Yerlərdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib Hadisə

Yerlərdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib

Avqustun 24-də Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçirilib.
Kursların ilk günü müdavimlərə məlumat verilib ki, maarifləndirmə xarakterli bu treninqlər noyabrda Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq üçün aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının daha da təkmilləşdirilməsi məqsədi daşıyır və 3 gün davam edəcək.
Sonra isə iştirakçılara seçki günü icra olunacaq müxtəlif prosedurlarla bağlı məşğələlər keçirilib. Kursun birinci günündə rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Rəşad Şükürov "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə strukturlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin təşkili", rayon məhkəməsinin hakimi Elxan Babayev "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri", 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov "Seçici siyahıları ilə iş qaydası" mövzusunda məruzə edib. Məşğələdə aşağı seçki komissiyalarının üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, avqustun 24-də 88 saylı Göyçay, 90 saylı Ağdaş, 47 saylı Mingəçevir və 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasında da aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib. Kursların ilk günündə seçici siyahıları ilə iş qaydası, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri, seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə strukturlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin təşkili mövzusunda müzakirələr aparılıb. Məruzə və çıxışlarda parlament seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədi ilə dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradıldığı bildirilib.