NATO buna görə Türkiyəyə dəstəkdən imtina etdi - Saunders Dünya

NATO buna görə Türkiyəyə dəstəkdən imtina etdi - Saunders

Rusiya və Suriya liderləri, komandirləri arasındakı ünsiyyətin detallarını bilmədən Dəməşqin türk qüvvələrinə hücumlarını Moskva ilə koordinasiya edib-etmədiyini bilmək mümkün deyil.
Bu sözləri Axar.az-a açıqlamasında ABŞ Milli Maraqları Mərkəzinin xarici siyasət üzrə mütəxəssisi Paul Saunders İdlibdəki gərginliyi şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Suriyanın Rusiya ilə məsləhətləşmədən hücumlar həyata keçirməsi mümkündür:
“Bu vəziyyətdə Dəməşq Türkiyə ilə münaqişəni bilərəkdən artıraraq, rəsmi Moskvanın onun mövqeyini dəstəkləməyə məcbur olacağını güman edə bilərdi. Rusiya isə hazırda düşdüyü vəziyyətdən heç də razı deyil”.
Sanders NATO-nun Suriyada Türkiyəyə yardım etmək ehtimalından da danışıb:
“NATO-nun türk qüvvələrini dəstəkləmək üçün məsələyə hərbi müdaxilə etməsi çətin görünür. Birincisi, ona görə ki, bu, birbaşa NATO-Rusiya qarşıdurması riskini meydana gətirər. İkincisi, Türkiyənin Suriyaya müdaxilə qərarı alyans daxilində o qədər də geniş dəstək almır”.
Qeyd edək ki, ABŞ Türkiyəyə İdlibdə hava dəstəyi verməyəcəyini açıqlayıb.