Ukrayna ordusu ruslara ağır zərbələr endirib Dünya

Ukrayna ordusu ruslara ağır zərbələr endirib

İlovaysk, Luqansk və Donetsk şəhərləri ətrafında ordu ilə separatçılar arasında şiddətli döyüşlər gedir

Cavid

Son sutka ərzində Donetsk ərazisində gedən döyüşlərdə 34 dinc sakin ölüb, 29 nəfər isə yaralanıb. Bu haqda Donetsk Dövlət Administrasiyasının rəsmi saytında açıqlama yerləşdirilib.
Ukraynanın şərqində gedən döyüşlər başlayandan ümumilikdə 1748 nəfərin yaralandığı, 951 nəfərin öldüyü qeyd olunur.
Dünən isə Donetskdən 35 kilometlik aralıqda Ukraynanın hökumət qoşunları İlovaysk şəhərini tutublar. Separatçıların tank və artilleriyanın köməyi ilə əks-hücumları zamanı Milli qvardiyanın 9 hərbi qulluqçusu ölüb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının açıqlamasına görə, son 24 saat ərzində separatçılara qarşı gedən döyüşlərdə 9 hərbçi ölüb, 22 yaralı var.
Döyüşlər həmçinin Makeyevka şəhərində gedir. Orada artilleriya mərmisinin düşməsi nəticəsində kimyəvi zavod yanıb.
Donetskin özündə vəziyyət gərgin olaraq qalır, atış eşidilir. Bu haqda meriya bildirib. Meriya başqa yerə getmək istəyən əhali üçün elanlar yerləşdirib.
Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru D.Tımçuk "facebook" səhifəsində yazıb ki, Ukraynanın İlovaysk, Luqansk və Donetsk şəhərləri ətrafında ordu ilə separatçılar arasında şiddətli döyüşlər gedir.
Hərbi ekspert Saur-Moqili rayonu ətrafında da vəziyyətin gərgin olaraq qaldığını bildirib.
"Antiterror gücləri Luqansk kəndi, İlliriya, Malonikolayevka və Zemlyanki qəsəbələri ətrafında müdafiə mövqelərini gücləndirir. Novosvetlovka və Xryaşevatoe ilə "Luqansk Xalq Respublikası"nın nəzarəti altında olan əraziləri birləşdirən M-04 yolu da antiterror güclərinin nəzarəti altındadır", - Tımçuk "facebook" səhifəsində yazıb.
D.Tımçuk bildirib ki, Ukrayna ordusu ölkənin şərqində uğurlu antiterror əməliyyatlarını davam etdirir.
D.Tımçuk separatçıların 2 "Qrad", 3 tank və 2 BMD-nin məhv edildiyini bildirib.
"Döyüşlərdə separatçıların xeyli canlı qüvvəsi məhv edilib. Aviasiya zərbələri nəticəsində isə 2 "Qrad", 3 tank və 2 BMD sıradan çıxarılıb. Bu texnika separatçılara Rusiya tərəfindən verilmişdi".
Hərbi ekspert antiterror güclərinin Rusiya ərazisindən minaatanlar və artilleriyanın atəşinə məruz qaldığını bildirib.
Ukraynanın könüllü Donbas batalyonu və ordu qüvvələri İlovaysk şəhərinin üçdə ikisinə nəzarət edir.
"Korrespondent"xəbər verir ki, bu barədə batalyonun rəsmi Feysbuk səhifəsində məlumat verilib.
"Şəhərin üçdə ikisi bizim əlimizdədir. "Azov" və "Dnepr" batalyonları şəhərdən çıxarılsalar da, separatçıların şimal tərəfdən əks-hhcumlarının qarşısı alınır. İki saatlıq döyüş zamanı separatçıların iki tankı məhv edilib, ikisi təslim olub, ikisi də geri çəkilib", - məlumatda bildirilib.
Eyni zamanda qeyd olunub ki, İlovaysk ətrafında "Donbas" döyüşçüləri 22 separatçını məhv ediblər. Onlardan ikisi çeçen, ikisi isə serb əsilli Slovakiya vətəndaşı olub.
Hər iki tərəf bildirib ki, onlar 16 min əhalisi olan mühüm dəmir yolu keçidi yerləşən İlovaysk şəhərini ələ keçiriblər.
Ukrayna mənbələri bildirirlər ki, şəhər hökümət ordusunun nəzarətindədir. Lakin separatçılar buna cavab olaraq Ukrayna ordusunun şəhərə hücumunun qarşısını alıblar.
Ukraynada davam edən gərgin qarşıdurmalar fonunda digər separatçı qurum - Dnestryanı bölgənin rəhbərliyi ehtiyatda olan şəxslərin təcili hərbi çağırışına qərar verib.
Bu barədə Moldova mediası məlumat yayıb. Xəbərdə deyilir ki, qondarma qurumun prezidenti Yevgeni Şevçuk gözlənilmədən müvafiq qurumlarda çalışan və hazırda ehtiyatda olan şəxslərin hərbi çağırışa gəlmələri barədə təcili göstəriş verib. Həmin şəxslər bir ay ərzində qapalı hərbi rejimdə müyyən təlimlər keçəcəklər. Onlara "sülhməramlı qüvvələr" daxilində istənilən şərti tapşırığı yerinə yetirmək göstərişi veriləcək.
Xatırladaq ki, avqustun 20-də Rusiya "nüvə müharibəsi ssenarisi" çərçivəsində geniş hərbi təlimlərə başlayıb. Ekspertlər qondarma qurumun tələsik qərarının arxasında həm də bu amilin dayandığını proqnozlaşdırırlar.
Bu arada Ukrayna müdafiə naziri Valeriy Qeletey ABŞ müdafiə naziri Çak Xeyqellə telefonla danışıb. V.Qeletey amerikalı həmkarına Ukraynanın cənub-şərqində rusiyameyilli separatçılar tərəfindən zorakılıq hallarının artmasına diqqəti yönəldib.
Qeletey Pentaqon rəsmisinin diqqətinə çatdırıb ki, Rusiya məhdudiyyət qoymadan Ukraynanın bu bölgəsindəki separatçıları hərbi texnika, silah və sursat təmin edir.
Pentaqon rəhbəri isə öz növbəsində deyib ki, o Ukraynada baş verənlərlə bağlı rusiyalı həmkarı Serqey Şoyqu ilə danışıb.
O, Serqey Şoyqunun diqqətinə çatdırıb ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ilə sərhəddə cəmləşməsi bölgədə gərginlik yaradır və aparılan bütün proseslərdə rəsmi Kiyev iştirak etməlidir.
Nazirlər Ukraynaya hərbi yardımın istiqamətlərini də müzakirə ediblər.
"Rusiyanın Ukraynanı işğalı etmək niyyəti Putinin məğlubiyyəti ilə yekunlaşacaq". Bunu isə ABŞ-ın keçmiş dövlət katibi Stroub Telbot deyib.
O bildirib ki, artıq Rusiya Ukraynaya hərbi müdaxiləsini gizlətmir. Vəziyyətin belə davam etməsi Rusiya prezidenti Vladimir Putinin məğlubiyyəti olacaq: "Biz danışıqlarda terminlər haqda düşünməyi dayandırmalıyıq. Rusiya artıq Ukraynaya soxulub. Onlar bunu gizli şəkildə həyata keçirdilər. Amma indi bu gizli deyil. Putin və rusiyalılar ümumilikdə məğlub olacaqlar".
Xatırladaq ki, ABŞ və Avropa İttifaqı Ukraynaya görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.