İrəvanda Rusiyaya qarşı etiraz aksiyası keçirilib Dünya

İrəvanda Rusiyaya qarşı etiraz aksiyası keçirilib

Ermənistan paytaxtında bir qrup ictimai fəal Rusiyada həbsdə saxlanan ukraynalı pilot Nadejda Savçenkonun azadlığa buraxılması tələbi ilə Rusiya səfirliyi qarşısında martın 8-də etiraz aksiyasını keçirib.
Nümayişçilər əllərində Ukrayna bayrağı və Rusiyada iki jurnalistin ölümündə ittiham olunan Nadejda Savçenkonun şəkillərini tutaraq şüarlar səsləndiriblər.
Aksiyada iştirak edən kinorejissor Tiqran Xzmalyan 8 Martın qadın hüquqlarının müdafiəsi günü "şüurlu" həmvətənlərini "günahsız ittiham olunan" ukraynalı qadın pilotun hüquqlarının müdafiəsi uğrunda mübarizəyə çağırıb.
"Bu gün dünyanın gözü qabağında cəsarətli qadın, vətəninin azadlığı uğrunda döyüşən ukraynalı zabit qadın Nadya Savçenko biabırçı şəraitdə cəfəng ittihamla mühakimə olunur. Hesab edirəm ki, istənilən ölkədə milli azadlıq mübarizəsi iştirakçıları həmrəyliyin vacibliyini anlamalıdır. Odur ki, bütün şüurlu insanları öz həmrəyliyini bildirərək, beləcə Nadyanı təbrik etməyə çağırıram", – Tiqran Xzmalyan deyib.
Rusiya səfirliyi tərəfindən aksiyaya reaksiya verilməyib.
Rusiya müstəntiqləri ukraynalı təyyarəçini 2014-cü ildə Ukraynanın Luhansk vilayətində iki Rusiya jurnalistinin ölümünə bilavasitə əlaqəsi olmaqda ittiham edirlər. İstintaq israr edir ki, rusiyalı jurnalistlərin ölümünə səbəb olan artilleriya atəşinin yönəldicisi Savçenko olub.
Nadejda Savçenkonun vəkilləri hərbçi qadının hələ rusiyalı jurnalistlər həlak olmamış əsir düşdüyünü təkid edirlər. Bundan başqa, Savçenko güclə Rusiya ərazısınə aparıldığını bəyan edir.