bu fikirləri deputat, fəlsəfə doktoru Cavanşir Feyziyev səsələndirib. Onun fikrincə, müasir milli həmrəylik ideologiyamızın kökündə hələ qədim Dədə Qorqud eposunda təsvir olunmuş əcdadlarımızın tarixi təcrübəsindən süzülüb gələn və universallaşmaqda olan yurdbirliyi hissləri dayanır: "Çal qılıncını, Qazan xan, gəldim!" - deyə dar gündə bir-birinin harayına yetişən ulu babalarımızın yurdbirliyi hissləri böyüyüb milli həmrəyliyə çevrilməsəydi, dünyanın ən mürəkkəb geosiyasi məkanlarından birində - Cənubi Qafqaz - Xəzəryanı bölgədə Azərbaycan dövlətini yaratmaq, qorumaq və beynəlxalq birliyin suveren subyektinə çevirmək mümkün olmazdı. Zaman-zaman genetik yaddaşımızdan ayılıb bu günümüzə qovuşan birlik hissləri xalqımızı mübarizəyə qaldırmış və həmrəylik ideallarının yenilməzliyini bir daha sübut edib. Ən yaxın keçmişimizdə hələ Sovet İttifaqının çökdüyü, milli münaqişələrin kəskinləşdiyi, ermənilərin vətən torpaqlarımıza haqsız iddia qaldırdığı, millətimizin təkləndiyi sarsıntılı günlərdə - 1989-cu il dekabrın axırlarında Azərbaycan xalqı dövlətinin tarixi ərazisinin bölünməsinə "yox!" deyərək SSRİ-nin və İranın Naxçıvandan keçən sərhədi boyunca böyük yürüşə başladı. Birlik idealının hakim kəsildiyi xalq Araz çayının hər iki sahilində tikanlı dəmir məftilləri qırıb tökdü, Azərbaycanın Şimalı və Cənubu arasındakı sərhəd dirəklərini yerindən oynatdı. İki totalitar rejimin yaratdığı vahiməyə, iki yüz il davam edən əsarət xofuna sinə gərən azərbaycanlılar həftələrlə sərhəd zolağında toplaşaraq, birlik şüarları səsləndirdilər. Arazı keçərək əl-ələ tutdular, milli həmrəyliyin görkünü yaratdılar. Arazı - yurdumuzu bölən deyil, birləşdirən çay rəmzinə çevirdilər. Azərbaycanlıların milli azadlıq və imperiya rejimlərinə müqavimət hərəkatı bütün dünyada rəğbətlə qarşılandı və elə həmin 1989-cu ildə dünyanın kütləvi informasiya vasitələri məhz bu əzmkarlığına görə o taylı- bu taylı həmvətənlərimizi "dünyanın ən mübariz xalqı kimi" qələmə verdi. Bu hərəkata dəstək olaraq İstanbulda konfrans keçirildi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması ideyası aktuallaşdı. Bu möhtəşəm milli birlik aktını tarixiləşdirmək missiyasını isə böyük siyasətçi Heydər Əliyev həyata keçirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev 1991-ci ilin 16 dekabrında 31 Dekabrı - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev "Kitabi-Dədə Qorqud"dan başlayaraq klassik fikir abidələrimizdə xalqımızın ali mənəvi keyfiyyəti kimi bəslənilib yetişdirilən milli birliyin bu yenilməz təməli üzərində həmin birliyin çağdaş ideologiyasını - azərbaycançılıq ideologiyasını irəli sürdü və Milli Həmrəylik Salnaməmizin XXI əsr səhifəsini yazdı". O bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü planetimizin ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizi böyük milli idealımız - Azərbaycan və azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyə qadir oldu: "Ulu öndərimizin Azərbaycan xalqı qarşısında böyük tarixi xidmətlərindən biri də bu idi: öz stixiyasında kortəbii şəkildə coşan milli azadlıq hərəkatını qanunauyğun məcrasına salaraq, böyük enerjiyə çevirmək, onu nəticə verən proseslərə, başlıcası - dövlət quruculuğuna yönəltmək. Ona görə də Azərbaycan Respublikasının müstəqilliyinin iyirmi ili həm də məhz həmin dövrdən etibarən, dünya azərbaycanlılarının getdikcə daha yüksək səviyyədə təşkilatlanması tarixi olub. On il ərzində Heydər Əliyevin, 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünya azərbaycanlılarının təşkilatlanması - dövlətimizin yürütdüyü milli siyasətin mühüm tərkib hissəsi olub. Bu müddətdə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış (Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi əsasında), Komitənin fəaliyyəti və diaspor quruculuğu genişləndirilmiş, dünyanın, demək olar ki, bütün mühüm ölkələrində Azərbaycan diasporunun koordinasiyalı beynəlxalq şəbəkəsi və informasiya məkanı yaradılıb, diaspor hərəkatı bir orqanizm şəklinə gətirilib, tariximizdə ilk dəfə olaraq Dünya Azərbaycanlılarının üç qurultayı (2001, 2006, 2011-ci illərdə) və çoxsaylı konfranslar, konqreslər, forumlar keçirilib, strateji istiqamətdə vacib qərarlar qəbul edilib. Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayındakı tarixi nitqində "Müstəqil Azərbaycan dövlətinin əsas ideyasının - azərbaycançılıq" olduğunu təntənəli şəkildə bəyan edib. Daha sonrakı iki qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi nitqlər diaspor hərəkatını gücləndirmək üçün proqram əhəmiyyəti daşıyıb. Görülmüş məqsədyönlü işlərin nəticəsində 31 Dekabr - Dünya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın 70-dən çox ölkəsində təqribən 50 milyon azərbaycanlı və beynəlxalq ictimaiyyət tərəfindən bayram edilməsi artıq bir ənənə halını alıb, ötən qurultaylararası dövrdə diaspor təşkilatlarının sayı 416-ya çatıb". C.Feyziyev əlavə edib ki, Azərbaycan milli siyasətinin bu istiqamətdəki əsas strategiyası - ölkədə və xaricdə yaşayan azərbaycanlıların dünyamiqyaslı həmrəyliyinə nail olmaq, bu həmrəyliyi dövlətimizin daha da qüdrətlənməsinə, onun milli maraqlarının beynəlxalq səviyyədə qorunmasına, həmvətənlərimizin mədəni-siyasi hüquqlarının müdafiəsinə, soydaşlarımızın dünyanın hər yerində öz milli xüsusiyyətlərini nəinki saxlamasına, həm də inkişaf etdirməsinə səfərbər etməkdən ibarətdir: "Beynəlxalq münasibətlər sistemində özünəməxsus inkişaf perspektivləri olan Azərbaycan bu sistemə yeni məzmun və forma verən qloballaşmanın reallıqlarını bütün dərin mahiyyəti və kompleks şərtləri ilə nəzərə alır. Çünki qloballaşma dünyada elə bir vəziyyət yaratmışdır ki, burada beynəlxalq münasibətlər sisteminin hər hansı bir subyekti - suveren dövlət özünün daxili və xarici siyasətində diaspor faktoruna xüsusi əhəmiyyət verməlidir. Müasir dünyanın güclü diasporları beynəlxalq siyasətin müəyyən komponentlərinə və istiqamətlərinə bu və ya digər səviyyədə və məqsədlərlə təsir edə bilir, dövlətlərarası münasibətlərin inkişafında, mədəniyyət, təhsil, elm, texnologiya, idman və turizm layihələrinin həyata keçirilməsində özünəməxsus rol oynayır, lobbiçiliyi inkişaf etdirir, ticarət və maliyyə sövdələşmələrini təşviq edirlər. Beynəlxalq sosial-siyasi sistemi ciddi transformasiyaya uğradan qlobal miqrasiya prosesləri, intellektual və fiziki əmək bazarının qloballaşması, keyfiyyətli "beyin axınının" dünyanın aparıcı mərkəzlərində inteqrallaşması və s. hər hansı milli dövlətin siyasi coğrafiyasına ənənəvi baxışları əhəmiyyətli dərəcədə dəyişir. İlk baxışda elə görünür ki, sanki belə vəziyyətdə milli keyfiyyətlər öz gərəyini itirir. Əslində isə itirmir. Əskinə, daha dolğun məzmun, daha məqsədəuyğun forma alır. Milli mənliyə və düşüncəyə sahib insanlar öz tarixi vətənlərindən nə qədər uzaq düşsələr də, hətta onların yeni nəsilləri başqa ölkələrdə doğulsalar da, öz köklərini unutmur, xalqının dilinə və mədəniyyətinə, dövlətinin yürütdüyü siyasətə sədaqətli olduqlarını əməlləri və münasibətləri ilə təsdiq edirlər. Biz fəxr edə bilərik ki, Azərbaycandan kənarda - başqa ölkələrdə yaşayan və çalışan azərbaycanlıların mütləq əksəriyyəti öz ata yurduna bağlı insanlardır. Azərbaycan Respublikasının suverenlik əldə etməsi, ötən iyirmi ildə böyük inkişaf yolu keçməsi, müstəqil siyasət yeritməsi, qlobal siyasi, iqtisadi və mədəni inteqrasiyanın mərkəz-dövlətlərindən birinə çevrilməsi və bütün bunların nəticəsi olaraq, dünyanın hər bir yerində yaşayan yurddaşlarımızla vətən arasında doğma münasibətlərin qurulması, onlar üçün burada hər cür əlaqələri inkişaf etdirməyə şəraitin yaradılması, vətən naminə beynəlxalq miqyasda çalışmalarına dövlətimiz tərəfindən güclü stimul verilməsi, əlbəttə ki, respublikamızda və ya başqa bir ölkədə məskunlaşmasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi və milli qürur hissi yaradır. Azərbaycan naminə həmvətənlərimizin birləşib güclənmə zərurəti həm də müstəqil dövlətimizin qarşılaşdığı ən böyük problemdən - ermənilərin torpaqlarımızın bir hissəsini işğal etməsi, onu heç vəchlə qaytarmaq istəməməsi və bununla da beynəlxalq hüququn müvafiq normalarını cinayətkarcasına pozması faktından qaynaqlanır. Məhz bu məsələdə dünya azərbaycanlılarının maraqları mütləq şəkildə birləşir və burada heç bir fikir ayrılığı yoxdur. Həmin maraqların təmin olunmasına yönəlmiş təşəbbüslərin vahid bir məqsəd ətrafında səfərbər edilməsi bu gün dünya azərbaycanlılarının fəaliyyətinin məğzini təşkil edir. Heç şübhəsiz ki, bu təşəbbüslərin əlaqələndirilməsi daha yetkin və kəsərli formada aparılmalıdır"...
Ardı var...