İranla razılaşma əldə olunub Dünya

İranla razılaşma əldə olunub

Tehran bir addım geri çəkildi

Cavid

Tehranın nüvə proqramı ilə bağlı "altılıq" ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) apardığı danışıqlarda əsas bəndlər üzrə razılıq əldə edilib. Bu barədə görüş iştirakçısı olan ölkələrin nümyəndələri bildiriblər.
Almaniya Xarici İşlər Nazirliyi özünün twitter səhifəsində razılaşma əldə olunacağını anons edib.
ABŞ dövlət katibi Con Kerri isə bildirib: "İranın nüvə proqramının əsas problemlərinin nizama salınması üçün paramentrlər var. Yaxın vaxtlarda saziş əldə etmək üçün iş yenilənəcək".
İran prezidenti Həsən Ruhani isə twitter hesabında yazıb ki, Lozannadakı danışıqlarda gələcək nüvə razılaşmasının əsas parametrləri müəyyən edilib.
Müzakirələrdə iştirak edən İranın xarci işlər naziri Məhəmməd Cavad Zərif də öz twitter hesabında danışıqlarda razılığın əldə olunduğunu bəyan edib.
Nüvə danışıqlarında iştirak edən mənbənin bildirdiyinə görə razılaşmada İranda istehsal edilən uranın çox hissəsinin xaricə çıxardılması barədə razılıq əldə edilib.
Qeyd edək ki, beynəlxalq vasitəçilərdən ibarət "altılıq" və İran ona məxsus uranın zənginləşdirilməsi üzrə istehsalat gücünün 2/3 hissəsinin 10 il ərzində dayandırılması haqqında razılıq əldə olunub. Bundan əlavə İran uranın zənginləşdirilməsi üzrə bütün proqramlarını 25 il müddətinə beynəlxalq nəzarətə verilməsi haqqında üzərinə öhdəlik götürüb. Bunun müqabilində Avropa Birliyi İrana qarşı sanksiyaları dayandıracaq.
ABŞ prezidenti Barak Obama isə deyib ki, bu gün nüvə müzakirələrində İranla 5+1 ölkələri arasındakı razılaşma bir vaxtlar ABŞ-la SSRİ arasında əldə edilən razılaşmaya bənzədi".
Ağ Evin sahibinin sözlərinə görə, ABŞ-la SSRİ arasındakı razılaşma ideal deyildi və təhlükələri aradan qaldırmırdı, ancaq buna baxmayaraq sonda dünyanı sülhə doğru apardı: "İranla razılaşma da belə olacaq. Ümumilikdə isə rəsmi Tehranla əldə edilən razılaşma tarixi bir hadisədir".
O, nüvə danışıqları ilə bağlı İranla əldə olunmuş razılığı "tarixi hadisə" adıandırıb.
ABŞ prezidenti deyib: "Bu sazişlə İran dünyada hər başqa ölkədən daha çox təftişə məruz qalacaq. Bu uzunmüddətli razılaşma olacaq və İranın potensial olaraq nüvə silahı hazırlamasının bütün çığırlarını kəsəcək. İranın nüvə proqramı üzərinə yaxın onillik üçün sərt limit qoyulacaq. Qurğuların tikilməsi və materialların anbarlanması üzərinə əlavə olaraq 15 illik məhdudiyyət qoyulur. Misli görünməmiş şəffaflıq tədbirləri 20 il və daha uzun müddətdə tətbiq olunacaq. Əlbəttə, bunlardan bəziləri daimi olacaq. Və Nüvə Silahının Yaılmamasına dair Müqavilənin üzvü kimi İrana nüvə silahı hazırlanması üçün heç vaxt icazə verilməyəcək".
Obama deyib ki, bunun əvəzində beynəlxalq icma İranın müəyyən sanksiyalardan azad edilməsi barədə razılığa gəlib. ABŞ prezidenti dəqiqləşdirib ki, söhbət Amerikanın və BMT-nin sanksiyalarından gedir.
Onun sözlərinə görə, sanksiyaların qaldırılması mərhələli olacaq.
Dünən yayılan məlumatlar sırasında o da bildirilib ki, artıq Avropa Birliyi Lozannadakı danışıqların nəticəsinə görə Tehrana qarşı sanksiyaları ləğv etmək haqqında qərar qəbul edib.
Bu barədə Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib.
Onun sözlərinə görə Avropa İttifaqı İrana qarşı nüvə məsələsində tətbiq etdiyi bütün maliyyə və iqtisadi sanksiyalara son qoyacaq.
Ali diplomat bildirib ki, ABŞ da nüvə problemi ilə əlaqədar ikinci dərəcəli iqtisadi və maliyyə sanksiyaların tətbiqini dayandıracaq.
İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə ediləməsi Tehran küçələrində şadyanalıqla qarşılanıb. "Washingtonpost" xəbər verir ki, əhali ölkə paytaxtının küçələrində, meydan və prospektlərində bu hadisəni rəqs edərək, alqışlayıb.
Yeri gəlmişkən, İranla "altılıq" ölkələri arasında əldə olunan razılıq fonunda neftin qiyməti kəskin dərəcədə düşüb.
Brent markalı neftin bir barrelinin qiyməti 5,23 faiz ucuzlaşaraq 54,26 ABŞ dolları təşkil edib.
"Qara qızıl"ın bu cür kəskin ucuzlaşması İranla "alıtılıq" ölkələri arasında razılıq əldə olunması barədə yayılan xəbərlərdən sonra baş verib.