Güneyli alimin edam olunacağı qətiləşib Güney Azərbaycan

Güneyli alimin edam olunacağı qətiləşib

İran Məhkəmə Sisteminin sözçüsü Əhmədrza Cəlalinin edam olunacağını deyib.

İran Məhkəmə Sisteminin sözçüsü Zəbihullah Xudaiyan İsveç-İran vətəndaşı olan güney azərbaycanlı alim Əhmədrza Cəlalinin edam hökmünün qətiləşdiyini deyib.

Mayın 10-da mediaya açıqlama verən Xudaiyan edam hökmünün icra olunması üçün hazırlıq görüldüyünü bildirib.

O, İsveçdə mühakimə olunan və barəsində ömürlük həbs cəzası istənilən İranın keçmiş prokuror köməkçisi Həmid Nuri ilə Əhmədrza Cəlalinin dəyişdirilməsi məsələsinə toxunub.

“Bunlar ayrı-ayrı məsələlərdir və bir-birləri ilə heç bir əlaqəsi yoxdur”-deyə, Zəbihullah Xudaiyan iddia edib.

Bu günə kimi Əhmədrza Cəlali edam hökmünün icra olunması üçüçn bir neçə dəfə təkadamlıq kameraya köçürülüb.

Ancaq beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə təşkilatlarının, habelə İsveç dövlətinin məsələyə müdaxiləsi nəticəsində edam ertələib.

Güneyli alimin edam hökmünün qətiləşdiyi və onun may ayında edam ediləcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra beynəlxalq səviyyədə etiraz bəyanatları səsləndirilib.

Amerikanın Dövlət Departamenti, İsveçin Xarici İşlər Nazirliyi, Beynəlxalq Əfv Təşkilatı və başqa qurumlar İran hökumətini alimin edam hökmünü ləğv etməyə və onu azadlığa buraxmağa çağırıblar.

Əhmədrza Cəlali əslən güney azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub.
Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Azərbaycanlı alimın "cinayət işi" İranda müəyyən məhbuslara qarşı saxta ittihamla quraşdırılan bədnam "dosye"lərdən biridir.

Dosyedə ziddiyyətlərin olduğu ilə bağlı çoxlu faktların üzə çıxdığı bildirilir.

Gunaz.tv