İranda üç azərbaycanlı fəal həbs cəzası çəkəcək Güney Azərbaycan

İranda üç azərbaycanlı fəal həbs cəzası çəkəcək

Panoram.az-ın "Oyannews"a istinadən məlumatına görə, İranın Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 6-cı şöbəsində hakim Məhəmməd İmaninin sədrliyi ilə keçirilən iclasda aşağı instansiya məhəməsinin Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmani (Yekanlı) barədə çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, R. Rəzəvi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən 2013-cü il dekabrın 4-də səhər saatlarında evində həbs edilib. Ertəsi gün isə evdə axtarış aparılıb, R.Rəzəviyə məxsus kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsə salınması Urmiya gölünün qurumasına etiraz toplantılarına qatılıb çıxışlar etməsi və ötən il Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin "Traktorsazi" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Cəzirə" futbol komandaları arasında keçirilən görüşdə "Güney Azərbaycan İran deyil!" şüarı yazılmış banner qaldırması ilə əlaqələndirilir. O, Təbrizin "Səhənd" stadionunda "Traktor" futbol komandasına dəstək verərkən separatçı şüarlar səsləndirməkdə, hakimiyyətin əleyhinə təbliğat aparmaqda, ölkənin milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərməkdə, pantürkist qruplara qoşulmaqda və s. günahlandırılıb.
H. Əliməhəmmədi və T.Kirmani isə ETTELAAT əməkdaşları tərəfindən 2013-cü il noyabrın 4-də həbs ediliblər. Hər iki azərbaycanlı fəalın evində axtarış aparılıb, onlara məxsus əşyalar götürülüb. Onlar Təbrizin "Səhənd" stadionunda "Traktor" futbol komandasına dəstək verərkən separatçı şüarlar səsləndirməkdə, İran bayrağını yandırmaqda, hakimiyyətin əleyhinə təbliğat aparmaqda, hökumət əmlakını dağıtmaqda və dini müqəddəsləri təhqir etməkdə günahlandırılırlar.
Həbsdə saxlandıqları müddətdə azərbaycanlı fəallar psixi və fiziki işgəncələrə məruz qalıb.
Hər üç azərbaycanlı fəal təxminən 6 aylıq həbs həyatından sonra bu il aprelin 15-də ailələrinin qoyduğu mülk girovu qarşılığında Təbriz Mərkəzi Həbsxanasından azad ediliblər. R.Rəzəvi 300, H.Əliməhəmmədi 200 və T.Kermani də 300 milyon tümənlə azadlıqlarına qovuşublar.
Bu ilin iyulunda Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsində keçirilən iclasda azərbaycanlı fəallara ümumilikdə 7 il həbs cəzası verilib. Belə ki, R.Rəzəvi hakimiyyətin əleyhinə təbliğat aparmaqda günahlandırılaraq 1 il azadlıqdan məhrum edilib, qalan ittihamlardan isə bəraət alıb. H.Əliməhəmmədi və T.Kermani isə hakimiyyətin əleyhinə təbliğat aparmaq və ali dini rəhbəri təhqir etməkdə təqsirləndirilərək hər birinə 3 il həbs cəzası kəsilib.